Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:49

Evini qaçqın zəbt edən ailənin didərginliyi


Illüstrasiya
Illüstrasiya

►“Ayda bir dəfə “McDonald’s”a yığışırıq, bir-birimizi görürük, günümüzə ağlayıb yenə dağılışırıq."

Uzun illər Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışmış Maisə Aslanova və həyat yoldaşı, uzun illər AzTV-də çalışmış Tariyel Aslanov az qala 25 il olacaq ki, ailəni bir ocağa yığa bilmirlər.

Çünki vaxtilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin inşa etdirdiyi binadan onlara verilmiş 5 otaqlı mənzili köçkünlər zəbt edib.

1993-cü ildən Aslanovlar özgə qapılarında, köçkünlərsə onlara məxsus mənzildə yaşayırlar. Maisə xanım başlarına gələnlərdən danışır:

“Yeni Yasamal 1, 14 saylı binadakı 65-ci mənzil adımıza sənədləşdiriləndə sevindik ki, nəhayət, 5 övladımızı başımıza yığacağıq, öz isti ocağımız olacaq. 1993-cü ilin fevral ayında mənzilin bizə verilməsi barədə sərəncamı alan kimi evə baş çəkməyə getdik. Ancaq mənzilin orderi hələ əlimizdə olmadığı üçün Mənzil Kommunal İstismar Sahəsinin rəisi bizi mənzilə buraxmadı. Çox mübahisələrdən sonra yoldaşım qapını dəyişməli oldu. Bundan sonra mənzilə köçdük. Ancaq sevincimizin ömrü 3 gün çəkdi”.

Buna da bax: Səməd Seyidov: "Bu, böyük bir böhrandır"

QİSMƏT, YA TALESİZLİK?

Sahə müvəkkili və binanın komendantı orderin olmamasını bildirərək ailəni mənzildən çıxarır. Bundan sonra Maisə xanım order üçün çox qapılar döyür. Nəhayət, elə həmin ilin avqustunda mənzilə dair order əldə edə bilir. Bu dəfə də Aslanovlara sevinmək düşmür. Sevinc hisslərini elə mənzilin qapısınadək yaşaya bilirlər. Həm də başqaları tərəfindən dəyişdirilmiş qapıyadək...

“Sevinə-sevinə gəldik binaya... Mənzilin qarşısını görəndə yerimizdə quruduq. Qapını dəyişmişdilər. Qapını döydük, açdılar. Dedik, “biz bu mənzilin sahibiyik, siz kimsiniz?” Dedilər, “biz də köçkün ailəsiyik”. Düzü, o qədər ağlayıb sızladılar ki... Əsasən də, gənc gəlinin qucağında körpə vardı, ürəyimiz dözmədi. Bilmirəm, qismətdən idi, talesizlikdən idi, nə idisə, həmin vaxt Tariyel müəllimlə məni “Samanyolu” televiziyasına işə dəvət etmişdilər. 3 illik müqavilə ilə Türkiyədə işləməli idik. Köçkün ailəylə belə razılığa gəldik ki, 3 ildən sonra qayıdanda evi boşaltsınlar”.

Vaxt keçir, Aslanovların Türkiyədə 3 illik iş müddəti başa çatır. Geri qayıdıb köçkünlərə evi boşaltmaları barədə xəbərdarlıq etdikdə, cavab qəti olur: “Torpaqlar alınmayana kimi evdən çıxan deyilik”.

Buna da bax: İlyas İsmayılov: «Azərbaycanda göstərişlər yox, qanunlar işləməlidir»

“XOCAVƏND 25 İL DƏ İŞĞALDA QALSA...”

Uzun mübahisələrdən sonra Aslanovlar 2003-cü ildə Yasamal rayon Məhkəməsinə köçkün ailəsinin mənzildən çıxarılması ilə bağlı iddia verirlər. Məhkəmə Xocavənd köçkünü Yusifova Fənər Qənimət qızının ailəsi ilə birlikdə mənzili boşaltmasına dair qətnamə çıxarır. Yusifovlar qətnamədən apellyasiya şikayəti verir. Ancaq təmin olunmur. Bu dəfə köçkün ailəsi Ali Məhkəməyə üz tutur. Ali Məhkəmə aşağı məhkəmələrin çıxardığı qərarın təxirə salınması barədə növbəti bir qərar çıxarır: “Xocavənd işğaldan azad olunanadək və Yusifovlar ailəsi torpaqlarına qayıdanadək qərarın icrası dayandırılsın”. Məhkəmə keçmiş prezident Heydər Əliyevin 1999-cu ildə köçkünlərin məskunlaşdığı mənzillərdə yaşamasına dair müvafiq fərmanına əsaslanır.

Maisə Aslanova:

“O vaxtdan son ümidimiz də qırıldı. O mənzil 22 il əvvəl bizə veriləndə gənc ailə idik, özümüz yaşa dolduq, övladlarımız da qapılarda böyüdü. Belə çıxır ki, Xocavənd bundan sonra 25 il də işğalda qalsa, biz ölüb gedəndən sonra övladlarımız yaşa dolacaq, nəvələrimizin toyu olacaq, nəticələrimiz dünyaya gələcək, halal ocağımızda hələ də başqaları yaşayacaq...”

Buna da bax: Su ARDNŞ-in boğazına çıxanda...

“HƏRƏMİZ BİR TANIŞIN EVİNDƏ QALIRIQ”

Maisə Aslanovanın deməsinə görə, hazırda evdə yaşayanlardan yalnız biri Xocavənddə qeydiyyatda olub. Digərlərinin yaşayış yeri kimi Ağdam göstərilib.

Yusifovlar ailəsi məhkəmədə bildiriblər ki, mənzili boşaltmağa hazırdılar. Bir şərtlə ki, onlara başqa yerdə mənzil verilsin.

Aslanovlar ailəsi dəfələrlə Qaçqın və Köçkünlərlə iş Üzrə Komitədə olublar. Ümidverici cavab almayıblar.

Komitədən bildirilib ki, qaçqın və köçkünlər üçün tikilmiş binalara hazırda yalnız inzibati binalarda məskunlaşmış köçkünlərin köçürülməsi prosesi gedir.

Buna da bax: Dəm qazından qoruyan 15 vacib məlumat (İnfoqrafika)

ÇIXIŞ YOLU: TƏKRAR MƏHKƏMƏ

Hüquqşünas Namizəd Səfərov deyir, vaxtilə mənzili qaçqın və köçkünlər tərəfindən zəbt olunmuşlar 2009-cu ildən bu tərəfə məsələnin məhkəmə yolu ilə həllinə nail ola bilirlər.

“Aslanovlar ailəsi 2003-cü ildə məhkəməyə müraciət edib, məhkəmə də Heydər Əliyevin 1999-cu ildə verdiyi fərmana əsasən qərar çıxarıb. O ərəfələrdə əmlakı zəbt olunmuş yüzlərlə, bəlkə də minlərlə vətəndaşın iddiası beləcə yarımçıq təmin olunmuşdu. Yəni, “mənzil sənindir, ancaq gözlə, nə vaxt torpaq işğaldan azad olunar, köçkün çıxıb gedər, mülkünə sahib çıxarsan”. Əlbəttə ki, bu, vətəndaşların mülkiyyət hüquqlarının kobud pozuntusu idi. Lakin 2009-cu ildə Avropa Məhkəməsinin bu işə müdaxiləsindən sonra məhkəmələr artıq vətəndaşın tutulmuş mənzilindən qaçqınların çıxarılması məsələsini həll edir”.

Ancaq hüquqşünas yenə də bu məsələdə Aslanovlar ailəsinin yolunun məhkəmədən düşəcəyini deyir:

“Son 5-6 ildə köçkünün zəbt etdiyi mənzildən çıxarılaraq mənzilin mülkiyyətçiyə qaytarılması ilə bağlı çoxlu sayda məhkəmə qətnamələri çıxıb. Bu məhkəmə qətnamələri hazırda presedent hesab oluna bilər. Aslanovlar Avropa Məhkəməsinin tövsiyələrini, belə qətnamələri götürüb, işin yeni halları kimi təkrar məhkəməyə müraciət edə bilərlər. Ərizəni də belə formada tərtib etməlidirlər ki, 1999-cu ildə verilmiş fərman qüvvədən düşdüyü üçün iddiaya yenidən baxılsın”.

Hüquqşünas illərlə ev növbəsində dayanıb mənzil almış, lakin ona sahiblənə bilməmiş Aslanovlar ailəsinə təkrar məhkəməyə müraciət etməyi məsləhət görür.

XS
SM
MD
LG