Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:13

'Bir zeytun ağacı bir adamı dolandıra bilər'


Zeytun yığan
Zeytun yığan

İqliminə görə Abşeronun ən doğma, amma istifadə baxımından əhalisinə bir az yad olan zeytunun indi yığım vaxtıdır. Di gəl, Bakının zeytunluq ərazilərində məhsul toplayanlar hansısa istehsal müəssisəsinin işçiləri deyil, elə şəhər sakinləridir.

Adilə Kərimova, az qala, bir-bir topladığı zeytunları özüylə gətirdiyi vedrəsinə yığır. Deyir, iki saatdan çoxdur burdadır, çox az zeytun toplayıb: «Gərək, heç olmasa, bir vedrə yığasan ki, ondan nəsə hazırlamaq olsun. Vedrənin dolmasına hələ çox var. Gərək bir saat da yığım».

YIĞDIQLARINDAN ŞORABA HAZIRLAYIB SATIRLAR

Qadınların çoxu zeytun ağacına çıxmadıqlarından elə aşağı budaqlardan yığırlar. Ancaq aşağılarda məhsul azdır deyə, Adilə Kərimovanın da vedrəsi gec dolur.

«Gərək, heç olmasa, bir vedrə yığasan ki…»
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Qadınların arasında ağacın başına çıxanlar da var. Elnazın 52 yaşı olsa da, cəld hərəkətlə ağaca dırmaşır. Yuxarılara əl dəyilmədiyindən məhsul da boldur. Elnaz yığdıqlarını belinə bağladığı kisəyə doldurur. Arada aşağıdakı qadınlarla da zarafatlaşır: «Deyirəm, cavan olmaq belədir də. Ağaca çıxıb yığırsan. Gör burda nə qədər zeytun var...».

Elnaz deyir ki, zeytun yığmaq çox zəhmətli işdir. Bütün günü o zeytun bağlarından 10-20 kiloqram zeytun yığa bilir. Yığdıqlarından şoraba hazırlayıb satır:

Şoraba
Şoraba

BANKASI 2-3 MANATA

«Zeytundan şoraba hazırlamaq üçün xüsusi dərman var. Bir sutka həmin dərmanın içində qalır. Ondan sonra çıxardıb suya qoyursan. Suyunu gündə 3-4 dəfə dəyişirsən. Əlavə beş gün də suda qalmalıdır. Təmiz, duru suyu çıxana qədər suyunu dəyişirəm. Ən axırda da duzlu suya qoyuram».

Elnaz ev şəraitində hazırladığı 1 kiloluq zeytun bankalarını 2-3 manata satır.

Bakıda marketlərdə satılan konservləşdirilmiş zeytunun kilosu növünə görə 7 manatdan 14 manat arasında dəyişir. Marketlərdə satılanlar, əsasən, idxal məhsullarıdır və keyfiyyətinə görə bazarlarda ev şəraitində hazırlananlardan yüksəkdir.

VAXTİLƏ SALINMIŞ ZEYTUNLUQLAR 90-CI İLLƏRDƏ MƏHV OLUB GEDİB

Zeytunçuluq ötən əsrin 50-ci illərində Azərbaycanda geniş yayılıbmış. Zığ qəsəbəsində zeytun emalı zavodu da olub. 70-ci illərdə isə Bakı kəndlərində zeytunçuluq sovxozları salınıb. Elə həmin dövrlərdə Bakıda ayır-ayrı ərazilərdə, parklarda da zeytun ağacları əkilib. İndi şəhərin zeytunluqları elə o vaxtdan salınanlardır. 90-cı illərdə isə zeytun sovxozlarının çoxu ya baxımsızlıqdan məhv olub, ya da həmin ərazilərdə evlər tikilib. Vaxtilə şəhərdə salınmış zeytunluqların çoxu elə indi də baxımsızlıqdan məhv olub gedir. Binəqədi rayonundakı «Zeytunluq» adlanan ərazidəki, metronun «Xətai» stansiyası yaxınlığındakı sahə kimi. Bol məhsullu zeytun ağacları çirkab sularının, tullantıların əhatəsindədir.

Qadınların arasında ağacın başına çıxanlar da var.
Qadınların arasında ağacın başına çıxanlar da var.

ZEYTUNU KİMLƏR ALIR?

Şəhərin parklarından zeytun yığan Fəridə Məmmədova deyir ki, əgər adamlardan zeytun alan müəssisələr olsaydı, o, həvəslə bu işə girişərdi: «İşsiz qadınam. 5 nəfərlik ailəm var. Çox yaxşı olardı, mövsümi də olsa, əlimizdən tutardı. Onsuz da bunu yığırıq. Təhvil verib pul qazanardım».

Zeytun yığanlar arasında kişilər də var. Bir kisə zeytunu sürüyə-sürüyə aparan Fərəc də işsizdir. Deyir, yığdıqlarından həyat yoldaşı evdə şoraba hazırlayıb satır. Fərəc də zeytun alan məntəqələrin olmasını arzulayır: «Bu elə qiymətli məhsuldur ki, qaraciyərə, mədəyə, böyrəyə, ödə – hər şeyə xeyri var. Prezident də dedi ki, daha neftdən heç nə gözləməyin. Belə sahələri inkişaf etdirsələr yaxşıdır. Biz də işləyib ailəmizi dolandırardıq».

Afiq Səfərov: «Kilosu 50 qəpikdən alırıq»
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

KİLOSU 50 QƏPİK

Zeytunla bağlı tədarük məntəqələrinə gəldikdə, «Azersun Holding» şirkəti 2013-cü ildən əhalidən zeytun aldığını bildirir. Şirkətin İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentini rəhbəri Afiq Səfərov deyir ki, indiyə qədər əhalidən kiloqramı 50 qəpik zeytun alınıb. Bu il də belə tədarük məntəqələrinin açılması planlaşdırılır:

«Zeytunun keyfiyyətinə görə kiloqramı minimum 50 qəpik olmaqla, qəbul etmişik. Parklarda, müxtəlif boş ərazilərdə ildə 30 minə yaxın zeytun ağaclarının əkilməsini gerçəkləşdiririk. Biz zeytun qəbulunu elan edirik, qəbuldan sonra keyfiyyətinə görə çeşidlənmə aparılır. Çeşidlənməyə görə də emala yönləndirilir. Hər mövsüm bu işə 3 minə yaxın adam cəlb olunur».

A.Səfərov deyir, bir neçə günə yenidən zeytunun tədarükü ilə bağlı məntəqələr yaradacaqlar. Builki qiymət isə hələ müəyyənləşdirilməyib.

Zeytunluq
Zeytunluq

«AZƏRBAYCANDA ZEYTUNA LAYİQ OLDUĞU QİYMƏT VERİLMİR»

Bunu isə Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının professoru Zaur Həsənov deyir. Professor bildirir ki, həm zeytunun özü, həm də yağı insan orqanizminin inkişafına çox faydalıdır, kənd təsərrüfatının ən mühüm sahəsi və yüksəkgəlirli məhsuludur. Ancaq zeytuna olan münasibət ürək ağrıdır:

Zaur Həsənov: «Zeytun çörəkdir»
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

«Təəssüf ki, bu qiymətli məhsula, hələ ki, normal yanaşma yoxdur. Kənd Təsərrüfatı Nazirliyi buna ciddi fikir verməlidir. Bu sahə dövlətə çox gəlirli sayılır. Zeytun çörəkdir. Türkiyədə bir zeytun ağacı olanın həyatı təmin edilmiş sayılır. Çünki zeytun hərtərəfli gəlirlidir. Həm meyvəsi, həm də meyvədən alınan yağı istifadə olunur. Bu sahə inkişaf etdirilməlidir, məntəqələr yaradılsa, camaat aparıb verəcək, pul qazanacaq. Tədarük məntəqələri də aparıb emal zavodlarına verəcək. Bu axı, tarixən Bakıda olub. Yağ emalı zavodu da vardı. İndi hamı bağlanıb. Neftə arxayın olduq, o da tükənir. İndi fabrik-zavodlara, istehsala qayıtmaq lazımdır».

15 MİN HEKTAR ƏRAZİDƏ ZEYTUN SAHƏSİ SALMAQ OLAR

Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunun şöbə müdiri Əsəd Musayevin sözlərinə görə, hazırda Azərbaycanda 2 min hektarlıq zeytun sahəsi var. Amma hələ 15 min hektar ərazidə zeytun sahəsi salmaq olar:

Əsəd Musayev: «15 min hektar ərazidə zeytun sahəsi salmaq olar»
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

«İndi Bakıdan Salyan, Gəncə istiqamətində, Abşeronun bəzi sahələrində sahibkarlar da zeytun ağacları əkməyə başlayıb. Zeytunun yeni sortları bizim vasitəmizlə gətirilir. Türkiyədən, İspaniyadan, İtaliyadan, Suriyadan zeytun növləri gətirmişik. Binədə Əkinçilik İnstitutunun sahəsində artırılır. Bu sahə getdikcə genişləndirilməlidir. Zeytun Abşeronda və zəif şoran torpaqlarda yaxşı məhsul verir. 5 min hektar Abşeronda, 10 min hektar da Bakıdan düz Gəncəyə qədər, Kürdəmir, Ağsu, Yevlax, Goranboy, Gəncəyə qədər salına bilər. Biz də bilirik ki, zeytunun yetişdirməsi çox sürətlə yayılmalıdır».

...Bakı zeytunluqları bu mövsümdə də zeytun yığanların səs-küyü ilə canlanıb. Zeytun yığanlar bu sahənin daha da canlanmasını arzulayır. Amma yığım olmayan yerlərdə bu qiymətli məhsul bir azdan ayaq altında əzilib-gedəcək...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG