Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:03

Fərid Hüseyn "Göz dağı" (20-likdən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


Fərid Hüseyn


GÖZ DAĞI

Kəndin ayağında, o başında, bir dəli yaşayır. Ondan başqa bir də qız yaşayır o yerlərdə, o qız ki adam baxanda Allaha şükür edir, o qız neçə dinsizi Allaha qovuşdurub, neçə-neçə kənd cayılları onun gözəlliyə baxıb yerə diz qoyub deyirlər: “Kərəminə şükür, İlahi”.

O, adi insan deyil, o, kafirlər üçün Allahın təzahürüdü. Ayaqlı çiçəkdi, yeriyir, hoppanır, qənirsiz gözəlliyindəki lütfə sığınmağım gəlir görəndə.

Dünyanı o baş-bu baş ayaqlamaqdan yorulub, hər dəfə sonsuzluğun sonuna çatandan sonra o qız gəlib durur gözümün qabağında, özü də necə durur, gəl onu məndən soruş,

Soruş nağıl eləyim, soruş deyim, gör başımda nə bəlalar cövlan edir. İçimdəki odu-alovu min cuvar gətir, min arxdan su axıt, söndürə bilməzsən, yanıram, elə yanıram, üstümə nə atsan cızdığı çıxar.

Bir də görürəm: qız gəlib durub qapımızın ağzında, utanıram, oluram qıpqırmızı. Qız mənə baxa-baxa pörtür, mən ona baxa-baxa hıçqırıram, qız gözümdən uzaqlaşanda elə ağlayıram, elə ağlayırdım, elə bil, ətimi şişə çəkirlər.

Başımı qaldıranda görürəm qız indi də başqa tərəfdə dayanıb baxır, gülümsünür, üzündə həm bu qütbün Günəşinin, həm o biri qütbün Ayının işığından bir əlçim var. Sonra o işıq böyüyür, onu alır qoynuna, gözümə düşür, əlimi qoyuram gözümün üstünə, baxıram, mat-qutum quruyur, oluram sal daş, qalıram yerimdə. Sonra onun üzündəki işıq açılır və məni çağırır. Onun dalınca gedirəm, gedirəm, kölgəsi özündən arxada qalır, ya da yanda. Ona çatmaq istəyəndə kölgəsinə ilişib yıxılıram, hə, bircə bu çatmırdı, ağzımın qanı burnumun suyuna qarışır.

Yolda göyərçin anam məni bu vəziyyətdə görüb ağlayır. Anam göyərçindi. Evdə kim dava salsa, anam o dəqiqə ağ göyərçin kimi gəlir, düz qonur evin ortasına və hamı onu görüb yumşalır, baxsan deyərsən ki, bayaqdan bir-birini qıran, bir-birinin sözü boğazından keçməyən adamlar bunlar deyil. Anam məni həyətə gətirir, üstümü-başımı təmizləyir, ağzımın-burnumun qanını yuyur, əynimdə-başımda nə var çıxarır, tumançaq qalıram. Məni teştdə otuzdurur, başımdan tasla su tökür, oramı-buramı yuyur. Teştdə yığılan suyun bulanıqlığından bilirəm ki, palçığa düşmüşəmmiş, çimizdirə-çimizdirə gözləri dolur anamın, göz yaşı ilə yuyur məni. Anam məni çimizdirəndə oxşaya-oxşaya ağlayır:

– Səni bu dərdə salanı, tümbətün olsun, ay bala. Nə qız kimi qız oldum, nə gəlin kimi gəlin, ömrüm çürüdü.

Sözlərin hamısı yadımda qalmayıb. Anam məni dağa oxşadır, deyəsən, həmişə onun-bunun yanında deyir:

– Qurban olum Allaha, göz dağıdı da verib mənə.

Çimirəm, anam başımı qurulayır, qoxulayır məni, saçımdan öpür, başıma bir gilə su düşür. Elə ki təmizləndim oluram civə, bərkdə əlim yoxdur, nə itiyim azıb evdə, götürülürəm çölə. Mən çöl quşuyam, qanadlarım evə sığmır. Yeyən kimi baş götürüb qaçıram o qızın arxasınca. Bir də görürəm ki, kürəyim yaşdı, alnımdan da puçur-puçur tər var. Kefcil adamam, yelbeyinəm, amma yaxşı oğlanam. Bütün ömrümü qaçmışam. Amma o işıqdan yaranmış kölgəni tuta bilməmişəm hələ.

Bir də görürsən atam sözləri boğazında qaynada-qaynada bəridən o yana qışqırır:
– Gəl evə, gəl gör anan nə bişirib.

Atamın səsi yad səs kimi qalıb qulağımda, çünki atam heç vaxtı adımı ağlaya-ağlaya çəkməyib. O səs ki ağlamayıb, o səs qulağıma girmir.

Qızı görəndə elə bir məni ildırım vurur, yerimdə qalıram. Sonra qaçıram dalısınca, yerimir, amma uzaqlaşır, elə hey gedir. Çaya çağırır məni, suya səsləyir, “gəl, gəl təmizlən” deyir. Özümü suya atmaq istəyəndə həmişə kimsə xilas edir məni, az qalıram məni suya atılmağa qoymayan adamı öldürəm, adamı lap qana çalxalayırlar. Evə gətirirlər məni, olanları anama şeytanlayırlar, anam əvvəlcə döyür, sonra da çimizdirir. Anam ağlayır, mən təmizlənirəm, çəpərdən uşaqlar dəvə nalbəndə baxan kimi baxırlar. Hündür oğlan deyir:

– Səydi, hə?

Gödək oğlan onun ağzının üstündən vurur:

– Elə demə eee... Allaha açıq gedər.

Anam məni çimizdirir, bağrına basır, başımdan öpür, başıma bir gilə yağış yağır. Sonra ağlar-göynər səslə deyir.

– Yeri, ay göz dağım, yeri.

Yəqin hündürəm deyə, anam məni dağa oxşadır, həm də saçım ağdır ona görə, dağların da başı ağ olur axı.

Yenə o qız gəlir, sinəsi qan-qandır, qorxuram, kimsə vurub onu. Qana baxıram, bütün bədənim qırmızılaşır, qürublanıram. Sonra da içimə axşam düşür. Qaçıram o qızın dalınca, o qız suya yıxılır, boğulur, qışqırır, özümü çaya atmaq istəyirəm, hansısa bədzat adam qoymur yenə. Qız çayın o başından qupquru çıxır. Məni çabalaya-çabalaya qucaqlarında evə gətirirlər, kim məni evə gətirib salamat çıxarırsa, anam ona pay-püşk verir.

Anam sözü üzə şax deyən arvaddı, məni otuzdurub başa salır:

– Səni çaydan kim çağırsa getmə, başına dönüm getmə. O qız yoxdur, getmə onun dalınca. O qızı çayındı ta, çay onu alıb-aparıb.

Anama inanmıram, mən o qızı görürəm, sevirəm, özü də dəli kimi sevirəm. Anamdı da danışır. Özü də yalan danışır. Hamı kimi o da insandır da, o da yalan danışa bilər.
Saçımı qırxdırmışam, elə gözəl görünürəm ki, özümə həvəsim gəlir, güzgünü götürüb baxıram, kəndin o başındakı dəlini görürəm, hirslənib güzgünü elə tolazlayıram, düşür çayın içinə, qız götürür və başlayır tellərini daramağa.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG