Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:39

Avropa Birliyi 2014-cü ildə tütün məhsullarının qablaşdırılması və satışı ilə bağlı məhdudlaşdırıcı tədbirlər müəyyənləşdirmişdi. Bu tədbirlər bu ilin mayın 20-dən Avropa Birliyinə üzv olan bütün ölkələr üçün məcburi hüquqi qüvvəyə minib. Həmin məhdudiyyətlər bir neçə ayrı başlıqda qruplaşdırılıb.

Tütünün sağlamlığa zərəri olduğu barədə mətn və qrafik xəbərdarlıqlar, tütündən imtinaya çağırış şüarı siqaret qutusunun ön tərəfinin və bütövlükdə, səthinin ən azı 65%-ni əhatə etməlidir. Əvvəllər istehsalçılardan qutunun üzərində yalnız mətn xəbərdarlığı yerləşdirilməsi tələb olunurdu. Həmin xəbərdarlıq qutunun səthinin 30%-35%-ni örtməli idi. Üstəlik də bu xəbərdarlıq yazısı siqaret qutusunun lap aşağısında, siqaretin brendi isə yuxarıda verilirdi.

Bundan sonra isə Avropa Birliyində satılan bütün siqaret qutularında brend lap aşağıda göstəriləcək. Yuxarıda mətn xəbərdarlığı, ondan aşağıda tütünü atmağa çağırış, ondan aşağıda siqaretin zərəri barədə iri həcmdə qrafik təsvir yerləşdiriləcək. Bundan əlavə, insanlar üçün adiləşməməsi üçün mətn və qrafik xəbərdarlıqlar hər il dəyişilməlidir.

Ətirli siqaretlər üçün bu qadağa 2020-ci ildən qüvvəyə minəcək

İkinci qaydaya görə, bundan belə tütünün dadını ört-basdır etmək üçün siqaretə mentol, vanil və ya konfet kimi maskalayıcı dadlar əlavə edilə bilməz. Bazar payı 3%-dən artıq olan məhsul növləri üçün, konkret olaraq, mentol ətirli siqaretlər üçün bu qadağa 2020-ci ildən qüvvəyə minəcək.

«Xərçəng xəstəliyinə səbəb olan maddələrin 70%-dən çoxu tütünün tərkibində mövcuddur»

İndiyədək siqaret qutusunun üzərində göstərilən «qatran, nikotin və karbon-monoksid miqdarı» barədə məlumatın əvəzində bundan sonra yalnız bu məlumat yerləşdiriləcək: «Xərçəng xəstəliyinə səbəb olan maddələrin 70%-indən çoxu tütünün tərkibində mövcuddur».

Siqaret qutularının üzərində xəbərdaredici fotoların yerləşdirilməsi ilə siqaretin ölümcül xəstəliklərin yaranmasına yol açdığı da göstərilir. Artıq 2015-ci ildən Avropanın bir çox ölkəsində şəkilli siqaret qutuları (ölümcül xəstəlikləri əks etdirən) satışa şıxarılıb.

Araşdırmalar göstərir ki, qatran, nikotin və karbon-monoksid tərkibi barədə məlumat əslində istehlakçıları çaşdırmağa yönəlib. Belə ki, müəyyən istehsalçının adıçəkilən maddələri nisbətən az göstərməsi insanların həmin siqareti sağlamlığa daha az təhlükəli hesab etməsi ilə nəticələnir. Bu da yanlışdır. Yeni məlumat tütünün sağlamlığa əsil zərərini daha dolğun və dürüst əks etdirir.

10 siqaretlik kiçik qutular bazardan yığışdırılacaq

Başqa bir qaydaya görə, xəbərdaredici məlumatların daha yaxşı görünməsi üçün bundan belə siqaretlərin nazik qutularda qablaşdırılmasına icazə verilməyəcək. Ümumiyyətlə, qutunun içərisində 20-dən az siqaretin olmasına yol verilməyəcək. Bu isə o deməkdir ki, cibxərcliyi nisbətən məhdud olan gənclərin indiyədək daha çox satın aldığı 10 siqaretlik kiçik qutular bazardan yığışdırılacaq. Bu və ya digər tütün məhsulunun digərindən sağlamlığa və ya ətraf mühitə daha az zərərli olması kimi təşviqedici elementlərin yerləşdirilməsi qadağan edilir.

Yeni qaydalar, ilk dəfə olaraq, elektron siqaretlər üçün də təhlükəsizlik və keyfiyyət standartı müəyyənləşdirib. Artıq elektron siqaretlərdə də tərkibində nikotin olduğu və siqaret çəkməyənlər tərəfindən istifadə edilməməli olduğu barədə xəbərdarlıq yazılmalıdır. Elektron siqaretlərin tərkibindəki maddələrin siyahısı və miqdarı da göstərilməlidir. Şirnikləndirici məlumatlara yol verilməməlidir.

Əlbəttə, tütün şirkətləri bütün bunlarla razılaşmayıb. Hətta Avropa Məhkəməsinə də müraciət edib. Ancaq Avropa Məhkəməsinin mayın 4-də çıxardığı qərarı ilə tütün şirkətləri bu işi uduzub.

Günün bütün mövzuları

XS
SM
MD
LG