Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:40

Zimbabvelilər yeni milli valyutanı qəbul etmək istəmirlər


200 və 500 milyon Zimbabve dolları, 2008
200 və 500 milyon Zimbabve dolları, 2008

Zimbabvenin sınaq məqsədilə yenidən öz valyutasına qayıdışı vətəndaşların güclü qəzəbini doğurub.

Milli valyutanın 500 milyard faizlik inflyasiya-ya məruz qalması ölkəni çox ağır duruma salmışdı. Nəticədə yeddi il öncə Zimbabve milli valyutasından imtina etməli oldu. İndi vətəndaşlar bu halın yenidən təkrarlanacağından narahatdırlar. Bu barədə “Bloomberg” informasiya agentliyi yazır.

Ölkə tezliklə yeni əskinaslarını buraxacaq. Bir Zimbabve dolları bir ABŞ dollarına bərabər olacaq. Mərkəzi bankın rəhbəri John Mangudya bildirib ki, ən kiçik əskinas 2, ən böyüyü isə 5 dollar olacaq. Bu, 2009-cu ildən bəri iqtisadiyyatı zəbt etmiş xarici valyutaları əvəzləmək cəhdidir. Bir tərəfdən xarici valyutaya tələbat, digər tərəfdən də ixracatın azalması bazarda xarici valyuta qıtlığının yaranmasına səbəb olmuşdu.

Buna da bax: Devalvasiyalardan sonra hökumət artıq ÜDM-lə öyünmür

Amma özünün Mutaredəki dükanında qarğıdalı unu, konserv, ədyal kimi mallar satan James Sakupwanya buna inanmır. O və digər zimbabvelilər yeni əskinasları nifrət etdikləri zimbabve dollarına qayıdış kimi görürlər. Yeddi il öncə milli valyutadan imtina ərəfəsində bir ABŞ dolları 150 trilyon Zimbabve dollarına bərabər idi!

“BU, ONLARIN VALYUTASIDIR”

“Biz onu rədd edəcəyik. Onlar istədikləri qədər qanun çıxara bilərlər. Bu, onların valyutasıdır. Onlar özlərinin yaratdıqları böhranı idarə etməkdən ötrü bu valyutanı bizə sırımaq istəyirlər", Sakupwanya deyir.

Bundan əvvəl milli valyutanı dövriyyəyə buraxmaq barədə planların elan olunması paytaxt Hararedə etirazlar yaratmışdı. Hətta hökumətin bu əskinasların arxasında 200 milyon dollarlıq xarici kreditlərin dayandığını deməsi də etirazları önləyə bilmədi. Dolların əllərdə cəmləşməsinin qarşısını almaq üçün banklar nağd pul çıxarışlarını məhdudlaşdırıblar. Ölkədə aparılan bütün əməliyyatların 95%-ində ABŞ dollarından istifadə edilir. Bəzi dükanlar ən vacib malların satılıb qurtardığını bildirirlər.

Buna da bax: Tendersiz xərclənən milyardlar

Zimbabvedə likvidlik böhranı o həddə çatıb ki, hökumət son aylar işçilərinin maaşını vaxtında ödəyə bilmir. Maliyyə naziri Patrick Chinamasa sentyabrın 9-da deyib ki, dövlət ödəmə öhdəliklərini yerinə yetirə bilmədiyindən 25 min məmur yerini ixtisara sala bilər. Zimbabvenin Beynəlxalq Valyuta Fondu, Dünya BankıAfrika İnkişaf Bankı da daxil olmaqla, kreditorlara 9 milyard dollara qədər borcu var.

Zimbabve ABŞ dollarından əlavə, daha səkkiz beynəlxalq valyutadan istifadə edir. Onların arasında Cənubi Afrika randı, avro, Britaniya funtu və Çin yuanı da var. Mangudya və Zimbabvenin Gəlirlər İdarəsinin (fiskal siyasəti tənzimləyən dövlət qurumu) rəhbəri Willia Bonyongwe deyirlər ki, Zimbabve dollarının başına gələnlər barədə xatirələr hələ yeni olduğundan, yeni əskinasları zimbabvelilərə qəbul etdirmək çətin olacaq.

İNSANLAR DOLLAR TOPLAMAĞA BAŞLAYIBLAR

“İnsanlar əskinasları istəmirlərsə, onları qəbul etməli deyillər", Mangudya bu ayın əvvəli sahibkarlara deyib. Bonyongwe isə bildirib ki, əskinasların ölkəyə gətirilməsi barədə gözləntilər "iqtisadiyyatda qeyri-müəyyənliyə" yol açıb və insanlar dollar toplamağa başlayıblar.

Hararedə yerləşən Əmək və İqtisadi Tədqiqat İnstitutunun iqtisadçısı Naome Chakanya-nın fikrincə, yeni əskinasnar iqtisadiyyatın üzləşdiyi struktur problemlərini aradan qaldırmayacaq. İqtisadiyyatın çöküşünün səbəbi ağların əlində olan kommersiya fermalarının bağlanaraq qaradərili subsidiyalı fermerlərə verilməsidir. Bunun nəticəsində tütün və qızılgül ixracatı azaldı və iqtisadiyyatda on illik böhran yaşandı.

BMT-nin məlumatına görə, Zimbabvenin 13 milyonluq əhalisinin təqribən 3 milyonu böhrandan canını qurtarmaqdan ötrü ölkəni tərk edib və hələ də ölkə xaricində yaşayır. 2009-cu ildə istehsalat sektorunda iş yerlərinin sayı 200 mindən 85 minə düşüb. Mərkəzi bankın məlumatında deyilir ki, son 3 ildə 4 min 600 şirkət bağlanıb.

KREDİTİ KİM VERƏCƏK

Chakanyan-ın sözlərinə görə, ölkədə qara bazarın yaranması ehtimalı yüksəkdir. Bu isə iqtisadiyyatda daha çox problemə, o cümlədən inflyasiyaya yol aça bilər.

Yeni əskinasları dəstəkləməkdən ötrü kimin Zimbabveyə kredit verməsi də sual doğurur. Afrika ixrac-idxal bankının cənubi Afrika üzrə regional meneceri Gift Simwaka bu əskinasların beynəlxalq kreditorlar tərəfindən dəstəkləndiyi barədə xəbəri təsdiqləməyib.

Sakupwanya deyir ki, güclü bazası olmasa, bu pulların 2008-ci ildə yaşanmış hiperinflyasiya zamanı dövriyyəyə buraxılmış müvəqqəti valyutadan fərqi olmayacaq.

“Onlar unudurlar ki, 2008-ci ildə biz o çekləri qəbul etməmişik. O zaman bizim onların əskinaslarını rədd etməyimizi nə əngəlləyə bilər", deyə o bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG