Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:00

-

«40 ildir bu ərazidə yaşayıram. Vaxtilə burda suötürücü kanallar vardı. Doldurub bağladılar, yerini satdılar. İndi hamımızın ev-eşiyi su altında qalmaq təhlükəsi ilə üzləşib».

«VEDRƏLİK DEYİL, HƏR GÜN ARTIR»

Zabrat sakini Əziz Mirzəyev AzadlıqRadiosuna danışır ki, evinin zirzəmisinə su yığılıb. Həm də tək onun yox, eyni məhəllədəki evlərin əksəriyyətinin zirzəmisi su ilə dolub. Əvvəl sakinlər suyu özləri qurutmağa çalışıblar:

«Vedrə-vedrə yığıb boşaldırdıq. Sonra baxdıq ki, vedrəlik deyil, hər gün artır. Əsas da son yağışlardan sonra başa düşdük ki, bu iş bizlik deyil. Hökumət özü hərəkətə gəlməlidir. Nə qədər ki, tamamilə suyun altında qalmamışıq, bir tədbir görməli, bizi xilas etməlidir».

Qəsəbə sakini Səlim Abbasov deyir, yaxınlıqdakı qəbiristanlığa da su yığılır. Tədbir görülməsə, tezliklə qəbiristanlıq çirkab suların altında qala bilər:

«Evim Bakı İstintaq Təcridxanasının yaxınlığındadır. O boyda təcridxana tikiblər. Əvvəl bir araşdırmayıblar ki, burada suötürücüləri nə vəziyyətdədir. Evlərimizin tullantı suları Zabrat gölünə axıdılır, üstəlik yağış da güclənəndə, gölün suyu ikiqat artır. Zabrat gölündə su qalxdıqca, vəziyyət ağırlaşır. Bir güclü yağış da yağsa, evlərimiz, təcridxana su ilə dolacaq».

YOLLARDA ÇATLAR YARANIB

Sakinlər göldə suyun səviyyəsinin qalxmasının yeni çəkilmiş magistral yola da təsir göstərdiyini deyirlər. Onların sözlərinə görə, yollarda çatlar əmələ gəlib, kommunikasiya xətləri suyun içindədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev də APA-ya bildirib ki, gölün suyu getdikcə təcridxanaya və ərazidəki yaşayış evlərinə yaxınlaşır. İstintaq Təcridxanası ilə gölün arasında 100 metrə qədər məsafə var. Lakin ora gedən yüksəkgərginlikli elektrik, rabitə xətləri suyun içərisində qalıb. Bununla yanaşı, Təcridxanaya gedən yol da tam təhlükə qarşısındadır. Gölün suyu ləpələndikcə sahə genişlənib. Yarğan tam olaraq yola dirənib».

O, vəziyyətlə bağlı aidiyyəti qurumlara arayış hazırlandığını deyib.

Ələmdar Piriyev çıxış yolunu ərazidəki əvvəlki kanalların bərpasında görür.

EVLƏRDƏ KANALİZASİYA XƏTTİ YOXDUR

Sabunçu rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, əvvəldən göldə suötürücü kanal olmayıb. Kürdəxanı-Pirşağı qəsəbələri arasında təmizləyici qurğu tikilməli, tunel vasitəsilə Zabrata gətirilməlidir. Qəsəbələrin kanalizasiyası da həmin qurğuya birləşdirilməlidir. Bir müddət əvvəl Zabratın daxilində bir kilometr məsafədə kanalizasiya xətti çəkilib və Hövsan xəttinə birləşdirilib. Amma qəsəbədəki evlərdə kanalizasiya xətti olmadığına görə çirkab sular gölə axıdılır. İcra hakimiyyəti kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihənin davam etdirilməsi üçün aidiyyəti qurumlara müraciət edib.

Qurumdan onu da bildirdilər ki, Bakı İstintaq Təcridxanasına, hələlik, təhlükə yoxdur. Ancaq hər hansı təhlükənin qarşısının alınması məqsədilə təcridxana rəhbərliyi Nazirlər Kabinetinə məktub göndərib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG