Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:49

'10 min işsizlər ordusu yarana bilər'


Foto: arxiv
Foto: arxiv

Ölkədə regional inkişaf, banklarla bağlı qanunvericiliyə gözlənən düzəlişlər, bank sahəsindəki ixtisarlar, ölkədə korrupsiyanın genişlənməsi bu günkü medianın aparıcı mövzusudur.

“Prezidentin Qərb rayonuna səfəri göstərdi ki...”

“Azərbaycan” qəzeti “Regional inkişaf yeni keyfiyyət mərhələsinə qədəm

qoyur” sərlövhəli məqaləsində ölkədə iqtisadi inkişafı dəyərləndirir.

Müəllif deyir ki, Azərbaycan üçün xarakterik olan beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi dönəmdə belə, öz yolu ilə inamla addımlamasıdır:

“Xüsusən beynəlxalq iqtisadi geriləmənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan son illərdə Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən yeni iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub”.

Buna da bax: İlham Əliyev: «Bəlkə bir az yavaşlayaq?»

Yazıda göstərilir ki, iqtisadi inkişafı şərtləndirən vacib amillərdən biri bütün sahələr üzrə müasir infrastrukturun yaradılmasıdır və prezident İlham Əliyevin yaxın günlərdə ölkənin qərb bölgəsinə səfəri regionların infrastrukturunun müasir standartlara uyğun yenidən qurulduğunu göstərib.

Məqalə müəllifinin fikrincə, ölkə hakimiyyətinin qarşıya qoyduğu əsas məqsəd və vəzifələrdən biri son illər qazanılan sosial-iqtisadi uğurların davamlı olmasını təmin etməkdir və müəllifhesab edir ki, dövlət başçısının Qərb rayonuna səfəri də “ahəngdar inkişaf üçün bütün addımların atıldığını, bir daha ölkənin davamlı inkişaf və quruculuq yolunda olduğunu təsdiq edir”.

“Pulu olan insanlar böyük qorxu ilə üz-üzədirlər”

“Azadlıqinfo” saytı “Banklarla bağlı dəyişiklik heç nəyi dəyişməyəcək”

sərlövhəli məqaləsində bank sahəsindəki qanunvericiliyə gözlənən əlavələri ekspert Nemət Əliyevlə müzakirə edib.

Ekspert sayta bildirib ki, Azərbaycanda indiyə qədər mövcud olan qanunlar işləməyibsə və ayrı-ayrı vəzifəli şəxslərin sözü daha kəsərli olubsa, bundan sonra da qanunların işləyəcəyinə ümid çox azdır:

“Birinci növbədə ölkədə mühit dəyişməlidir, normal məhkəmə sisteminin qurulması, qanunların işləməsi vacib şərtdir”.

Buna da bax: Ramiz Mehdiyevin kürəkəni: «Banklar vətəndaşları aldadır»

Nemət Əliyev ölkənin bank sistemi və vətəndaş münasibətlərinin gələcəyinə nikbin yanaşmayıb:

“ Bu gün banklar tam çöküb, bankların daha çox əziyyət çəkdiyi odur ki, ölkədə normal bank fəaliyyəti yoxdur. Əgər ölkədə bank sistemi çökübsə, onlara inam yoxdursa, insanlar banklara pul qoyluşundan çəkinəcəklər”.

N.Əliyev deyir ki, investorları ölkəyə maliyyə yatırmağa inandırmaqdan ötrü normal iqtisadi-hüquqi mühit yaradılmalıdır:

“Onlar əmin olmalıdır ki, xüsusi xidmət orqanlarının əməkdaşları onların başına torba keçirib, aparmayacaqlar. Pulu olan insanlar böyük qorxu ilə üz-üzədirlər. Onların iqtisadiyyatın gələcəyinə ümidləri yoxdur».

“10 minlik işsizlər ordusu yarana bilər”

“Exo” qəzeti isə “Azərbaycanda işdən azad edilən bank əməkdaşlarının sayı 10 minə çatacaq” sərlövhəli məqalədə bank sahəsindəki işdən azad olunmaları araşdırır.

“Son bir il ərzində işini itirən bank əməkdaşlarının sayı Azərbaycanda sürətlə 3 minə yaxınlaşır. Söhbət hələ işsizliyə görə müavinət almaq üçün məşğulluq mərkəzlərinə müraciət edən şəxslərdən gedir. Yeri gəlmişkən, ekspertlərin proqnozlarına görə, ölkə iqtisadiyyatının bu sektorunda işsizlərin sayı əhəmiyyətli dərəcədə arta bilər, çnüki Azərbaycanda “bankların batması” prosesi hələ başa çatmayıb”.

Buna da bax: Yüksək kredit faizləri Əliyevlərin banklarını varlandırır

Bunu isə qəzetə ekspert Azər Mehtiyev şərh edib.

Ekspert deyir ki, yaxın zamanlarda maliyyə müəssisələrində yenə azalmalar ola bilər, belə ki, fəaliyyət göstərən banklarda ştatların ixtisarı davam edəcək:

“Hazırda bank strukturlarının və əməkdaş sayının optimallaşdırılması prosesi gedir. Neftin qiyməti yüksək olan zamanlarda verilən əsassız yüksək faizli kredit hesabına maliyyə müəssisələrinin qazancları çox idi. Ona görə də əməkdaşların sayını artırmaqla işlərini genişləndirməyi özlərinə rəva bilərdilər. Amma elə ki, manat devalvasiyaya uğradı və banklar vaxtı keşmiş kreditlərlə üz-üzə qaldılar, bank əməkdaşlarının kütləvi ixtisarı başladı”.

Bunu da qəzetə ekspert A.Mehtiyev bildirir.

“Sistemin doğurduğu talançılıq”

“Novaya Vremya” qəzetində isə “Dövlət məmurlarının talançılığı fəlakətli

miqyas alır” məqaləsində son yağışların Bakıda yaratdığı vəziyyət təhlil olunur.

Yazı müəllifi deyir ki, Azərbaycanda korrupsiyanın mövcudluğu yeni mövzu deyil:

“Hamı bilir ki, məmurlar oğurluq edir, hər ikinci utanmadan oğurluq edir, hər birinci isə ikincini müdafiə edərək deyir ki, o da oğurluq edir, amma bunu xəlvəti edir. İndi təmiz məmur tapmaq çtindir, ona görə yox ki, yoxdur, ona görə ki, onlara inanmaq çətindir. Oğru məmur adi haldır, təmiz məmur isə möcüzə sayılır”.

Müəllif vaxtilə Milli Təhlükəsizlik, Rabitə və Yüksək Texnologiyalar nazirliklərində baş verən cinayət əməllərini göstərərək buradakı mənimsəmələrin miqyası barədə də danışır.

Məqalədə vurğulanır ki, talançılıqların nəticəsi olaraq dövlətə ciddi maddi, cəmiyyətə isə mənəvi zərbə dəyib, həm də artıq bunun qarşısını almaq mümkün deyil:

“Qaldırılan hər hansı cinayət işi, simvolik həbs müddətləri idarəetmə sisteminin doğurduğu sonsuz oğurluqları dayandıra bilməz. Eldar Mahmudov və onun komandası ilə olan hadisə göstərdi ki, prokurorluq kimi nəzarət orqanı vəzifəsinin öhdəsindən gəlməyib, bütün qanunsuzluqlara göz yumub. Bu elə Hesablama və Audit palatalarına da aiddir. O zaman bu nəzarət orqanları nəyə lazımdır? Korrupsiya piramidası o qədər böyük və mürəkkəbdir ki, onun dağıdılması uzun və yəqin ki, ağrılı-acılı olacaq, amma başqa yol da yoxdur. Onlar özləri oğurluğu dayandırmayacaqlar, sonuna qədər oğurlayacaqlar, qandallanana, istintaq təcridxanalarına, həbs düşərgələrinə qədər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG