Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:35

Fərid Azayev Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə mühakimə olunur.

“Çox xahiş edirəm, Fəridin qardaşı Faiqi də həbs edin. Mən təhlükəsizliyimə görə çox qorxuram. O, hər an həyatıma təhlükə yarada bilər”.

Bunu noyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Fərid Azayevin məhkəməsinə hazırlıq iclasında zərərçəkmiş şəxs dedi. (Zərərçəkənlər adlarının çəkilməsini istəmirlər - red.)

Məhkəmə iclasına hakim Ramella Allahverdiyeva sədrlik edir.

Müttəhimlər kürsüsündə polis əməkdaşıyla yanaşı onun qardaşı Faiq Azayev, tanışları Vüsal Babayev və Sona Kərimova da əyləşib.

Onlara qarşı Cinayət Məcəlləsinin 144 (adam oğurluğu) və 150 (mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

“HƏR AN HƏYATIMA TƏHLÜKƏ YARADA BİLƏR”

Hakim Ramella Allahverdiyeva tərəflərin anket məlumatlarını dəqiqləşdirdikdən sonra zərərçəkmişlərdən biri S.M. hakimə üz tutdu. O, zamində olan Faiq Azayevin də həbs edilməsini istədi:

“Ondan qorxuram. Hər an həyatıma təhlükə yarada bilər. Məni küçə söyüşləri ilə söyür, təhqir edir. Məhkəmədən təhlükəsizliyimin təmin olunmasını istəyirəm”.

Təqsirləndirilən Fərid Azayev zərərçəkmişə:
“Əslində bu işdə zərərçəkən mənəm. General Cavanşir Məmmədov (DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general-mayor – red.) 10 aydır ki, məni həbsdə saxlatdırır. Mənim günahım yoxdur, generalın və onun oğlunun sifarişi ilə həbsə atılmışam. Gürcüstan mafiyasının 6 üzvü yığışıb bu işi düzüb-qoşub.

Möhtərəm hakim, bu qız yalan danışır. General Cavanşir Məmmədovun məhkəməyə gəlməsini tələb edirəm. Mən polis əməkdaşı olmuşam. Mənə şər atdığına görə bu qadınla bağlı ölçü götürülməsini tələb edirəm”.

“GENERAL BURA GƏLMƏLİDİR”

Hakim:
- Azayev, hələ hazırlıq iclasıdır, məhkəmə araşdırması qarşıdadır. Məhkəmə bütün halları ətraflı araşdıracaq. Kimi dəvət etmək istəsəniz, vəsatət verərsiniz, biz də vəsatətə baxarıq.

Azayev:
- General bura gəlməlidir. Mənim həbsimin əsl səbəbi bəlli olmalıdır.

İbtidai istintaqın qənaətinə görə, ötən il dekabrın 22-də saat 3 radələrində polis əməkdaşı olan Fərid Azayev, qardaşı və tanışları bu işdə zərərçəkən kimi tanın 2 xanımı oğurlayıblar. Onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.

Məhkəmə baxışı qapalı keçiriləcək. Hələlik prosesdə adı çəkilən general Cavanşir Məmmədovun özünün bu ittihamla bağlı hər hansı reaksiyası bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG