Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:02

►"Keçirdiyim hissləri izah etməyə söz tapa bilmirəm."

Ukrayna daxili işlər nazirinin keçmiş birinci müavini, general-polkovnik Vladimir Yevdokimov Azərbaycanda həbsdə olan general Zakir Nəsirova görə dövlət başçısı İlham Əliyevə müraciət edib.

Daxili İşlər Nazirliyi Baş Cinayət İdarəsinin keçmiş rəisi Zakir Nəsirovun günahsızlığına əminliyini vurğulayan Vladimir Yevdokimov ona münasibətdə ədalətin bərqərar olmasından ötrü Əliyevin tədbir görməsini xahiş edir.

Ukraynalı general, eyni zamanda, Zakir Nəsirovun özünə də məktub göndərib.

Nəsirovla dost olduqlarını, onu peşəkar xəfiyyə kimi tanıdığını vurğulayan Yevdokimov bildirir ki, onun həbsdən azad edilməsi üçün əlindən gələn köməyi göstərəcək.

"Sənin hansı vəziyyətdə olduğunu öyrənəndən sonra durumumu, keçirdiyim hissləri izah etməyə söz tapa bilmirəm. Səni tanıyan yüzlərlə adam birmənalı şəkildə inanır ki, əsl İnsana və böyük xəfiyyəyə münasibətdə ədalət mütləq zəfər çalacaq. Bunda mənim də qatqım olmasından ötrü öz tərəfimdən bütün mümkün olanları edirəm. Ukraynada və ya digər xarici ezamiyyətlər zamanı həmyerlilərindən bu məsələnin ədalətli həllinə biganə olmamalarını xahiş edirəm", - deyə ukraynalı general yazır.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Adil Ismayılov

Adil Ismayılov

Bu barədə AzadlıqRadiosuna məlumat verən Zakir Nəsirovun vəkili Adil İsmayılov deyir ki, ukraynalı həmkarı həqiqətən Zakir Nəsirovun azadlığa çıxmasından ötrü əlindən gələni edib və və bu mənada, o, tək deyil. Bir müddət əvvəl Astanada MDB dövlətlərinin daxili işlər orqanları rəhbərlərinin görüşündə onun təşəbbüsü ilə tədbir iştirakçıları adından Azərbaycanın dövlət başçısına Zakir Nəsirovun azadlığa buraxılması üçün müraciət olunub:

"Zakir Nəsirovun ailəsi hələ də ədalətin zəfər çalacağına, heç olmasa, dövlət başçısının əfv fərmanı ilə azadlığa buraxılacağına ümid edir".

Xatırladaq ki, Zakir Nəsirov DİN-in sabiq baş əməliyyat müvəkkili, bir sıra adam oğurluqları və qətllərdə ittiham olunan Hacı Məmmədov və dəstəsinin ifşasından sonra həbs olunub. Bu iş üzrə 20-dən artıq adam cinayət məsuliyyətinə cəlb olunub ki, onların da bir qismi ömürlük azadlıqdan məhrum edilib. Ömürlük həbs cəzası alanlar arasında keçmiş general Zakir Nəsirov da var.

Lakin Zakir Nəsirov Hacı Məmmədov və dəstəsinin əməllərindən xəbərsiz olduğunu, keçmiş MTN rəhbərliyinin daxili işlər naziri Ramil Usubovun əleyhinə ifadə almaq üçün onu həbs etdiyini, tələb olunan ifadəni vermədiyinə görə sifarişlə ömürlük həbslə cəzalandırıldığını bildirib.

MTN ətrafındakı son hadisələrdən sonra Hacı Məmmədov özü də Ali Məhkəməyə müraciətində Zakir Nəsirovun günahsız olduğunu yazıb. O bildirir ki, keçmiş MTN rəhbərliyinin göstərişilə Zakir Nəsirova qarşı yalan ifadə verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG