Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:12

Vaqif Ibrahimoğlu. Dəhşətli yuxu...


Vaqif İbrahimoğlu
Vaqif İbrahimoğlu
Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...


Sovet teatr rejissorunun Türkiyə gündəliyi

ƏVVƏLİ

21 yanvar, bazar ertəsi. 1985-ci il

Hamıdan daha sürətlə irəliləyən Ankara vaxtıyla saat 15.00-dır.

Dünən gecə çox gec və çətin yuxuya getdim, amma asan və tez, yeniyetmə çağlarımızdakı kimi, gümrah və təzə-tər oyandım. “O çağlarda dolanırdıq ünsüz və parasız, amma həyat yaşanırdı üzqarasız” (orijinalda belə yazılıb: “как в нашей юности, когда без славы жили мы и грошей, но жизнью всё-таки хорошей” – Z.M.)...

Səhərdən bəri 3-cü pərdənin dekorları quraşdırılır: fəna deyil (orijinalda da “fəna deyil” yazılıb – Z.M.), tər-təmiz pavilyon, xalça-palaz, mebel və əntiq mallar göz oxşayır.

Get-gəl zamanı problem yox idi, mən gərək deyildim, ancaq sonra hər şeyi önə itələyərək daha dar sahəyə yerləşdirdim: burada belə şeylər problem deyil – iri konstruksiyaların hamısında təkər var.

Ardından 3-cü pərdənin dekorlarını yığışdırıb, 2-cininkini quraşdırdıq və işıqçılar da başladılar öz işlərini görməyə. Mən yuxarıya – nahar etməyə qalxdım. Həmişəki kimi,

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.
yenə dodaqlarım və ağzımın içi yanır. Dodaqlarımın ağzıma bitişik küncləri də çatlayıb. Nə etməli? – böyük ziyalının bu ölümsüz sualı bütün kəskinliyi ilə önümü kəsib: bir şey aşırmayanda (yəni yeməyəndə) qəbzə oluram, aşıranda (yəni yeyəndə) – dodaqlarım çat bağlayır.

Alevin otağında oturdum, çay içdim, qəzet oxudum: “Milliyet”də Moskva haqqında fotoreportaj var – Böyük Teatr, metro, küçələr və s. əks etdirilib. Digər qəzetlərdə prezidentimizin (O dönəmin sovet rəhbəri Çernenko nəzərdə tutulur. Daha anlaşıqlı olması və titullarının az yer tutması üçün onları “prezident” adlandırmaq xarici jurnalistlər arasında dəb idi – Z.M.) xəstəliyi barədə xəbərlər yer alıb. Yan-yörəmdə hamı “KDV”-ni – “Katma Değer Vergisi”ni (Əlavə Dəyər Vergisi nəzərdə tutulur – Z.M.), yəni malların qiymətinə 10 faizlik əlavəni müzakirəyə çıxarıb pisləyir. Mən hər kəslə həmrəyəm.

Səhərə yaxın dəhşətli, amma gerçəkçi bir yuxu gördüm: səfərdən qayıtmışam, Nelya Andreyi (öz xanımını və oğlunu nəzərdə tutur – Z.M.) uşaq evinə verərək haraya getdiyini heç kimə bildirməyib. Dərdli-dərdli, cır-cındır içində, həm də ayaqyalın uşaq evlərini axtarmağa çıxıram. Tanıdığım uşaq evlərinin birində (Mərdəkanda olan uşaq evində) Andreyi tapıram. Ap-arıq və yuyulmaqdan süzülən uniforma geymiş Andrey məni görüncə o dəqiqə boynumdan asılır və beləcə, bir-birimizi qucaqlayaraq bir xeyli dayanır və ağlayırıq... Həm xoş, həm də üzücü bir yuxu. Üz-gözüm yam-yaş oyanıb yuyundum və... yenə yatmağa uzandım. Bütün günü həmin yuxunun təsirindən ayılmamışam, özümü daş kimi ağır və bədbəxt hiss edir, amma-ancaq və lakin güzgü kimi hər yana işıq saçıram.

Saat 18.00-da, bütün dəfə-darağıyla olmasa da (4-cü pərdənin dekoru yox idi), tamaşanı izlədim. Min cür xırdavat hələ hazır deyil. Son günə (?) hər şeyi çatdıracaqlarını deyirlər.

Əhəd gəlmişdi. Həm xəstə idi, həm də yaman arıqlamışdı. Dedi ki, danışıb-şərtləşiblər -- sabah saat 10.00-da Hüseynlə görüşəcək.

... Öz yuxu-sayıqlamamı yazandan sonra uzanıb saat 17-dək yatdım və portye oyadınca “prova”ya yollandım. Kaş heç getməyəydim. Dəhşət!! Qorxunc!!! Bütün bunların necə bitəcəyini heç anlamıram!!!! Başlamağına diri başladılar, amma Cümhur ortaya çıxıb sözləri, səhnə mizanlarını qarışıq salandan və bunun fərqinə varıb həvəsdən düşəndən, sönüb-solub-səssizləşəndən sonra... Nə isə.

Ardından zəncirvari reaksiya başladı: Nuran, sonra da İzzət “qatıqladılar”. Birinci pərdəni ölü sükutu və çəkingən boğaz arıtlamaları izlədi. Bu bölüm 26 dəqiqə 12 saniyə sürdü. İkinci pərdəyə hazırlıq daha 27 dəqiqə vaxt aldı! Həmin bölüm çox sönük başlandı – qızların səsi eşidilmirdi. Muğam hissəsini də qısaltmaq lazımdır – açıq-aşkar mızıldanır və vaxt uzadırdılar. Cahidin (Soltan bəy) nəfəsi çatmadı – səsini qoruyur, yoxsa nədir – sözləri eləcə üyüdüb-tökür – nə eşidilir, nə də anlaşılır... Xorun da nəsə xətrinə dəydiyindən bunu ap-aydın büruzə verir. Dəliliyim tutdu, nə tutdu! – Elə həmin dəqiqə raport yazdım. Sabah cırıb-ataram – Onik hər şeyi anlayır... Qısası, 2-ci pərdə də fəna (“fena”, yəni “pis” və ya “dözülməz” sözünü müəllif işlədib – Z.M.) idi! Zaman qalmamışdı, məşqləri uzatmaq mümkün deyildi. O üzdən, Kərimanın təklifinə qulaq asıb, birbaşa 4-cü pərdəyə keçdik -- balet qrupu artıq geyim əynində, orkestrin sədaları altında hələ heç vaxt məşq etdirmədiyim şamlarla rəqs səhnəsini ifa etməyə hazır dayanmışdı.

Dördüncü pərdəni təsvir etməyə qələm də aciz qalar, videogörüntülər də: bağışlayın məni, o bölümə “p.x” sözündən başqa heç nə yaraşmaz. Hər şey. Hamı. Mən də. Bax belə!!!

Məşqdən sonra uşaqlarla (“Azerbeycan Kültür Derneği”nin liberal üzvləri Qorxmaz və Turqutla) bir az gəzişdik, “Akman” kafesində “Sahlep” adında horraya bənzər bir şey içdik. Uşaqlar mənə təskinlik verib, “elə belə də işə gedər” deməklə təzədən yaramın közünü qoparırdılar. Ardından otelə qayıtdım. Burada məni V.V. gözləyirdi. O, tamaşanı bölüm-bölüm incələdi və “sonluq yoxdur” – dedi. Daha sonra aktyorların yarıtmazlığının, mənim də hərif olmağımın altını cızdı. Onu ləzzətlə dinləyirdim, özəlliklə bir erməninin (orijinalda sözün rusca qarşılığının ilk və son hərfləri yazılıb -- “а…..а” – Z.M.) ağzından bu kəskin tənqidləri eşitmək ürəyimdən idi...

... Hə, məşqin ardından artistlərlə söhbətə başlamaq istəyirdim ki, onların o dəqiqə iddialı tövr aldıqlarını görüb, sakitləşdim və – “Hər şey möhtəşəm idi, hamınız dahisiniz” -- deyərək sabah saat 10.00-da gəlmələrini söylədim. Bəlkə bir şeylər bacardım, çünki sabah yox, o biri gün seyrçilərlə birgə “general prova” olacaq...

22 yanvar, çərşənbə axşamı.1985-ci il

Səhər saat 8.45-də qalxdım, amma portye zəng etdiyini, V.V. də 2 dəfə qapını döydüyünü söyləyir. Bu nə deməkdir? Bu demək deyilmi ki, bir az da belə davam etsə, artıq gecikməyə başlayacağam, ardından işə getməyəcəyəm və daha sonra... Yox-
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
yox, elə olmayacaq! Mən öz borcumu sonadək yerinə yetirəcəyəm!!!
Məşqdən öncə Kəriman və Yalçın bəyin də iştirakı ilə, Rengin bəyin yanında söhbətimiz oldu. Mən elə “Belə işləmək olmaz!” – deyib-dururdum. Yalçın daha sərt danışdı və o, hələ sözünü bitirməmiş, mən Kərimanı da götürüb məşqə getdim. Əhədlə mən onu şərti olaraq “Maşenka” adlandırırıq.

...Saat 14-ə danışılsa da, “Koro Salonu”nda məşqi saat 15.30-da başladıq. Lənətəgəlmiş 4-cü pərdəni bu dəfə köklü şəkildə təmizlədim. Allah eləyə, yadlarında saxlayalar. İndi sanki bir sonluq var, sabah baxarıq. Dinc və təbəssümlü, həm də bir-birimizə xoş diləklər söyləyib dağılışdıq. Bu zaman Vedat bəy 1-ci və 2-ci pərdələrin işıqlarını sahmana salırdı. Rəngli işıqdan boyun qaçırdıq və yalnız arxa səhnəni işıqlandırırıq. Ardından 4-cü bölümün texniki işləri görüldü. Güc-bəla ilə başa çatdırdıq. Bu müddətdə mən işıq pultundakı əməliyyatları yadda saxlamağı məşq etdim: o qədər rahat çalışırsan ki, adamın dəli olmağı gəlir. Gərəkli əməliyyatları mikşerə yığır, sıralayır, bilgisayara (yəni kompüterə, daha doğrusu, onun yaddaşına) köçürürsən. Bilgisayar bütün bunları diskə yazır. Sonra həmin diski bilgiləri dəyişib-yeniləyən qurğuya taxırsan və ardından... məsələ bitir: ağ və incə dəstəyi qaldırıb-endir – yetər. Özü də istədiyin tezlikdə, istədiyin ritmdə. Bircə adam ən qəliz tamaşanın da öhdəsindən gələ bilər. Onlar belə etmirlər, çünki buna həvəs və yanğıları yoxdur və çünki bütün tamaşaların çox sadə qurulan işığı var. Azərin (Bakıda müəlliflə çalışan işıq ustasını nəzərdə tutur – Z.M.) yeri məlum, gör bu qurğularla nə möcüzələr çıxarardı!..

Dördüncü pərdənin dekorunu quraşdırdılar, ancaq çil-çırağı hələ görməmişəm. Şəkillərin də hamısını asmayıblar. Bu məsələ çox asan çözülür: istədiyin rəsmi foto-surət maşınına taxınca hər şey hazır olur. Mən özüm də sınadım və 1-2 şəklin surətini çıxarıb o maşının necə işlədiyini yoxladım. Sonra nahar etdim. İndi Napoleon Moskvada od tutub yanan kimi yanıram. Həm də ona görə ki, əlinə alınca, pullar da qurtarır. Heç cür fikrimi toplayıb bu TL-dən – türk lirəsindən baş aça bilmirəm.

Nahar edib 2-ci Minənin yanına düşdüm. O, mənə özünün at mindiyi yerdə 3 şəklini bağışladı (3 atı var)... çaya qonaq etdi. “Keşanlı Ali Destanı”nın rejissoru gəlib-çıxdı. Danışdıq. Pis oğlan deyil, hətta zahiri də Hüseynağa Atakişiyevə çox bənzəyir (o dönəmin tanınmış teatr rejissoru – Z.M.). O məsələ hələ də hallanır, bu gün yenə xatırladacaq...

Yuxarı qalxdım, orada V.V. məni gözləyirdi. O, çox sürüşkən olduğundan bir az kantində yubandıq. Əvəzində onun bir neçə çox özəl mövzuda gülməcəsini dinlədik və tərcüməçiliyini də mən etdim. “Otello”nun ifaçıları ona qulaq asaraq, və ya uşaq, ya da vokalçılar kimi gülüşürdülər. Ardından otelə döndük, kofe içib nərd oynadıq (o, yenə uddu) və hərə öz odasına getdi.

... TV-də göstərilən reklamlar adamı yaman əsəbiləşdirir. Bu “Allo”, “Gol”, sabun, yuyucu toz, parça və s. adamın beyninə girir və bir qəlib kimi beyin qabığında həkk olunur. Bizdə, əlbəttə, bu problem yoxdur, amma meyllər işarmaqdadır. İndi Sappakı, Boqomolovu (o dönəmin teletənqidçi və araşdırıcıları nəzərdə tutulur –Z.M.) və başqalarını tam anlayıram. TV doğrudan da böyük və qorxunc... qüvvədir!!

Bu gün “Oda Tiyatrosu”nda tamaşaya baxmağa getməliydim, amma getmədim, çünki heç dəyişməyən səhər yeməyi kimi, dadını öncədən bilirdim. Həmin teatrın ümumi meylləri də mənə aydındır -- əsrin 20-ci illərində, epik teatrda ilişib qalıblar. Amma-ancaq və lakin aktyorların səviyyəsi çox yüksəkdir və məncə, bu, Avropa və ABŞ-ın təsiri hesabınadır.

Bütövlükdə isə, açıq söyləsəm, nəsə qeyri-adi və məni sarsıdan bir şey görmədim. Artıq marağım azalmaqda və hər şey adiləşməkdədir. İndi son 3 mövsümünü Türkiyədə keçirən Əhədciyimi də daha yaxşı anlayıram. Əksəriyyət buraya yalnız pul üçün gəlir və bunu başa düşürəm. Allah eləyəydi Nelya da mənimlə olaydı (xanımını nəzərdə tutur – Z.M.), indi gör nələr almışdıq və tam tərsi -- Allah eləməsin ki, Emil burada olaydı... Artıq rahatsızam: çoz az qəpik-quruşum qalsa da, hələ nə bir şey almışam, nə də nə alacağımı düşünmüşəm. Təkcə bu gün “Kodak”ın lentini verdim və təsadüfən Əhməd bəyi görməsəydim, heç bu da yadıma düşməzdi. Yaxşı-yaxşı, əsas bu deyil, əsas odur ki, tamaşa alınsın. Hərçənd, buna da bir anbar şübhəm var. Tamam.

ardı var

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG