Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:47

Xaricdə təhsilə «olar-olmaz» məsələsi


Foto: Arxiv
Foto: Arxiv
-
«Almaniya universitetlərinin siyahısına elə bil top dəyib. 80-ə yaxın universitetdən cəmi 30-nu saxlayıblar. Arada da mənim 200 manatım getdi ərizə formasına».

Bunu «Facebook»da Tural adlı istifadəçi yazıb. Son günlər sosial şəbəkədə xaricdə təhsil dövlət proqramının təsdiqlədiyi universitetlərin siyahısı ciddi müzakirə mövzusuna çevrilib. Kimi ABŞ universitetlərinə az yer verilməsindən, kimi ən yaxşı universitetlərin siyahıdan çıxarılmasından narazıdır, kimi də Rusiya, Çin, Belarus universitetlərinə belə çox yer ayrılmasını qınayır.

SƏNƏDLƏRİN QƏBULUNA BİR NEÇƏ GÜN QALMIŞ SİYAHI DƏYİŞİB...

Mayın 22-dən avqustun 15-dək 2013-2014-cü illərdə Xaricdə Təhsil Dövlət Proqramına müraciətlərin qəbulu aparılacaq. Sənəd qəbuluna bir neçə gün qalmış universitetlərin siyahısı dəyişdirilib. İstər-istəməz sual doğur: Bir ixtisas qrupunda imtahanlara, bəlkə də illərlə hazırlaşan, amma sınaqlara 2-3 gün qalmış fənlərin dəyişdirildiyini görən adam nə düşünər? Stress bataqlığına düşməzmi? Universitet dəyişikliyi də buna bənzəyir. İmtahana hazırlaşıb, universitetə sənəd verib, hansısa xarici universitetə qəbul olunanlar təhsil almaq üçün Xaricdə Təhsil Dövlət Proqramına müraciətlərin başlamasını gözləyirdilər. Və... qanqaraldan sürpriz – universitetlərin siyahısı qəfildən yenilənib, onların daxil olduqları universitet maliyyələşdiriləcək ali məktəblər siyahısından çıxarılıb!.. Yəqin ki, həmin gənclərin halını təsəvvür etmək çətin deyil...

CƏMİ 3 AY VAXT...

Hazırda İtaliyada dilçilik üzrə ixtisaslaşan Aydan Əhmədbəyli təhsilini Böyük Britaniyada davam etdirməyi planlaşdırırdı. Deyir ki, yeni siyahıda seçdiyi universiteti görməyəndə çox məyus olub. Çözülmüş saydığı məsələ təzədən çıxmaza düşüb. İndi əvəzləyici variant axtarmaqdan başqa yolu qalmayıb. Digər universitetləri yenidən araşdırmalı, uyğun universiteti tapandan sonra danışıqlar aparmalı və ən əsası, gərəkli sənədləri bir daha toplamalıdır:

«Digər universitetlərə göz gəzdirdim. Hələlik, iki universitetin şərtləri məni razı salır. İstədiyim ixtisaslar da var. Amma avqustadək sənədləşməni yekunlaşdırmalıyam ki, Xaricdə Təhsil Dövlət Proqramına müraciət edə bilim».

Harvard Universiteti
Harvard Universiteti
ABŞ-IN ÜÇ, RUSİYANIN 50 UNİVERSİTETİ ...

Xaricdə Təhsil Dövlət Proqramına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında yüksək bal toplayanlar və xarici universitetlərə qəbul olunanlar üz tuta bilərlər. Müraciətlər üçün vaxt avqustun 15-də bitir. Proqramın şərtlərinə əsasən, kimlərə təqaüd ayrılıb-ayrılmaması məsələsi sonradan müəyyənləşdirilir. Universitet və ixtisaslarla bağlı şərtlərə əməl edənlərə üstünlük verilir.

Təsdiqlənmiş yeni siyahıda dünyanın 34 müxtəlif ölkəsindən təxminən 450 universitet yer alır. Siyahıda ABŞ-ın 3, Rusiyanın 50, Fransanın 30, Yaponiyanın 40, Türkiyənin 23, İtaliyanın 24, Çinin 19, Belarusun 4 ali təhsil ocağının adı var.

YENİ TƏSDİQLƏNMİŞ UNİVERSİTETLƏRİN REYTİNQİ

Bəxtiyar Hacıyev Qərb universitetlərində oxumaq istəyən Azərbaycan tələbələri arasında əlaqə yaradır və onların xaricdə təhsil almalarına yardım göstərir. Onun dediyinə görə, Təhsil Nazirliyinin açıqladığı siyahıda dünya üzrə ilk onluqda olan universitetlər də var. Amma təəssüf ki, əksər universitetlərin nəinki ilk yüzlükdə, heç minlikdə də adı keçmir:

«Bu siyahıda ABŞ-dan cəmi üç universitetin adı var. Amma orada minlərcə universitet var və dünya universitetlərinin ilk yüzlüyündə də məhz Amerika universitetləri yer alır. Bəziləri siyahıda ABŞ universitetlərinin say azlığını orada təhsilin bahalığı ilə əsaslandırır. Yanlış baxışdır və söhbət maliyyədən gedə bilməz. Axı, məsələn, Britaniyada, İsveçrədə, Kanadada təhsil haqqı da Amerika ilə eynidir, hətta yer var ki, daha bahadır. Bu, sırf siyasi qərar əsasında müəyyənləşdirilən bir siyahıdır.
Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Necə olur ki, Rusiyadan 50 universitetin adı salınır siyahıya, amma Amerikadan cəmi üç? Rusiyanın ən yaxşı universiteti Moskva Dövlət Universitetdirsə, həmin universitetin dünya reytinq cədvəlində yeri elə də yaxşı deyil. MDU reytinq cədvəlinin ilk yüzlüyündə 70-ci yerdədirsə, Rusiyanın digər universitetlərdən danışmağa dəyməz. ABŞ-ın bir neçə reytinq təşkilatının ilk onluğuna düşən universitetlər həmin siyahıda yoxdur».

Diqqətçəkən məqamlardan biri də ABŞ-da yalnız bakalavrdan sonrakı təhsil pilləsinə təqaüd ayrılmasıdır.

Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının
CƏDVƏLİ

UNİVERSİTETLƏRİN SİYAHISINI KİMLƏR, HANSI ŞƏRTLƏRLƏ SEÇİR?

Universitetlər hansı ölçülərlə seçilir? Təhsil Nazirliyindən bu sualı cavablamadılar. Bildirdilər ki, siyahı Prezident Aparatı Yanında Təhsil Komissiyasında təsdiqlənir. Bu komissiya 2005-ci ildə yaradılıb, sədri PA rəhbəri Ramiz Mehdiyevdir. Yaradıldığı dövrdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, tarixçi Cəmil Həsənli, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin rəhbəri Elmira Kazımova da həmin komissiyanın üzvləri olublar. Amma indi heyət dəyişdirilib və yeni tərkibdə sadalananlardan yalnız Məleykə Abbaszadənin adı qalıb. Komissiyanın yeni üzvləri nazir və rektorlardır. Xarici universitetlərin necə seçilməsi barədə suallar açıq qalır.

«ƏSAS ŞƏRT KEYFİYYƏTLİ TƏHSİL OLMALIDIR»

Prof. Cəmil Həsənli Xaricdə Təhsil Dövlət Proqramının icrası barədə vaxtilə Komissiyada səsləndirdiyi təklifləri xatırlayır:
Cəmil Həsənli
Cəmil Həsənli

«Mən təklif edirdim ki, müxtəlif ölkələrin hər birinə bir nəfər göndərməkdənsə, dünyanın ən reytinqli universiteti ilə 5 illik müqavilə bağlayıb, oraya ardıcıl tələbə göndərək. Bu zaman təhsil haqqında danışıqlar aparmaq, bir tələbənin daha reytinqli universitetdə oxumasına şərait yaratmaq olar. Əlbəttə, üstünlüyü reytinqli universitetlərə verərdim. Dünyanın hər yerinə tələbə göndərmək yox, keyfiyyətli təhsil əsas şərt olmalıdır».

Müsabiqədə üstünlük verilən ixtisas sahələri də mübahisə doğurur. AzadlıqRadiosu bu barədə xeyli reportaj hazırlayıb.

6 İLƏ 1200 TƏLƏBƏ...

Gələn tədris ilində baytarlıq, biologiya, fizika, iqtisadiyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, klassik Avropa musiqisi, qədim dillər, mühəndislik, nanotexnologiyalar, neft sənayesi, riyaziyyat, təhsilin təşkili və idarəolunması, tibb, turizm ixtisaslarını seçənlərə üstünlük veriləcək.

Başqa sözlə, politologiya, jurnalistika, hüquq və digər sosial-humanitar sahələr üzrə təhsil almaq istəyənlər bəri başdan əllərini bu proqramdan üzməli olacaqlar.

Azərbaycanda Xaricdə Təhsil Dövlət Proqramı 2007-ci ildən icra olunur. 2015-ci ilədək sürəcək proqramın 5 min nəfərə şamil edilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, qarşıdakı 2 ildə azı 3 min tələbə bu proqramdan yararlanmalıdır, çünki ötən 6 ildə həmin proqramdan 1200-dən çox adam bəhrələnib. Onlardan 514 nəfəri bakalavr, 457 nəfər magistr, 93 nəfər aspirantura, 143 nəfər rezidentura pilləsi üzrə təhsil alırlar. Proqramın icrasına 20 milyondan çox vəsait xərclənib.
XS
SM
MD
LG