Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:53

'Əhalinin 30 faizi borc içində yaşayır'


Roma Papası Bakıda.
Roma Papası Bakıda.

Xarici ölkə liderlərinin Azərbaycana səfərləri, Bakının içməli su problemi və maddi durumuna görə əhali qrupları arasındakı fərqlər bu gün medianın aparıcı mövzusudur...

XARİCİ ÖLKƏ BAŞÇILARININ AZƏRBAYCANA SƏFƏRLƏRİ

«Azərbaycan» qəzetində dərc edilən «15 dövlət rəhbəri, 13 baş nazir və spiker, 42 ölkənin rəsmisi, 26 beynəlxalq qurumun təmsilçisi» sərlövhəli məqalədə Azərbaycana xarici dövlət adamlarının səfərləri dəyərləndirilir.

Məqalədə qeyd edilir ki, 2016-cı ildə Azərbaycana 20-yə yaxın ölkənin dövlət və hökumət başçısı gəlib, onlarla ikitərəfli əməkdaşlığa dair sazişlər, memorandumlar imzalanıb.

Müəllif ilk sırada Türkiyə, Rusiya, İran, Ukrayna, Gürcüstan prezidentlərinin və Roma Papasının Azərbaycana səfərlərini xatırladılır. Məqalədə qeyd edir ki, ümumilikdə İ.Əliyev 2016-cı ildə 42 dövlətin rəsmiləri ilə görüşlər keçirib. Xüsusilə Roma Papası Francis-in Azərbaycana səfəri İlham Əliyev diplomatiyasının növbəti zəfəri sayılır. Müəllif bunu Azərbaycanda bütün dinlərə hörmət və ehtiramın qorunub saxlanılmasının göstəricisi kimi dəyərləndirir: «Roma Papası Francis-in Bakı səfəri isə bu faktın ali səviyyədə qəbulunun növbəti təsdiqi, prezident İlham Əliyev diplomatiyasının, siyasətinin, liderliyinin növbəti zəfəri idi».

Məqalədə vurğulanır ki, ötən il Azərbaycana 26 beynəlxalq qurumun rəsmiləri də səfərlər edib. Bu sırada BMT, NATO, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Birliyi, Avropa Parlamenti və Afrika İttifaqının adları qeyd edilir.

Müəllif bildirir ki, 2016-cı ildə 27 dövlət Azərbaycana yeni səfir təyin edib. Bütünlükdə Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndəliyi fəaliyyət göstərir.

Qubad İbadoğlu
Qubad İbadoğlu

ZƏNGİNLƏR VƏ FƏQİRLƏR...

Azadliq.info saytında dərc edilən «Azərbaycan əhalisi necə yaşayır?» sərlövhəli məqalədə iqtisadçı-ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verilib.

Yazıda indiki böhranda ölkə əhalisi maddi durumlarına görə 6 qrupa ayrılır.

Ekspert ifrat zənginləri birinci, sadəcə zənginləri ikinci, özünü orta təbəqə hesab edən iri sahibkarları, məşhur şirkətlərdə çalışan menecerləri üçüncü, aşağıranqlı məmurları, kiçik və orta sahibkarları dördüncü, yoxsulları beşinci, ifrat yoxsulları da altıncı qrupa aid edir.

Yazıda deyilir ki, birinci qrupa aid olanlar hər il xarici ölkələrdə, Azərbaycanın özündə onlarla villalar və obyektlər alırlar. Hər rüb istirahət yerlərini, hər ay super bahalı avtomobillərini, hər həftə yeni model telefonlarını, hər gün təzə dəbə uyğun brend geyimlərini, gündə ən azı iki dəfə elit restoranları dəyişirlər.
Yazıda vurğulanır ki, bu qrupun kapitalı Azərbaycanın cari dövlət büdcəsinin 10 mislindən belə çoxdur. İfrat zənginlərin ümumu əhali sayında xüsusi çəkisi isə 1 faizdən belə azdır.

Ekspert deyib ki, ikinci qrupda olanların sayı ifrat zənginlərin sayından 5 dəfə çoxdur. Onların kapitalı isə cari ilin büdcəsinin gəlirlərinə bərabərdir.

Üçüncü qrupa aid olanlar iki ildən bir avtomobillərini, ildə bir dəfə yeni model telefonlarını, hər mövsüm orta səviyyəli istirahət yerlərini, hər ay brend geyimlərini, həftədə ən azı 2 dəfə elit restoranlarını dəyişirlər. Bu qrupuntoplam kapitalı cari ilin dövlət büdcəsinin 10 faizi həddindədir. Bunların sayı əhalinin 10 faizini təşkil edir.

Dördüncü qrupun ümumi kapitalı isə bu ilin dövlət büdcəsinin 0.1 faizi qədərdir. Onların sayı əhalinin beşdə birinə bərabərdir.

Yazıda qeyd edilir ki, beşinci qrupda olanların isə nə sərvəti var, nə də borcu. Onların sayı əhalinin dörddə biri qədər olar.

Ekspert deyib ki, sonuncu qrupda qərarlaşan ifrat yoxsullardır. Onlar iş tapa bilmir, sosial müavinət, pensiyalar hesabına yaşamağa çalışırlar. Avtomobilləri yoxdur, telefonları ikinci əldən alıblar. Geyimləri dəyişmir, imkansızlıqdan toylara getmədiklərinə görə restoran üzünə həsrətdirlər. Bu qrupda olanların adları dükanlarda nisyə dəftərlərindədir, onlar borc içində batırlar. Onların sayı əhalinin üçdə biri qədərdir.

Su
Su

BAKININ SU PROBLEMİ

«Novoye Vremya» qəzetində «100 il boyu uzanan problem» sərlövhəli məqalədə Bakının su təchizatından bəhs edilir.

Müəllif xatırladır ki, 1917-ci ildə Bakıya Şollar su kəməri çəkilib. Bu kəmər Bakının su problemini tam həll etmədi.

Ancaq paytaxtın su təminatını yaxşılaşdırdı.

Müəllif yazır ki,indiyə kimi Bakıda su problemi həll edilməmiş qalır: «Bir əsr əvvəl olduğu kimi, Azərbaycan paytaxtında su problemi, hələ də, aktualdır. Bakı ölkənin ən iri şəhəri olsa da, yarımsəhra bölgədə inkişaf edib, su mənbələri ancaq bir sıra müasir qəsəbələri təmin etməyə yetərlidir».

Müəllifin qeyd edir ki, 2001-2014-cü illərdə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, istifadəyə verilib. Ancaq yenə də problem tam həll edilməyib: «2011-2014-cü illərdə ölkənin su infrastrukturuna 2.7 milyard manat xərclənib. Burada problem təkcə «Azərsu» ASC-nin borcları ilə bağlı deyil. İnfrastrukturun özü tam səmərəli olmadı».

Məqalədə deyilir ki, Azərbaycanda əhaliyə verilən suyun 50 faizdən çoxu itkiyə gedir. Bakının kanalizasiya sistemi 2.5 milyon nəfərə hesablanıb, ancaq reallıqda paytaxtda 5 milyona yaxın əhali yaşayır.

Müəllif vurğulayır ki, indiki halda suyun qiymətinin artırılması da əlverişli deyil. Çünki bu, sudan qeyri-leqal istifadəçilərin sayını artıracaq.

XS
SM
MD
LG