Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:59

«Rusiya prezidentinin köməkçisi Yury Ushakov-un Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlama təəccüb və təəssüf doğurur».

AZƏRTAC xəbər verir ki, bu fikir Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında yer alıb.

H.Hacıyev qeyd edib ki, Y.Ushakov-un səsləndirdiyi bu açıqlama prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna, ATƏT-in Minsk qrupunun həmsədrlərinin status-kvonun qəbuledilməzliyi haqqında verdikləri bəyanatlara ziddir. Həmçinin, bu açıqlama Rusiyanın xarici işlər naziri Sergei Lavrov-un regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə uyğun gəlmir.

H.Hacıyevin bildirməsinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarıdır.

O vurğulayıb ki, Azərbaycan suveren ərazilərinin Ermənistanın hərbi işğalı altında qalması qəbuledilməzdir.

Rusiya prezidentinin köməkçisi Y.Ushakov bu günlər bildirib ki, Moskva yaxın vaxtlarda Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı böyük nikbinlik keçirmir. O, bununla belə, ölkəsinin Yerevan və Bakı ilə işi davam etdirəcəyini vurğulayıb.

Y.Ushakov Rusiyanın Ermənistana silah göndərməsinin səbəblərinə dair sualı da cavablandırıb. Deyib ki, Rusiya Ermənistanın müttəfiqidir və tərəfdaşları ilə razılıq əldə etdiyi silahları onlara göndərə bilər.

Bir müddət öncə «Regnum» agentliyi Ermənistanın Rusiyadan «İskander» zenit-raket kompleksləri aldığı haqda informasiyalar yayıb. Beləliklə, Rusiyadan sonra bu kompleksə malik olan ikinci ölkənin Ermənistan olduğu deyilir. Raketlərin Ermənistana Rusiya ilə birgə hava hücumundan müdafiə sistemi çərçivəsində verildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG