Bakının aşıb-daşan zibilləri sakinləri təngə gətirib
Səhərin alatoranında - saat 5 olunca, Fərman Məmmədov işə başlayır və binaların qarşısındakı iri tullantı qablarını zibil maşınına boşaldır. Dediyinə görə, düz 10 ildir bu işi görür və heç vaxt işindən rahatsız olmayıb. Harada işlədiyini, nə iş gördüyünü yaxşı bilsə də, gözü zibil torbasında kartof qabığıyla şüşə qırıqlarının, dəmir konserv qutusuyla çay tullantısının qarışdığına sataşanda, dözə bilmir:
“Adamlar bütün zibilləri bir-birinə qatır, ayırmırlar. Hamı elə fikirləşir ki, evdən nə çıxdısa, bir torbaya qoyub atmaq lazımdır”.
Buna da bax: Cavan, qoca, çirkli, təmiz Sumqayıt
Çox ucqarlar bir yana...
Fərman və onun kimi bu sahədə çalışanlar səhərin gözü açılandan işlərini görüb gedirlər. Ancaq bir neçə saat ötmədən, binaların önündəki, yol qırağındakı zibil yeşikləri yenə aşıb-daşır. Dediyinə görə, şəhərin mərkəzi hissələrində zibil qabları, adətən, boş olur. Bəzi metro stansiyalarının və parkların yan-yörəsində kağız və plastik tullantılar üçün ayrı-ayrı yerləri olan daha müasir konteynerlər də qoyulub. Ancaq bunlara yalnız mərkəzi hissələrdə rast gəlirsən. Çox ucqara yox, elə Yasamal, Nərimanov, Binəqədi rayonları səmtinə üz tutsan sakinlərin gileyini eşidəcəksən. Buralarda zibil yeşikləri, bəzən, günlərlə üfunət saçır:
- Nə qədər, deyilir, nə qədər danışılır, bu şəhərin zibil problemi həll olunmur ki olunmur...
- Bu yaxınlıqda məktəb var. Üfunətdən baş çatlayır. Bir düşünmürlər ki, zibili vaxtında yığıb təmizləmək lazımdır. Bu uşaqlar yazıqdır, onları xəstəlik tutar...
- Zibil qabları dolu, üstləri də açıq. Heyvanlar eşələyib tökür. Külək də çirkli sellofan torbaları sağa-sola səpələyir...
Buna da bax: «Qapımız zibil poliqonuna açılır...»
Bu bir yana, olur ki, paytaxtın düz ortasında - metronun Nizami stansiyasının çevrəsindəki yaşayış yerlərində, yol kənarında dolu, üfunət qoxuyan qablar ürək bulandırır. Bəzilərində zibillər aşıb-daşır, kənara dağılır...
“Hər gün buradan keçirəm. Guya bura mərkəz deyilən yerdir. Adam bilmir, yolu necə keçsin. Bura çatınca, bu qoca vaxtımda burdan qaça-qaça keçirəm”.
70 yaşlı təqaüdçü Əlimərdan Baxışov deyir ki, illərdir bu ərazini elə belə görür.
160 hektar ərazidən 483 min ton zibil daşınıb
Tullantım.az saytının məlumatına görə, Bakının 8 rayonunda – Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ rayonlarında hər birinin sahəsi 200 kvadratmetrdən çox 41 qanunsuz tullantı sahəsi müəyyənləşdirilib. 160 hektara yaxın ərazini əhatə edən bu sahələrdən 483 min ton tullantı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınıb.
Buna da bax: Şabranın küçələrini zibil basıb...
Bakı şəhər İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildirdilər ki, indi şəhərdə müasir tullantı konteynerləri var və o səbəbdən paytaxtın çirkliliyindən danışmağa dəyməz.
Təqaüdçü Əlimərdan Baxışovsa deyir, hərdən ürəyindən yolunun üstündəki zibil qablarını boşaltmaq keçir: “İmkanım olsa, eləyərəm. Gedib Hacıbala Abutalıbova da söyləyəcəyəm. Görüm, nə deyəcək?”.