Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:40

-

«Bu görüşdən müsbət bir şey gözləmək sadəlövhlük olardı».

Politoloq Zərdüşt Əlizadə bunu Azərbaycan və Ermənistan dövlət başçılarının Qarabağ münaqişəsi ilə bağlı Sankt-Peterburqda gözlənilən görüşünü AzadlıqRadiosuna şərh edərkən deyib.

Z.Əlizadənin fikrincə, bu görüş əvvəlki danışıqlardan bir elə də fərqlənməyəcək: «Obrazlı desək, burada bir məşqçi var ki, oyunu öz istədiyi kimi qurur, idarə edir. Yəni, Qarabağ münaqişəsini gah qızışdırır, gah dondurur. Bu, Rusiyadır. Həmin məşqçinin dediklərini yerinə yetirən də iki oyunçu var. Biri Ermənistan, digəri Azərbaycandır. Rusiya nüvə silahına malik olduğu və özünü ədəbsiz apardığı üçün heç kəs də ona baş qoşmur. Odur ki, problemi öz maraqlarına uyğun yönəltməyə çalışır».

Z.Əlizadə deyir ki, Qarabağ münaqişəsində format, tələblər, yanaşma bucaqları dəyişə bilər. Amma problemin mahiyyəti dəyişməz: «Ola bilsin, təklif edilsin ki, bir neçə rayon qaytarılsın. Bunun əvəzində sakitliyə riayət edilsin və ya rus qoşunları bölgəyə dəvət edilsin və ya başqa təkliflər verilsin. Yəni burada variantlar çoxdur».

Politoloq deyir ki, «hər ağızdan bir avaz gəlsə də» danışıqlar Azərbaycana müsbət nəsə vəd etmir: «Qarabağ nə Azərbaycana qaytarılacaq, nə də Ermənistana veriləcək. Qarabağ həm Ermənistanı, həm də Azərbaycanı Rusiya itaətində, daimi təzyiq altında saxlamaq üçün Kremlin əlində qarmaq kimi qalacaq».

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü iyunun 20-də Sankt-Peterburqda Rusiya dövlət başçısı V.Putin-in iştirakı ilə gözlənilir. Görüşə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də qatılacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG