Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:06

Yeni Zelandiyalı fotomüxbir 'Rasputin'i tapıb


Victor Prolubshikov, 1 dekabr 2016
Victor Prolubshikov, 1 dekabr 2016

Amos Chapple Yeni Zelandiyadan fotomüxbirdir. Keçmiş SSRİ-yə xüsusi marağı var. AzadlıqRadiosu onun Rasputinlə bağlı yazısını təqdim edir.

Rusiya, Pokrovskoye

Rasputin? Əlbəttə, bir neçə qapı aşağıda, dambacalı evdə yaşayır.

Sibirin ən məşhur kəndlisinin qohumunun yaşadığı yeri soruşduqda, Pokrovskoye kəndindəki baqqal dükanında işləyən qadın titrək səslə bizi yönləndirdi.

Məhvə məhkum olan çar ailəsini ovsunlayan əxlaqsız sehrbaz Qriqoriy Rasputin 1869-cu ildə məhz burada, Pokrovskoye kəndində anadan olub və yaşayıb. Bir çox yerlilərin “Rasputin” adlandırdığı Viktor Prolubshikov da elə bu kənddə yaşayır.

Foto: arxiv, Grigorii Rasputin qadınlar arasında
Foto: arxiv, Grigorii Rasputin qadınlar arasında

Qapını döyürük və daxmadan qəribə donqultu eşidilir: “Kimdir orada?”

Qapı açıldıqda sarsıdıcı etiraf anı yaranır. Ola bilər ki, onun saçları və saqqalı qəsdən “divanə rahibin” xarici görünüşünə uyğunlaşdırılıb. Amma burnu Rasputin-in müasirlərinin onu təsvir etdiyi kimi, “elə bil, qaşıqla vurulmuş kimi”dir. Hipnozedici qabarıq gözləri də eynidir.

100 il öncə bu ayda Qriqoriy Rasputin öldürülüb. Onun Sibirin kənd daxmasından Rusiya çarı ailəsinə qədər bənzərsiz yüksəlişi müstəsna bacarığıyla bağlıdır. O bacarıq ki, rus taxtının vəliəhdi Alekseyin xəstəliyini yüngülləşdirmək işinə yarayırdı .

Oğlan genetik xəstəlikdən, hemofiliyadan əziyyət çəkirdi. Çar ikinci Nikolayın kişi cinsindən olan vəliəhdi ən adi burunqanamasından da ölə bilərdi. Rasputin həkimlərin əldə edə bilmədiyi uğuru qazanmaqla çariça Aleksandranın və çar Nikolayın sarsılmaz inamına nail oldu.

İçki və seks yanğısı

Amma onun masa arxasında “heyvani” davranışı, içki və seks yanğısı, çar ailəsinə sərbəst girişi rus cəmiyyətini qəzəbləndirir. Rusiyanın Birinci Dünya müharibəsinə qatılmasından sonra Rasputinin ciddi dövlət məsələlərində çar ailəsinə təsiri haqda fikirlər hakim ailəyə inamı sarsıdır. Cəmiyyətin gözündə Rasputin bütöv ictimai quruluşu təhlükəyə atırdı. Hər bir halda, o getməli idi.

Biz Viktor Prolubshikovun köhnə taxta stolunun küncündə siqaret çəkərkən o bizə açıq və sirli təsir bağışlayır. “Ulu nənəm Rasputinin qulluqçusu idi”, – o, əlini yumruğuna çırparaqqanundankənar seksə işarə edir. “Fikirləşirəm ki, nənəm onunla günaha girib”.

Viktorun Rasputinin qohumu olması barədə Pokrovskoye sakinlərinin fikirləri haçalanır.

Məni Viktorun evinə yönləndirən, mağaza sahibi Tatyana Pshenichnikova bir şeyə şübhə etmir:

“Bəzilərimiz onun saqqalından parçalar götürmüşük – uğur gətirsin deyə”.

Amma kənddəki Rasputin muzeyinin sahibləri deyirlər ki, Viktorun Rasputinlə qohumluğu yoxdur, onun ancaq oxşarıdır.

Viktoru tapsam da, ruscam ondan müsahibə götürməyə yetməzdi. Ertəsi gün mən tərcüməçi ilə gələndəsə Viktorun sərxoş vəziyyəti məni heyrətləndirdi. Video müsahibə almağa ümid yeri yox idi. O, öz bacarıqları barədə sirli şəkildə mızıldayır: “Bunlar mənim genimdədir” və s. Sonra mən onun belimi “sağaltmaq” təklifindən yapışıram. Bu, tamaşavari və həyəcanlıdır. O, əlini belimə çəkir, kürəklərimin arasında hansısa şeytanın olması barədə mızıldanır. Sonra isə əllərini şappıldadaraq, “Gedin oradan! Gedin!” – deyə bağırır.

Victor Prolubshikov, Prokovskoye-də öz evində,1 dekabr 2016
Victor Prolubshikov, Prokovskoye-də öz evində,1 dekabr 2016

Bundan sonra mən meditasiyadan sonrakı yüngüllük kimi bir şey hiss edirəm. Viktor isə kreslosuna sərilir, görünür, icra etdiyi hərəkətlərdən yorulur.

“Xeyirxah adam idi”

Amma söhbət Rasputinin ölümünə keçəndə, acıqlı şəkildə canlanır.

“Onlar (Rusiya ali cəmiyyəti) onun kimi geyinərək onu məclislərə dəvət edirdilər, sonra isə onu öldürmək üçün əlbir oldular. Bu, düzgün deyildi.... O, xeyirxah adam idi.”

1916-cı ilin 29 dekabr gecəsi knyaz Feliks Yusupov və çar Nikolayın qardaşı oğlu və daha iki sui-qəsdçi Rasputini aldadaraq gecədən keçmiş məclisə dəvət edib tora salırlar. Onlar bu gecədə Yusupovun gözəl arvadının da iştirak edəcəyinə söz verirlər. Sonra baş verənlərin fərqli versiyaları var. Yusupovun öz versiyasına görə, Rasputinə verilən zəhərli pirojnaların və çaxırın heç bir təsiri olmadığından onu güllə ilə sinəsindən vurmalı olurlar.

Bundan sonra, “şeytanın yenidən qayıdışı” kimi, Rasputin yenidən həyata qayıdaraq Yusupova hücum edir, vəhşi heyvan kimi nərildəyərək özünü bayıra, qarın içərisinə atır. Oradan da qaçıb canını qurtarmaq istəyir. Qatillər yaralıya çatır və ona çoxlu atəş açırlar.

Dostoyevskinin cizgiləri

Dostoyevsky
Dostoyevsky

Öldürücü güllələrin Britaniya gizli xidməti tərəfindən çatdırılması barədə versiyalar səslənsə də, bunun sübutu yoxdur. Yusupovun versiyası isə kütləvi mədəniyyət nümunələrinə daxil olub. Onun bütün bunları pul qazanmaqdan ötrü etməsi haqda da ehtimallar var. Əslində, silahsız adamın soyuqqanlıqla qətlə yetirilməsi Yusupovun bu qətli ali məqsədlərlə etməsi fikrini şübhə altına alır.

Tarixçilər Yusupovun versiyasının rus yazıçısı Feodor Dostoyevskinin novellasındakı ev sahibəsinin versiyasıyla oxşar olduğunu deyirlər. Heç kəs 100 il qabaq zirzəmidə baş verənlər barədə dəqiq bir şey bilməyəcək. Amma Viktor ürəyi ilə bu qətlin bir sıra iyrənc təfsilatlarını bilir.

“Onlar onu əzişdiriblər! Hətta öldükdən sonra da, onun sifətinə vurublar!”, – o, başını yellədir, haqsızlıq Viktorun sərxoşluğuyla birgə dərin melanxolik hisslər yaradır.

Rasputin Neva çayından tapılan cəsədi, 1916
Rasputin Neva çayından tapılan cəsədi, 1916

Tezliklə Viktorla görüşümüz başa çatır. Amma mənim müalicə seansımdan ötrü ödəmə etmək lazımdır. Bizlərdən üç nəfər yaxınlıqdakı mağazaya gedirik. Burada mən təxminən 20 dollar xərcləyirəm. Amma Viktor sevinmir: “Araq hanı?”

Sərxoş bir adamın daha çox içməsinə şərait yaratmaq jurnalistikanın yazılmamış qaydalarına zidd olduğundan gərginəm, onunla danışmağa çalışıram, tutduğu çantadakı balıqların və pendirlərin keyfiyyətini vurğulayıram. Ancaq artan krizis göz qabağındadır. Hiss edirəm ki, gözləriylə mənə baxmayacaq. Üzərimə yeriyir. "Yox, yox, yox, mənə araq lazımdır!"

Səsimin alçaq və yazıq tonu ilə başa salmağa çalışıram: "Viktor, mən bir müxbirəm. Bu..."

O, ayağını qara basaraq əllərini üzərimizə qaldırır, gözləri təhdidedici qorxu ilə parıldayır. “Mən sizi lənətləyirəm! Siz yolda qəzaya düşəcəksiniz!”

Bizi təşvişə düşmüş gənc tərcüməçim xilas edir: “Mən müxbir deyiləm”, – deyə hayqıraraq, geriyə - mağazaya tərəf götürülür. Oradan əlində yarımlitrlik araqla çıxarkən Viktorun gözləri işıqlanır və əlimi razılıqla sıxır. O bizi vidalaşmağa dəvət edərək öz xəzinəsilə geriyə öz evinə qayıdır. Qayıdır ki, qalan ömrünü azad şəkildə, öz istədiyi kimi yaşasın.

Pokrovskoye kəndi 1912,Rasputin bu kənddə doğulub
Pokrovskoye kəndi 1912,Rasputin bu kənddə doğulub

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG