Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:34

25 milyardlıq gölməçələr ölkəsi


Bakıda yol təmiri- 24 aprel 2012
Bakıda yol təmiri- 24 aprel 2012

"Azadlıq".info saytı yazır ki, baş nazirin müavini Abid Şərifov son illər nəqliyyat infrastrukturuna 25 milyard dollar investisiya yatırıldığını desə də, ölkənin yolları bərbad durumdadır.

"Ölkənin mövcud büdcəsindən iki dəfə çox vəsait nəqliyyat infrastrukturuna xərclənsə də, acınacaqlı vəziyyət göz qabağındadır. İntellektual idarəetmə sistemi rəhmətə getdi, bəh-bəhlə çəkilmiş yollar çat verdi, körpülər uçdu, hələ də normal kanalizasiya sistemi yoxdur v bərbad vəziyyətdə olan yollar hələ də mövcuddur. Bəli, real qiymətdən 10 dəfə baha qiymətə yollar çəkilib, körpülər tikilib və nəticədə yenə də sıfırdan başlamalı olacağıq".

"Azadlıq".info yazır ki, əslində, təəccüblü heç nə yoxdur. “Azəryolservis”in vəzifəli şəxsi “800 manatlıq işə 10000 min silirdik” deyirsə, 25 milyardlıq nəqliyyat infrastrukturunun, 25 manatlıq nəticəsinin olmağı təbiidir.

"Normal ölkədə 25 milyardın xərclənməsindən sonra, kənd küçələri də Avropa standartlarına uyğun olmalı idi, ölkədə köhnə avtobus, qatar qalmamalıydı. Fakitki olaraq 25 milyard dollar yoxa çıxıb, bu qədər vəsaitin xərclənməsinin nəticəsi yoxdur. 25 milyard doların xərclənməsindən sonra qərara gəliblər ki, kanalizasiya sistemi haqqında düşünsünlər. 25 milyard dollar xərclədikdən sonra palçıqda, sınıx-salxaq avtobuslarda, köhnə qatarlarda gəzirik. Yayda kondisionerli qatara minə bilmək üçün, metroya niyyət edib düşürük. Bir sözlə, 25 milyard puldan sonra “gölməçələr ölkəsi”nə çevrilmişik".

"Azadlıq prospekti" stansiyası Baku, 30 dekabr 2009
"Azadlıq prospekti" stansiyası Baku, 30 dekabr 2009

Metroda gediş haqqı bahalaşa bilər

"Bizim Yol" qəzeti bunu iqtisadçı Qubad İbadoğluna istinadən yazır. Qubad İbadoğlu bildirib ki, növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilər:

"Bunun üçün müəyyən zəmin hələ bu il iyulun 15-dən sonra elektrik enerjisinin qiymətinin artırılması zamanı yaranmışdı. O zamandan olan gözləntilərə 2017-ci ilin büdcə layihəsi son qoya bilər. Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, "Bakı Metropoliteni" QSC-yə sərnişin daşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb. Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər. Çox güman ki, bu artım gələn il yanvarın 1-dən etibarən reallaşacaq. Yəqin ki, rəsmilər bu qərarı xüsusilə də Avropa və ABŞ-da olan qiymətlərlə müqayisə edib, əsaslandırmağa çalışacaqlar".

Qəzet yazır ki, metroda gediş haqqının artırılması avtobusda və taksi xidmətində də gediş haqlarının bahalaşmasına gətirib çıxaracaq.

Azərbaycan manatı
Azərbaycan manatı

Manatın məzənnəsi nədən asılıdır?

"Azərbaycan" qəzeti yazır ki, ölkə iqtisadiyyatının 4-5 il əvvəlki sürətlə inkişaf etməməsi məlum faktdır.

"Məlum olan həm də bunun səbəbləridir - indi nə Azərbaycanda həmin dövrdəki həcmdə neft hasil olunur, nə də onun qiyməti 100 dollardan yuxarıdır". Qəzet yazır ki, son dövrlər Azərbaycan manatı devalvasiyaya uğradılıb: "2 ilə yaxındır milli valyutamız - manatımızın başının üstündə bazar iqtisadiyyatının qara buludları dolaşır. Təxminən 10 il ətrafda baş verən bütün hallara sinə gərib davam gətirən, bu zaman hətta ABŞ dolları və avro kimi valyutalara, necə deyərlər, meydan oxuyan manat son 2 ildə iki dəfə devalvasiyaya uğradılıb. “Uğradılıb” yazırıq ona görə ki, manatın hər iki devalvasiyası inzibati yolla olmuşdur və bu addımı atan Mərkəzi Bank qərarlarını bazar iqtisadiyyatının tələblərindən irəli gələn qaçılmaz tədbir kimi izah etmişdir. Yeri gəlmişkən xatırladaq ki, Mərkəzi Bank manatın ABŞ dollarına nisbətdə dəyərini ikinci dəfə müəyyən edəndə bunu devalvasiya yox, milli valyutamızın “üzən məzənnə”yə keçməsi adlandırmışdır. Amma həm qərar veriləndə, həm də valyuta bazarında baş verən sonrakı reallıqlar göstərdi ki, Mərkəzi Bankın ikinci qərarı da elə devalvasiya imiş".

Məqalə müəllifi yazır ki, bir gözü pul kisəsində, bir gözü isə qiymətlərdə olan əhalinin aztəminatlı təbəqəsini peşəkarların fikirləri maraqlandırmır:

"Çünki bu gün onları manat barədə kimin nə deməsi yox, manatın sabahkı məzənnəsi, yəni dükan-bazardakı qiymətlər daha çox maraqlandırır. Mərkəzi Bankın timsalında isə indi bunu proqnozlaşdırmaq elə də asan deyil".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG