Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:53

"Təpik altında" qalan sahibkar


►Masallıdan olan sahibkar xanım deyir, bir tərəfdən polisin, digər tərəfdən icra hakimiyyətinin təpiyi altında qalsa da, Masallı rayon Mərkəzi Xəstəxanasına qəbul edilməyib

Masallı rayon sakini Zəminə Nəzərova deyir, 1998-ci ildə kommersiya məqsədilə rayon icra hakimiyyətindən aldıqları ərazidəki yarımçıq qalmış obyekti tikib başa çatdırmaq istəyirlər. Məqsəd də sahibkarlıq fəaliyyətlərini genişləndirməkdir. Ancaq icra başçısı onlara əngəl yaradır.

Sahibkar xanımın deməsinə görə, baş memar tikintini davam etdirməkdən ötrü ondan 10 min manat tələb edir:

“RÜŞVƏT VERMƏDİM, TƏZYİQLƏR ARTDI”

“And-aman edir ki, o puldan ona qara qəpik də qalmır, hamısı başçıya çatır. Mən də bildirdim ki, “sənədli torpağımda qanunla başladığım tikintini davam etdirirəm, qanunsuz iş görmürəm ki, rüşvət verəm”. Bu danışıqlarımızdan sonra mənə təzyiqlər artdı. Mən tikintinin davamına başlayanda polisləri əraziyə tökdülər. Məni yerə yıxıb döydülər”.

Zəminə Nəzərovanın hadisə yerində olan qohumları onun döyülməsi səhnəsini telefonla çəkərək sosial şəbəkələrdə paylaşıblar. Deyir, bir tərəfdən polisin, digər tərəfdən icra hakimiyyətinin təpiyi altında qalsa da, Masallı rayon Mərkəzi Xəstəxanasına qəbul edilməyib. İddia edir ki, bunu əngəlləyənlər ərazidə onu döyən polislər olub:

HADİSƏNİN ŞAHİDİ OLAN QOHUMLAR

“Qohumlarım onların xəstəxananın qarşısında çıxardıqları oyunları da çəkib sosial şəbəkədə yayıblar. Açıq-aşkar tapşırıq verirlər ki, məni xəstəxanaya qəbul eləməsinlər. Bu boyda da özbaşınalıq olar? Neçə gündür ki, törətdikləri əməllərin videosu ortalıqdadır, ancaq nə prokurorluq, nə daxili işlər nazirliyi reaksiya vermir”.

____________________________________________________________

Bunlara da bax:
'İlham Əliyevə müraciət edib deyirəm ki...'
Rusiyadan Ermənistana gələsi silah ləngiyir

____________________________________________________________

Masallı rayon Mərkəzi Xəstəxanasından əli üzülən qohumlar onu Lənkəran şəhər Mərkəzi Xəstəxanasına aparmaq məcburiyyətində qalıblar. Hazırda xəstəxanada müalicəsini davam edir. Zəminə Nəzərovanın sözlərinə görə, polislər həyətə hücum çəkərkən yaxın qohumları da onlarda qonaq imiş. Baş verənlərin şahidləri kimi akt tərtib edərək imzalayıblar.

İTTİHAMLARI RƏDD EDİR

Masallı rayon icra hakimiyyəti sahibkar xanımın dediklərini təkzib edir. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, Zəminə Nəzərovanın apardığı tikinti qanunsuz olub. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tikintini dayandırmayıb.

Qurum rüşvət istənilməsi ilə bağlı səslənən ittihamları da rədd edib. Döyülmə faktına gəlincə, bildiriblər ki, bu məsələnin qurum işçilərinə aidiyyəti yoxdur.

GÖRÜNTÜLƏRİ PREZİDENTƏ GÖNDƏRDİ

Masallı rayon polis şöbəsinin növbətçi hissəsinə sahibkar xanımın döyülməsi ilə bağlı verilən sualın “cavabı” telefonun qapadılması oldu.

Sahibkar xanımsa polisin və icra hakimiyyəti əməkdaşlarının hərəkətlərindən prokurorluğa, daxili işlər nazirliyinə, Ombudsmana və prezidentə yazıb. Videogörüntüləri də əlavə edərək tədbir görülməsini istəyib.

XS
SM
MD
LG