Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:43

Yunuslar həbsxanadan bir il sonra: Mübarizə davam edir


Arif Yunus həbsxanadan azad edilmiş xanımını qarşılayır
Arif Yunus həbsxanadan azad edilmiş xanımını qarşılayır

AzadlıqRadiosunun müxbiri Claire Bigg yazır ki, Bakı həbsxanasından azad edildikdən bir il sonra Azərbaycanda insan haqlarının ən tanınımış müdafiəçiləri olan Leyla və Arif Yunuslar, mühacirətin narahatlıqlarına sinə gərsələr də, vətənlərində insan haqlarının pozulmasına qarşı mübarizəni dayandırmayıblar.

Beləliklə olmazın işgəncə və basqılara məruz qaldıqları həbsxanadan azad edildikdən bir il sonra ər-arvad Hollandiyadakı yeni yurdlarından insan haqlarının müdafiəsi işini bərpa ediblər.

“Sağlamlıq baxımından o qədər də yaxşı deyilik, amma biz bu mübarizəyə sovet vaxtlarından başlamışıq, - deyib 61 yaşlı Arif Yunus, - Sənin özünü necə hiss etməyin burada əsas məsələ deyil. Əsas odur ki, işini davam etdirə bilirsən, ya yox”.

Həbsxana onların həyatında dərin yaralar buraxıb, səhhətləri zəif olsa da, qürbət həyatına alışmağa çalışırlar.

“60 yaşda həyata başlamaq çox çətindir, - deyir Leyla Yunus, - İnsanı vətənindən didərgin salanda, ürəyinin bir parçası orda qalır. Biz bilmirik ki, bundan sonra başımıza nələr gələcək. Amma yenə də bacardığımızı edirik”.

Yunuslar 2014-cü ilin aprelində həbs edilmiş və bunun ardınca saxta ittihamlarla məhkum olunmuşdular. Beynəlxalq təşkilatlar onların dərhal azad olunmasını tələb edirdi. Vaşinqton isə bununla əlaqədar məxsusi olaraq Bakı ilə danışmışdı.

Yunusları həbs edən kimi ayrı-ayrı kameralara salmışdılar. Uzun çəkişmədən sonra onlara bir-biri ilə məktub vasitəsilə əlaqə saxlamaq icazəsi verilmişdi. Bu məktublar senzura edilirdi.

Leyla və Arif Yunus daha xoşbəxt çağlarda
Leyla və Arif Yunus daha xoşbəxt çağlarda

Nəhayət 2015-ci il noyabrın 25-də Arif Yunus səhhətinin kəskin pisləşməsi ilə bağlı həbsxanadan azad edilmişdi. Diabetdən əzab çəkən Leyla Yunusu bir neçə həftə sonra evə buraxmışdılar.

Leyla Yunus və onun tanınmış tarixçi əri Arif nəhayət Amsterdamda qızlarına qovuşa biliblər.

Lakin Leyla Yunus deyir ki, həbsxanada çəkdikləri bütün məşəqqətlərə baxmayaraq 30 illik mübarizədən sonra vətəni tərk etmək onlar üçün daha ağır bir cəzaya çevrilib.

“Biz heç vaxt çıxıb getməyi düşünməmişdik, - deyir Arif Yunus, - Biz özümüzü cəbhə xəttindəki əsgər sayırdıq”.

Lakin Yunuslar deyirlər ki, onlar Bakını burada heç bir tibb xidmətindən istifadə edə bilməyəcəklərini başa düşəndə tərk etmək qərarına gəliblər.

Arif Yunus bildirir ki, hətta özəl klinikalar da onlara baxmaqdan çəkinirdilər.

Onlara qarşı zorakılıq nəticəsində səhhətlərinə dəyən ziyan isə çox böyük olub.

Leyla Yunus danışır ki, onu qəddarlıqla döyür, diabet xəstəliyi ilə bağlı zəruri müalicədən məhrum edir, zorlamaqla hədələyir, heç bir səbəb göstərmədən ayaqlarından çəkərək təkadamlıq kameraya salırdılar.

Arif Yunus hələ də sol qolu asma sarğıda gəzir.

“Onlar mənim əllərimi boynumun arxasında bağlayır, mənim belimi və boynumu yaş dəsmalla döyürdülər, - deyir Arif Yunus, - Bu biləklərə və bel hissəyə çox dəhşətli ağrı verir və dirsəklərin oynaqlarını bururdu”.

Ötən iyunda Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətindən Yunusların hər birinə 26 min avro məbləğində təzminat ödənməsini tələb edib.

Lakin Yunuslar bildirirlər ki, Azərbaycan hakimiyyəti indiyədək bu pulu ödəməyib.

Xroniki yüksək qan təzyiqindən və ürək xəstəliyindən əzab çəkən Arif Yunusda həbsxanadan çıxdıqdan sonra huşunu itirmə halları olur.

O deyir ki, həbsxanada olduğu vaxtları xatırlayanda dəhşətli baş ağrıları keçirir.

“Mən huşumu itirə bilərəm, istənilən an məni iflic vura bilər. Həkimim deyir ki, mən hər an ölə bilərəm. Məni dərmanlar yox, iş sağalda bilər” – deyir Arif Yunus.

Azərbaycanda Yunuslar və onların qeydiyyatsız Sülh və Demokratiya İnstitutu insan haqları pozuntularının qurbanlarını qanunsuz həbslərdən, evlərindən zorla çıxarılma hallarından müdafiə edir, Azərbaycan və Ermənistan arasında sülh təşəbbüslərini dəstəkləyirdilər.

Məhz bu fəaliyyətlərinə görə hakimiyyət tərəfindən onlara qarşı irəli sürülmüş casusluq ittihamları qüvvədə qalır.

Keçmişlərdə olduğu kimi Yunuslar yenə də təsəllini iş görməklə tapırlar.

Onlar hələ də Azərbaycanda siyasi motivli həbslər barədə məlumatlar toplamaqla məşğuldurlar.

Onlar həbsxanadaykən qızları Sülh və Demokratiya İnstitutunu Amsterdamda qeydiyyatdan keçirib.

2011-ci ildə ofis kimi işlətdikləri bina hakimiyyət orqanları tərəfindən buldozerlərlə söküldükdən sonra təşkilatlarını qeydiyyatdan keçirə bilməyiblər.

Onların əldə etdikləri faktlara görə hazırda ölkə həbsxanalarında öz siyasi baxışlarına görə məhbus edilmiş azı 166 nəfər var, onlar həbsdən buraxıldıqları vaxtlarda hər il onlarca dissident işgəncələr nəticəsində dünyasını dəyişib.

Yunuslar hazırda insanların qondarma ittihamlarla məhbus edilməsi və işgəncələrə məruz qalmasına görə məsul olan Azərbaycan rəsmilərinin, həbsxana işçilərinin, polis zabitlərinin və hakimlərin adlarından ibarət ikinci siyahının tərtib edilməsinə hazırlaşırlar.

Onlar habelə Arifin sözləri ilə deyilsə “şahidlərin ifadələrindən ibarət” kitabın yazılmasına başlamağı planlaşdırırlar.

Avropa İttifaqı üzvlərinin müştərək təşkilatı olan Avropa Demokratiya Fondu tərəfindən maliyyələşdirilən bu kitaba Yunusların ötən 30 il müddətində Azərbaycanda insan haqları pozuntularına qarşı mübarizəsindən və özlərinin həbsxanada çəkdikləri məşəqqətlərdən bəhs edən sənədlər və yazılar daxil ediləcək.

“Bizim gördüklərimiz və çəkdiklərimiz barədə danışılmalıdır” – deyib Leyla Yunus.

O deyir ki, əri və özü Hollandiyada dövlət sosial təminat müavinətləri üçün müraciət etməyiblər və yalnız gördükləri işin müqabilində pul ala bilərlər. Odur ki, sözü gedən kitaba sponsorluq lap yerinə düşüb.

Onlar həmçinin bu yaxınlarda Avropa Parlamentinə baş çəkiblər.

Bundan başqa onlar Amnesty International, Human Rights Watch, İşgəncələrə Qarşı Təşkilat, Front Line Defenders, habelə Norveçin Helsinki Komitəsi də daxil bir sıra mötəbər beynəlxalq təşkilatlarla əlaqələrini bərpa etməyə başlayıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG