Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:10

Yerevanda qan tökülür, hakimiyyət ultimatum verir


Silahlı dəstənin mətbuat katibliyini edən Varujan Avetisyan deyib ki, bütün əlamətlər hakimiyyətin hücuma hazırlaşdığını göstərir

Ermənistanda polis antihökumət mitinqini zorakılıqla dağıdıb.

Polis nümayişçilərlə toqquşmada dəyənəklərdən, gözyaşardıcı qazlardan və səs qumbaralarından istifadə edib.

Toqquşmalar zamanı 60 nəfərin xəsarət aldığı, 100-dək etirazçının həbs olunduğu xəbər verilir.

Yerevanın mərkəzindəki Azadlıq meydanında keçirilən mitinqlərdən məqsəd polis binasını zəbt etmiş silahlı dəstə ilə həmrəylik ifadə olunmasıdır.

Bir sıra yerli təhlilçilər bildirirdilər ki, hakimiyyət qan tökülməməsi üçün günlərdir səbir nümayiş etdirsə də, getdikcə gərginləşən qarşıdurmanın başa çatdırılması üçün Moskvanın təzyiqi altındadır.

Rusiyanın dövlət telekanalları Yerevanda mitinqin dağıdılması barədə xəbərləri narahatlığın ardınca rahatlıq əhval-ruhiyyəsində təqdim edirlər.

Polislə üz-üzə

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Yerevanda polis idarəsini zəbt etmiş silahlılarla həmrəylik yürüşü keçirən etirazçılar polis səddini qırıblar.

Bu xəbəri yayan RBK-nın məlumatında deyilirdi ki, nümayişçilər zəbt olunmuş binaya yaxınlaşmağa cəhd göstərirdilər.

İnterfax-ın xəbərində isə deyilirdi ki, sayları təxminən 2 min olan yürüşçülər zəbt olunmuş binaya doğru hərəkət ediblər.

Yerevan polisinin rəis müavini Valeri Osipyan nümayişçilərə xəbərdarlıq edib ki, silahlılar tərəfindən zəbt edilmiş binaya yaxınlaşmağa cəhd göstərməsinlər, çünki orada hazırda “xüsusi əməliyyat” aparılır.

Müxalifət antihökumət yürüşlərini davam etdirir
Müxalifət antihökumət yürüşlərini davam etdirir

Gün ərzində bu “xüsusi əməliyyatın” nə olduğunu təxmin etməyə imkan verən xəbərlər alınır.

İnterfax və Vesti Ermənistan polisinin mətbuat xidmətinə istinadən bildirib ki, binadakılarla atışma nəticəsində “ekstermist silahlı qrupun” üzvlərindən iki nəfəri yaralanıb.

Onların “Erebuni” tibb mərkəzinə gətirildiyi xəbər verilib.

Bundan əvvəl silahlı dəstənin daha bir üzvünün – Araik Xandoyanın yaralandığı xəbər verilmişdi.

Ermənistan rəsmiləri iddia edirlər ki, polis binanı zəbt etmiş dəstəyə yalnız cavab atəşi açır.

Dəstə döyüşə hazırdır

Novosti Armeniya saytı baş verənlərin təfərrüatlarını bildirib.

Silahlı dəstənin mətbuat katibi Varujan Avetisyan deyib ki, onların kifayət qədər qüvvəsi var
Silahlı dəstənin mətbuat katibi Varujan Avetisyan deyib ki, onların kifayət qədər qüvvəsi var

Silahlı dəstənin yaralanmış üzvü, “Yalquzaq” ləqəbli Araik Xandoyan deyib ki, onların nəzarətində olan post-patrul xidməti alayının ərazisi üzərində dron uçurulub və o, dronun əraziyə bomba atıb-atmadığını öyrənmək istəyəndə yaralanıb.

Silahlı dəstənin mətbuat katibliyini edən Varujan Avetisyan deyib ki, bütün əlamətlər hakimiyyətin hücuma hazırlaşdığını göstərir.

O deyib ki, dronlar PPX ərazisinə sonradan partladıla biləcək bombalar atır.

Avetisyan deyib ki, belə davam edərsə, “biz silahlı müqavimət göstərəcəyik”.

“Biz terrorçu deyilik, lakin ciddi zərbə endirmək üçün kafi qüvvəmiz var” – deyib Avetisyan.

Sonuncu ultimatum

Yerevanda iyulun 17-dən post-patrul xidməti alayının binasını ələ keçirmiş silahlı dəstə Ermənistan hökumətinin buraxılmasını, prezident Sarkisyanın istefasını və həbsxanadakı müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

İyulun 28-dən 29-a keçən gecə Yerevanın Azadlıq meydanına toplaşan etirazçılar prezident Serj Sarkisyanın iqamətgahına yürüş təşkil etmişdilər.

Bu yürüş yarımçıq dayandırılmışdı.

TASS xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti binanı zəbt etmiş dəstəyə silahı yerə qoyması üçün sonuncu ultimatumunu verib.

Ultimatumda deyilir ki, “Milli Təhlükəsizlik Xidməti silahlı dəstədən sağlam düşüncə nümayiş etdirməyi, silahı könüllü şəkildə yerə qoyub hakimiyyət orqanlarına təslim olmağı tələb edir.”

Prezident Serj Sarkisyan artıq 12-ci gündür ki, ictimaiyyət qarşısına çıxmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG