Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:54

Ermənilərin Maydan qorxusu...


Polis Yerevanda aksiya iştirakçılarından olan qadını saxlamağa çalışır. 6 iyul 2015
Polis Yerevanda aksiya iştirakçılarından olan qadını saxlamağa çalışır. 6 iyul 2015

.

Türkiyənin “Today’s Zaman” qəzeti Ermənistanda elektrik enerjisinin qiymətinin artımına görə keçirilən etirazlardan yazır.

Qəzet qeyd edir ki, Ermənistanda bir etiraz mədəniyyəti formalaşıb. İndiyədək bu keçmiş sovet respublikasında bir sıra səbəblərlə bağlı etirazlar keçirilib. İqtisadi durum pisləşir, ultra-varlı oliqarxlar isə iqtisadiyyatdakı çatışmazlıqlardan xeyli faydalanıblar.

“Prezident Serzh Sargsyan etirazçılarla çox ehtiyatlı davranıb, çünki dünyanın diqqəti onlara yönəlib. O, nümayişçilərə bir neçə dinc çağırış edib, etirazların öz-özünə dağılmasını gözləyib. Bu strategiya da işləyib. İndi etirazlar səngiyib, çünki daha onlara güclü iştirakçılar, təşkilatlar, ya liderlər rəhbərlik etmir.

Rusiya mediasının təxribatçı yazıları da etirazçıları ehtiyatlı davranmağa sövq edib. Rusiya qəzetləri Ukraynadakı Maydan etirazlarına eyham vurub. Maydan ölkədəki qanlı münaqişənin başlanğıcı sayılır. Beləliklə, Yerevan etirazçıları ehtiyatlı davranmağa məcbur oldular və ona görə də məqsədlərinə çata bilmədilər”.

Siyasi şərhçi Johnny Melikyan deyir ki, əhali pisləşən həyat şəraiti içində boğulur və dərin sosial-iqtisadi problemlərin həlli üçün dərhal addımlar atılmalıdır. Melikyan iqtisadi sistemin dəyişməli olduğunu, monopoliyaya qarşı mübarizənin vacibliyini vurğulayır.

Müəllif Mehmet Fatih Öztarsu yazır:

“Ermənistanda yüksələn etiraz mədəniyyəti daha keyfiyyətli həyat uğrunda konstruktiv addımların qəbuluna gətirib çıxarmayıb. Rusiyadan asılılıq və oliqarxların sərvəti ziddiyyətin mənbəyidir. Əslində oliqarxiya tamamilə Rusiyanın maraqlarına xidmət edir və bu da sosial rifahın çöküşü deməkdir. Ancaq son etirazlarda insanlar digər siyasətçilərə deyil, birbaşa Prezident Sarayına xitab etdilər. Bu, ölkədə yeni proseslərin əlaməti hesab oluna bilər”.

Ukraynadakı qarışıqlıq hələ Yunanıstana çatmayıb

“Yunanıstan müflisləşmə uçurumuna yuvarlanan yeganə Avropa ölkəsi deyil. Bir neçə həftəyə Ukrayna da xarici kreditorlara borcunu ödəyə bilmədiyini elan etməyə məcbur olacaq”. Bunu “Foreign Policy”Ievgen Vorobiov yazır:

“Bir neçə həftə öncə Ukrayna parlamenti qanun qəbul edərək hökumətə xarici kreditorlara ödənişləri təxirə salmaq səlahiyyəti verib. Kreditorlar borcun təklif olunan restrukturizasiyasına razılaşmasalar, Ukrayna hökuməti bu variantdan istifadə edə bilər”.

Ancaq Ukraynanın borcu Beynəlxalq Valtuta Fondu (BVF), yaxud Avropa Mərkəzi Bankına deyil, bir qrup özəl kreditoradır. BVF də Kiyev hökumətilə razılaşır ki, ölkənin ÜDM-nin 95 faizinə bərabər olan borc yükü çəkiləsi deyil və özəl kreditorlar bu borcu yarıbayarı azaltmağa razılaşmalıdırlar.

Ancaq bu təklif Ukrayna rəsmiləri ilə danışıqlar aparılması üçün yaradımış “kreditorlar komitəsi” tərəfindən elə də rəğbətlə qarşılanmayıb. Bu həftə borcun strukturu üzrə danışıqlar başlanır. Lakin iyulun 24-dək razılaşma əldə edilməsi də real görünmür. O vaxtadək Ukrayna kreditorlara 120 milyon dollarlıq ödəniş etməlidir.

Ölkə siyasətçilərindən çoxu belə düşünür ki, özəl kreditorlarla problem yaransa belə, BVF yardımını əsirgəməyəcək. Onların fikrincə, məhdud “texniki” defolt Ukraynanın tamamilə rədd edilməsi demək deyil:

“Bu yaxınlarda keçirilmiş onlayn sorğu defoltun mümkünlüyü barədə fikirlərin bərabər həddə çatdığını ortaya qoyub. Ancaq Yunanıstandan fərqli olaraq, qeyri-müəyyənlik küçələrdə çaxnaşma yaratmayıb. Ukraynalılar xarici valyuta almağa qaçmırlar. Banklarda da növbələr yaranmayıb. Kommersiya bankları iyunda açılan depozitlərin sayında yüngül artım olduğunu bildirir. Ölkənin üzləşdiyi çətinliklərə baxmayraq, xarici borclar üzrə defolt ukraynalıların hökumətə qarşı etirazına gətirməyəcək”.

İran daha çox istəyir

“Washington Post”da Jennifer Rubin İranın nüvə danışıqlarında silah embarqosuna son qoymaq tələbini qaldırmasından yazır.

“İranın nüvə silahları ilə bağlı bütün tələblərinə razılaşdığımız bəs deyilmiş kimi, indi də digər sahələrdə yüngülləşmə istəyir. Səbəbini tapmaq çətin deyil. ABŞ-ın danışıqlarda mövqeyi çox zəifləyib.

Bu məqamda razılaşmanın mahiyyəti onun nə vaxt əldə edilməsindən daha vacibdir. Prezident Obama haqlı olaraq deyib ki, verifikasiya sistemi olmasa, razılaşma da olmayacaq. Aldatmanın bədəli olacağını aydın şəkildə bildirmək az əhəmiyyət daşımır.

Ancaq biz bir neçə dəfə eyham vurmuşuq ki, sazişə əməl olunmasa, gözardı ediləcək. İran da yəqin fikirləşir ki, pozuntulara fərqli reaksiya göstərilməyəcək” deyə müəllif bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG