Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:58

Alimlər zərərli qazı daşa çevirdilər


İstilik elektrik stansiyası.
İstilik elektrik stansiyası.

-

Alimlər qlobal istiləşməyə səbəb olan zərərli karbon-dioksid qazını zərərsiz bir daşa çevirməyin asan yolunu tapıblar.

İki ildir ki İslandiya qayalıqlarının 540 metr dərinliyində maraqlı bir eksperiment aparılır. Bu eksperimenti müxtəlif ölkələrin mütəxəssislərindən ibarət beynəlxalq heyət həyata keçirir. «CarbFix» adlanan bu eksperiment çərçivəsində karbon-dioksid su ilə qarışdırılır. Sonra yerin altına – bazalt süxurlarına vurulur. Orada kimyəvi proses baş verir. Turşu məhlul bazaltın tərkibindəki kalsium-maqneziumla reaksiyaya girir. Nəticədə təbiətdə təbii halda mövcud olan əhəngdaşı yaranır. Bir sözlə, zərərli qaz zərərsiz daşa çevrilir.

Bu eksperiment 10 milyon dollara başa gəlib. Eksperimentin nəticələri barədə məqalə bu həftə məşhur «Science» jurnalında dərc olunub. Məqalə dünyada böyük rezonansa səbəb olub.

Tədqiqatın müəlliflərindən biri İngiltərənin Sauthempton Universitetindən Juerg Matterdir. Matter deyir ki, yerin altına vurulan 220 tonluq karbon-dioksidin 95 faizi iki il ərzində daşa çevrildi. Matter deyib ki, nəticə bu işdə əməyi keçən bütün alimləri də heyrətə gətirib. O deyir ki, bu, karbon-dioksidi əbədi olaraq təbii qəfəsə almaq deməkdir. «Əhəngdaşına çevrildikdən sonra karbon-dioksid artıq qaz deyil. Faktiki olaraq, bir daşdır», – deyir Matter.

Alimlər bu eksperimenti əvvəllər laboratoriyada sınaqdan keçirmişdilər. Ancaq belə qənaətə gəlmişdilər ki, praktikada bu proses, yəni qazın daşa çevrilməsi minlərlə, bəlkə də hətta yüz minlərlə il aparar.

Kolumbiya Universitetindən geofizik David Goldberg deyir ki, sözügedən təbii proses həqiqətən belə uzun çəkir. Ancaq alimlərin nailiyyəti də bu prosesi sürətləndirə bilmələrindədir.

QAZI TUTMAQLA İŞ BİTMİR, ONU SAXLAMAQ DA LAZIMDIR

Qlobal iqlim dəyişikliyinə qarşı mübarizə aparmağın yollarından biri də havadakı, yaxud zavodlardan atılan karbon-dioksidi tutmaqdır. Lakin bu, çox böyük vəsait tələb edən bir işdir. Üstəlik də, qazı tutmaqla iş bitmir. Bundan sonra onu saxlamaq lazımdır. O, yerin altında saxlanıla bilər. Bəzən onu istifadə olunmuş, boş neft quyularına vururlar. Ancaq onda da onun monitorinqi və quyudan sızmasının qarşısını almaq məsələləri ortaya çıxır. Onu bazalt qatına vurmaqla isə bütün bu məsələlər ortadan qalxmış olur. Qaz təbii yolla daşa çevrilir. Sadəcə olaraq, bu üsul baha başa gəlir – karbon-dioksidin hər tonu üçün 17 dollar. Bu, qazı boş neft quyusuna vurmaqdan bir neçə dəfə bahadır.

Bazalt Cənubi Amerikadan tutmuş Hindistana qədər dünyanın hər yanında var. Okean yataqları isə ümumiyyətlə, bazaltla zəngindir. Okean dibi karbon-dioksidin saxlanılması üçün də ən uyğun yer sayıla bilər.

«CarbFix» çox kiçik həcmli bir eksperiment kimi keçirilib. Orada vur-tut 15 amerikalının il ərzində buraxdığı qədər karbon-dioksid zərərsizləşdirilib. Karneqi İnstitutundan Ken Caldeira deyir ki, əgər az xərclə bu həcmi böyütmək mümkün olsa, bu, bəşəriyyət üçün inanılmaz yaxşı xəbər olar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG