Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:56

1 milyon əhaliyə 400 hemodializli xəstə düşür


Dializ prosesi
Dializ prosesi

-

2016-cı il yanvarın 1-dək ölkədə 2842 hemodializ xəstə qeydə alınıb.

Bunu «Turan»a M.Cavadzadə adına Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri, Hemodializ Komissiyasının üzvü Fariz Babayev deyib. Onlardan 1138 nəfəri Bakıda, 1704 nəfəri isə regionlarda hemodializ xidməti ilə təmin olunub. Azərbaycan üzrə 34 dializ mərkəzində 534 aparat fəaliyyət göstərir. Bu dializ mərkəzlərinin 8-i Bakı şəhərində, 26-sı regionlardadır. Fariz Babayevin deməsinə görə, indi Azərbaycanda dializli xəstələr növbə gözləmir.

BÖYRƏK XƏSTƏLƏRİNİN SAYI ARTIR

Son 10 ilin araşdırmalarına görə, Azərbaycanda böyrək ağrılarından əziyyət çəkən xəstələrin sayı hər il 14-20 faiz artır. Mütəxəssis deyir ki, bu artım dünyada böyrək çatışmazlığına tutulan xəstələrin statistikasına uyğundur. Şöbə müdirinin deməsinə görə, Yaponiya ilə Almaniyada böyrək çatışmazlığından müalicə alan xəstələrin sayı hər milyon əhaliyə 1800-2000, Azərbaycanda isə 350-400 nəfərdir:

«Bu həmin ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətinin daha yaxşı olması mənasına gəlmir. Sadəcə, inkişaf etmiş ölkələrdə xəstəliyin erkən aşkarlanma göstəricisi yüksəkdir. Xəstələr arasında ölüm halları 10-16 faizdir».

PROBLEMLƏR NƏDİR?

F.Babayev deyir ki, bəzi regionlarda xəstələrin yaşadığı əraziyə yaxın yerlərdə dializ alması ilə bağlı problemlər var. Bu həmin mərkəzlərdə uçotda duran xəstələrin say çoxluğu ilə bağlıdır. Ölkənin ən kiçik dializli xəstəsinin 6, ən yaşlısının isə 82 yaşı var. Böyrək çatışmazlığından əziyyət çəkənlərin 68 faizi kişilər, 32 faizi isə qadınlardır.

Həftədə 3 dəfə olmaqla 4 saatlıq seans alan bir xəstənin illik müalicəsinə dövlət 13-15 min manat pul xərcləyir. Bura yeni mərkəzlərin açılması, aparatların alınması da daxildir. Ötən il bu sahəyə 40 milyon manatdan artıq vəsait ayrılıb.

Böyrək çatışmazlığını yaradan əsas səbəblərdən biri - şəkərli diabetdir.

Ölkədə 240 min nəfərdən çox şəkərli diabet xəstəsi var. Mütəxəssisin dediyinə görə, 5 ildən çox davam edən diabet böyrək çatışmazlığına səbəb olan faktorlardan birinə çevrilir.

26 İL DİALİZLƏ YAŞAYAN OLUB

F. Babayev deyir: «Hemodializ əslində müalicədən çox həyat tərzidir. İnsanın ömrünü uzatmağa yönəlmiş həyat tərzi. Burda xəstənin yaşı, xəstəliyinin vəziyyəti, başqa orqanlara təsiri həlledicidir. Hemodializ alan xəstələrin 5 ildən çox yaşama göstəricisi 60 faizdən çoxdur. Azərbaycanda 26 il dializlə yaşayan xəstə olub».

Hazırda M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Neftçilər Xəstəxanası, Tibb Universitetinin Cərrahiyyə bölümündə böyrək köçürmələri həyata keçirilir. Ötən il ölkədə 130 nəfərə böyrək köçürülüb. Bu günədək 610 xəstə qeydiyyatdadır. Onların 400-dən artığına ölkədən kənarda böyrək transplantasiya olunub.

Proqrama əsasən, 2016-cı də ildə Ağsu və Şəmkirdə yeni Hemodializ Mərkəzinin açılacağı, Şirvandakı mərkəzin isə genişləndiriləcəyi gözlənilir.

Bu günlərdə Nazirlər Kabineti «2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı»nı təsdiqləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG