Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:06

"Allahın yağışının" ümidinə qalan kənd


İllüstrasiya
İllüstrasiya

►Kafarlıların həyəcanı: Deyirlər, bu yay quraqlıq keçəcək

Bərdənin bu kəndində hər il susuzluqdan hektarlarla əkin sahələri yanır, tonlarla məhsul zay olub gedir, heyvandarlıqla məşğul olanlar zərərə düşür

“50 sot yeri 1 həftəyə suvarıram. Kartof, kələm əkmişəm. Heç bilmirəm, məhsul götürə biləcəyəmmi? Deyirlər, bu yay ötən yaydan da quraqlıq keçəcək. Kənddə hamı narahatdır”.

Bərdənin Kafarlı kəndi maldarlıq və əkinçiliklə dolanır. Ancaq hər yay kəndə kabus kimi çökən susuzluq kəndlilərin əhədini kəsir. Badam Hüseynova deyir, hələlik yağış yağır, sahələr suvarılır. Ancaq bu da müvəqqətidir:

SU OLMASA...

“Kələmi həftədə azı bir dəfə suvarmaq lazımdır. Yenə “sən balanın canı, bir əncam çək”, deyib, düşüb qalacam bələdiyyənin qapısında. Hər il də günahı təbiətin üzərinə yıxırlar. Deyirlər, “quraqlıq oldu”, sahələr yandı. Ancaq bu quraqlığın qarşısını almaq mümkündür. Sadəcə, bir azca xərci və əziyyəti var”.

Qarabağ kanalı kəndin burnunun ucunda yerləşir. Badam xala deyir, yığışıb dəfələrlə yerli icra hakimiyyətinə və bələdiyyəyə müraciət ediblər ki, kanaldan kənddəki əkin sahələrinə su çəkilsin.

Kənd sakini İsmixan Qədimov deyir, əvvəllər bankda çalışıb. İxtisara düşəndən sonra qərara gəlib ki, pay torpağında əkinçiliklə məşğul olsun. Su olmasa, Türkiyədən gətirdiyi pomidor şitilləri tutmasa, çəkdiyi xərc də batacaq.

“KƏNDDƏ 5-6 NƏFƏR YAŞAYIR”

Kənd sakini Bayram Bayramov deyir, kanaldan sahələrə su çəkdirənlər var. Ancaq bunlar sadə kəndlilər yox, elə məmur ailələridir:

“Təsərrüfatı saxlamağa su tapa bilmirik. İndi yağış yağır, sahələr suvarılır. 1 həftəyə vəziyyət necə olacaq, bilmirik. Maşallah, özləri üçün hər cür şərait yaradıblar. Kanaldan su da çəkiblər, arx da salıblar... Kənddə 5-6 nəfər yaşayır, qalanları cəhənnəm əzabı çəkir”.

Bayram Bayramov maldarlıqla məşğul olur. Buna görə də 80 sot ərazidə yonca əkib, ancaq bitəcəyinə söz vermir. Deyir, yoncanı, heç olmasa, ayda bir dəfə suvarmaq lazımdır. Suvarmasan, yonca bitməz, yonca bitməsə, heyvanlar lazımi qədər qidalanmaz, qida yetərli olmasa, o heyvandan da, süddən, qatıqdan, yağdan da əlini üz...

____________________________________________________________

Bunlara da bax:
Ekspertlər pambıqçılığın inkişafında siyasi məqsəd görür
70 akula balinanı belə yedi- [Video]

____________________________________________________________

Sahələrin suvarılması üçün Əyricə kəndi yaxınlığında artezian var. Ancaq bu quyudan su götürmək hər kəndliyə nəsib olmur. Quraqlıq düşəndə kəndliləri bir-birinə qarşı qoyur. Hətta ötən il quyunun suyu iki ailə arasında “qan salıb”. Bununla belə, kəndin su problemi yenə həllini tapmayıb.

QABAQLAYICI TƏDBİRLƏR DÜŞÜNÜRLƏR

Kəndlilər demiş, hələlik, sahələr Allahın göndərdiyi yağışla suvarılır. Badam xalanın kələmi, kartofu doyunca su içir, Bayram kişinin yonca sahələri də eləcə...

Ancaq Kafarlının dərdi təkcə susuzluq deyil. Kənddə tibb məntəqəsi işləmir, qaz xətti kəndin yaxınlığından keçsə də, kənddə qaz yoxdur. İşsizlik də öz yerində...

Bərdənin icra hakimiyyəti isə narahatçılığa əsas görmür. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, kəndlilər Qarabağ kanalından su xəttinin çəkilməsini istəyirlər:

“Qarabağ kanalı magistral kanaldır. Heç kəs ordan özbaşına xətt çəkə bilməz. Bu yay kəndin su problemi olmamalıdır. Qabaqlayıcı tədbirlər düşünürük. Əslində, kəndə su verilir. Sadəcə, sakinləri qane etmir”.

Qurumdan o da bildirilib ki, 5 kəndin qazlaşdırılması üçün tədbirlər görülür. Həmin kəndlərdən biri də Kafarlıdır.

XS
SM
MD
LG