Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:20

►Sürücü: Yol polisi aksesuarla avadanlığı ayırd edə bilmirsə...

Vətəndaşı saxlayan yol polisi maşını cərimə meydançasına aparıb.

Vətəndaşsa maşının üzərindəki aksesuarlara qadağa olmadığını sübut edərək maşını meydançadan geri qaytarıb. Ancaq sürücü həm vaxt, həm də əsəb itkisi yaşadığını deyir.

“Bununla ikinci dəfədir ki, yol polisi məni saxlayır. Maşınımın üzərindəki aksesuarların qanunsuz olduğunu bildirir”.

Fərid Rzayev AzadlıqRadiosuna danışır ki, iyulun 10-da idarə etdiyi avtomobili 20 yanvar dairəsinin yaxınlığında yol polisi saxlayıb.

Maşının üzərindəki aksesuarların avadanlıq olduğunu bildirərək maşını cərimə meydançasına aparacağını deyib və aparıb:

Fərid Rzayevin maşınını saxlayan polislərin avtomobili

Fərid Rzayevin maşınını saxlayan polislərin avtomobili

“BAŞA SALA BİLMƏDİM Kİ, BUNLAR AADANLIQ DEYİL”

“Daş atıb başını tutdu ki, maşında qanunsuz avadanlıqlar quraşdırılıb. Onun nəzərdə tutduğu “qanunsuz avadanlıqlar” maşının arxa buferinə vurulmuş difuzer, arxa buferdə işlək formada olmayan və bəzək üçün vurulmuş ikinci səsboğucu, qabaq təkərin arxa hissəsinə vurulmuş qulaqlıqlar, qabaq faraların üstündəki “nakleyka”, maşının üstündəki 6 ədəd dişlər idi. Mən ona başa salmağa çalışdım ki, bunlar avadanlıq deyil, aksesuarlardır və qanun aksesuara qadağa qoymur. Ancaq yol polisi əl çəkmədi, dedi, “mən aparıram cərimə meydançasına, orada özünüz aydınlaşdırarsınız”. Belə başa düşdüm ki, bu yol polisləri ya doğrudan da o dərəcədə savadsızdılar ki, aksesuarla avadanlığı ayırd edə bilmirlər, ya da sürücülərin əsəbləri ilə oynayırlar”.

MAŞIN CƏRİMƏ MEYDANÇASINA GEDİB, AMMA...

Yol polisinin dediyi olub – maşın cərimə meydançasına aparılıb.

Baş Dövlət Yol Polisindən “Qaynar xətt”ə bildiriblər ki, sürücü Fərid Rzayevlə bağlı anlaşılmazlıq aradan qaldırılıb və maşın sahibinə qaytarılıb. Elə sürücü özü də AzadlıqRadiosuna “anlaşılmazlığa” necə aydınlıq gətirilməsindən danışır:

“Getdim Baş Dövlət Yol Polis İdarəsinə, oranın işçilərindən olan mayor Anar Hüseynli qəbul etdi. Əvvəl o da qanunsuz olduğunu sübut etməyə çalışdı, ancaq mən ona başa salmağa çalışdım ki, qanunda aksesuarın vurulmasına aid qadağa yoxdur – əgər həmin aksesuar maşının konstruktiv dəyişikliyinə səbəb olmursa, məsələn, maşın uzaqdan görünəndə modelinə dəyişiklik vermirsə, bu aksesuarların istifadəsinə icazə var. O da məni anladı və maşını cərimə meydançasından cəriməsiz çıxarmağıma dair bir arayış verdi. Həm də söz verdi ki, həmin yol polislərinə bir daha mənə maneələr yaratmamaqdan ötrü şifahi tapşırıq verəcək”.

HƏM MADDİ, HƏM MƏNƏVİ ZƏRƏR

Fərid Rzayev deyir, əslində yol polislərinə, həqiqətən də, əlavə belə tapşırıq verilməsinə ehtiyac var. Çünki dediyinə görə, yol polisləri hələ aksesuarla avadanlığı ayırd edə bilmirlər. Bilgisizlikləri azmış kimi, üstəlik, sürücünü həm maddi, həm də mənəvi zərərə salırlar:

“Mənim vaxtımı da alıblar, əsəblərimi də pozublar. Aksesuarla avadanlığı ayırd edə bilməyən savadsız birisi yol polisində niyə çalışmalıdır? Özü bilgisizdir, sürücünü cərimələyir və düşünür ki, vəziyyətdən çıxış yolunu tapdı”.

Fərid Rzayev deyir, bundan əvvəl də eyni yerdə yol polisi onu saxlayaraq aksesuara görə maşını cərimə meydançasına aparmaq istəyibmiş. Ancaq sürücünün inadından sonra fikrindən daşınıb. İkinci dəfə mübahisə dərinləşdiyindən sürücü yol polisinin göstərişi ilə maşını cərimə meydançasına sürməli olub.

Buna da bax: Çox protokol yazan yol polisi mükafatlandırılacaq

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG