Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:53

Şirvandakı partlayışın 'tüstüsü'


Heydər Əliyev və İlham Əliyev
Heydər Əliyev və İlham Əliyev

Azərbaycanda dövlət quruculuğu, işgəncələrlə alınan ifadələrin qanuni olub-olmaması, mənzil bazarındakı böhran və «Araz» hərbi zavodundakı partlayışın səbəbləri bu gün medianın aparıcı mövzusudur.

MÜASİR VƏ QÜDRƏTLİ DÖVLƏT FORMULU

«Azərbaycan» qəzetində «Müasir və qüdrətli dövlət» sərlövhəli məqalə dərc edilib.

Yazıda qeyd edilir ki, Azərbaycanda müasir və qüdrətli dövlət quruculuğunda prezident İlham Əliyevin böyük xidmətləri olub: «Buna prezident İlham Əliyevin məqsədyönlü siyasəti və çoxsahəli islahatları nəticəsində nail olunub».

Müəllifin fikrincə, istənilən milli ideyanın reallığa çevrilməsində müstəqil dövlət və xalqın güclü idarəçilik keyfiyyətinə malik liderinin olması vacib şərtdir. Məhz belə liderlərin düzgün siyasi strategiyası məqsədlərin uğurla reallaşdırılmasına imkan yaradır.

Müəllif bu sahədə keçmiş prezident Heydər Əliyevin xidmətlərini də danılmaz sayır: «Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək, bunun üçün bütün zəruri tədbirləri həyata keçirmişdir».

Müəllifə görə, həmin siyasi kursu indi dövlət başçısı İlham Əliyev uğurla davam etdirir: «Ulu öndərin dövlətçilik kursunu bütün sahələrdə inamla davam etdirən prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır».
Yazıda vurğulanır ki, artıq ölkə iqtisadiyyatı çoxşaxəlidir, Ümumi Daxili Məhsulda özəl sektorun payı 80 faizə çatıb. Son 14 ildə 1 milyon yarımdan çox iş yeri açılıb.

Müəllif yazır ki, ölkənin əsas gəlir mənbəyi olan neftin ucuzlaşmasına, böhrandan əksər ölkələrin əziyyət çəkməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inamla inkişaf edir.

Foto illüstrasiya
Foto illüstrasiya

İŞGƏNCƏ İLƏ ALINAN İFADƏLƏR

«Azadlıq» qəzetində ««Nardaran işi» üzrə işgəncə ilə alınmış ifadələrin hüquqi qüvvəsi varmı» sualına hüquqşünas Müzəffər Baxışla cavab axtarılır.

Yazıda qeyd edilir ki, Nardaran hadisələri ilə bağlı həbs edilən Taleh Bağırov və qalan 16 nəfər məhkəmə prosesində onlardan dəhşətli işgəncələr vasitəsilə ifadələr alındığını bildiriblər.

Hələlik, nə məhkəmədəki dövlət ittihamçısı, nə də istintaq orqanı bu deyilənlərə münasibət bildirib.

M.Baxışov qəzetə deyib ki, qanunla bu cür vasitələrlə əldə olunmuş ifadələr yolverilməz sübut kimi işdən xaric edilməlidir: «Cinayət Məcəlləsinin 293-cü maddəsinə görə, qorxutmaqla məlumat almaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə şəxsə fiziki ağrı və iztirablar vermək işgəncəni əsaslandıran hallardır. Qanun işgəncənin anlayışını verib. Bir neçə maddədə işgəncəyə görə məsuliyyət nəzərdə tutulub. Cinayət Məcəlləsinin 113-cü maddəsində tutulmuş və ya azadlığı məhdudlaşdırılan şəxsə işgəncə verməyə görə 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub. Bu əməl insanlıq əleyhinə cinayət sayılır. Həmçinin, 293-cü maddədə işgəncə, qeyri-insani, ləyaqəti alçaldan rəftara görə cinayət məsuliyyəti nəzərdə tutulub».

Bina
Bina

MƏNZİL BAZARINDA BÖHRAN

«Bizim Yol» qəzetində «Mənzil bazarında böyük tənəzzül» sərlövhəli məqalə oxumaq olar.

Yazıda ölkənin mənzil bazarındakı durum ekspert Nüsrət Məmmədovla dəyərləndirilib.

N. Məmmədov deyib ki, istər yeni, istərsə də köhnə binalar üzrə alqı-satqı, ofis və mənzil kirayəsi kəskin azalıb: «Azərbaycanın təkrar mənzil bazarında il ərzində 36.7 faiz azalma olub».

Ekspert ilkin mənzil bazarında da durumun fərqli olmadığını söyləyir: «İlkin mənzil bazarında əməliyyatlar ay ərzində 1.71 faiz, ilin əvvəlindən 21.82 faiz, il ərzində isə 27.7 faiz azalıb».

Ekspertlər mövcud vəziyyəti əhalinin alıcılıq qabiliyyətinin kəskin azalması ilə izah edirlər.

Şirvandakı silah zavodunda partlayış anları
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

PARTLAYIŞIN SƏBƏBLƏRİ NİYƏ AÇIQLANMIR?

«Yeni Müsavat» qəzetində çıxan «Şirvandakı partlayışın səbəblərini gizli saxlamaq tapşırığı verilib» sərlövhəli məqalədə bir daha Müdafiə Sənayesi Nazirliyinin iyulun 26-da Şirvan şəhərindəki «Araz» zavodunda baş vermiş partlayışdan bəhs edilir.

Müəllif yazır ki, partlayış zamanı yaralananlara və onların yaxınlarına maddi yardımlar edilir, amma əvəzində onlara hadisə barədə danışmaq yasağı qoyulub.

Yazıda vurğulanır ki, hadisə şahidləri olan yaralılara partlayışın yüksəkgərginlikli xətlərdəki qəza üzündən baş verməsini söyləmək tapşırığı verilib. Üstəlik, müəllifin yazmasına görə, doğrunu deyənlərə zavoda bərpa edildikdən sonra iş yerlərinə buraxılmayacaqları xəbərdarlığı olunub: «Partlayışdan 10 gündən çox vaxt keçməsinə baxmayaraq, nazirlik səbəbi açıqlamağa həvəsli görünmür. Mətbuat nümayəndələrinin həqiqəti üzə çıxarmaq üçün yazdıqlarını önləmək yoluna baş vurmaqdan da çəkinmirlər. İki nəfərin ölümü, 26 nəfərin yaralanması ilə nəticələnən partlayışın səbəbləri, fəsadların aradan qaldırılması ilə bağlı görülən işlərin nəticələri barədə məlumatlar ictimaiyyətdən gizlədilir».

Müəllif qeyd edir ki, bir il öncə «Telemexanika» zavodunda da bənzər partlayış olub, 1 nəfər ölüb və 19 nəfər yaralanıb, cinayət işi açılıb: «Amma nəticəsi nə olubsa, indiyə kimi məlum deyil. Bu il iyulun sonundakı partlayışla da bağlı cinayət işi başlanıb və nəticəsi maraqla gözlənilir».

Bir neçə gün bundan öncə isə Müdafiə Sənayesi Nazirliyi açıqlama yayaraq araşdırmanın davam etdiyini bildirirdi. Nazirlik bəzi mətbu orqanlarında yanlış yazılara diqqət çəkərək, bu hadisə ilə bağlı onların vermədikləri məlumatlara etibar edilməməsini istəyirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG