Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:40

5 yaşlı Zəhra yerimir, danışmır


Zəhra Poladova
Zəhra Poladova

Zəhranın 5 yaşı tamam olacaq. Yerimir, danışmır... Atası Rafət Poladov səbəbi 3 aylığında olarkən Zəhraya vurulan peyvənddə görür. Daha doğrusu, elə həkimlər də ataya peyvəndin uşağın sağlamlığına əks təsir göstərdiyini bildirirlər. Ancaq bunu sənədlərdə qeyd etmirlər. Ata deyir, indiyə kimi həkimlər uşağa vurulan peyvəndin adını da ona demirlər. Əvəzində isə ailə üzvləri 5 yaşlı qızcığaza baxanda, ürəkləri dağa dönür. Şirin, şəkər Zəhra məktəbə hazırlaşmalı olduğu bir dövründə eləcə evdəkilərə matdım-matdım baxır, baxır... Nə bir hərəkət, nə bir qıcıq, nə də bircə kəlmə...

FƏRQLİ DİAQNOZLAR

Ata danışır: «Peyvənddən sonra Zəhranın halı döndü. Körpəliyindən uşağa gah vərəm, gah beyin iflici, gah da başqa diaqnozlar qoydular. Əvvəl dedilər, vərəmdir. Apardıq vərəm dispanserinə, dedilər, tərtəmizdir. Sonra rayon xəstəxanasının həkimləri dedilər, uşaqda ürək çatışmazlığı var. Apardıq Bakıda ürəyini yoxlatdırdıq, o da çıxmadı. Qaytardıq Cəlilabada, bu dəfə uşağa mikrosefaliya diaqnozu qoyuldu – yəni əqli və nitqi geriləmə. Həmin xəstəliyə qarşı müalicələr aldı, həmin xəstəliklə pensiya kəsildi. Gördük ki, bu müalicələrin uşağın səhhətinə heç bir təsiri yoxdur. Yenə gətirdik Bakıya, yoxladılar, dedilər, diaqnoz səhv qoyulub. Mən də Səhiyyə Nazirliyinə müraciət etdim, nazirliyin tapşırığı ilə həkim komissiyası yaradıldı və bu ilin mayında uşağıma beyin iflici diaqnozu qoyuldu».

Atanın sözlərinə görə, Səhiyyə Nazirliyi müalicəni Cəlilabad rayon Mərkəzi Xəstəxanasına tapşırsa da, xəstəxanadan balaca Zəhranın müalicəsinə məsuliyyətsiz yanaşılır:

«BU QƏDƏR DƏRƏBƏYİLİK OLAR?»

«Xəstəxananın baş həkiminin müavini deyir, «əvvəldən hara şikayət etmisən, get, orda da uşağı müalicə etsinlər». Başa düşmürəm, məgər şikayət etdiyim nazirlik bu həkimlərin tabe olduğu qurum deyilmi? Nazirlik işçisinə tapşırıq verir ki, xəstəyə məsuliyyətlə yanaş, müalicəsini apar, işçi deyir, «get, nazirliyə de, uşağını müalicə etsin». Bu qədər də dərəbəyilik olar?».

Rafət Poladov Cəlilabad rayon Prokurorluğuna müraciət edib ki, peyvənd olunmamışdan lazımi müayinələri aparmayan həkimlər cəzalandırılsın. Həmçinin Zəhraya vurulmuş peyvəndin tərkibi araşdırılsın. Prokurorluqdansa ona bildirilib ki, məsələnin araşdırılması üçün şikayət məktubu rayon xəstəxanasına göndərilib: «Araşdırmanı prokurorluq aparar. Prokurorluqsa götürüb mənim şikayət ərizəmi elə xəstəxanaya göndərib. Məgər xəstəxanada müstəntiq işləyir ki, şikayətimi araşdırsın? Şikayətim elə o həkimlərdəndir. Həkimlər özləri öz əməllərini araşdıracaqlar?».

«MÜTƏMADİ MÜALİCƏLƏR ALIR»

Cəlilabad rayon Mərkəzi Xəstəxanasından «Qaynar xətt»ə bildiriblər ki, Rafət Poladovun azyaşlı övladı xəstəxanada qeydiyyatdadır və mütəmadi müalicələr alır: «Nə narazılığı var? Vaxtlı-vaxtında müayinə olunur, müalicə yazılır. Dərmanları yazılır. Ona heç kim deməyib ki, hara şikayət etmisən, get orda da müalicə etdir. Hər yerə yazır, Səhiyyə Nazirliyinə yazır, prokurorluğa yazır, icra hakimiyyətinə yazır... Araşdırılıb, uşağın xəstəliyinin peyvəndlə heç bir əlaqəsi yoxdur. Malyariya xəstəliyinə qarşı peyvənd olunub, uşaq normal keçirib. Əlimizdən gələni edirik ki, uşağın müalicəsi qaydasında getsin».

Rafət Poladovsa deyir, həm peyvənd, həm də səhv diaqnozlar əsasında aparılmış müalicələrə görə Zəhranın canı çox inciyib və ata bunu həkimlərə bağışlamaq fikrində deyil.

Ötən ay Rafət Poladov Zəhranın dərmanlarına 411 manat xərcləyib. İndi növbəti dərman reseptinin vaxtı yaxınlaşır və ata bu dərmanları Zəhraya kəsilmiş 74 manat pensiya ilə necə alsın, bilmir.

XS
SM
MD
LG