Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:20

Üçüncü mükafata layiq görülən "Yolsuz" romanından parça


Yazıçı Nəriman Əbdürrəhmanlıya Milli Kitab Mükafatında üçüncülük qazandırmış "Yolsuz" romanından bir parça.


Ofisiant süfrəni rahlayıb yenicə çıxmışdı ki, dərviş gəlib çıxdı, arıq, uzunboylu, yaşı bilinməyən kişiydi, təzə dən düşmüş uzun saç-saqqalından qırx, əyilmiş çiyinlərindən azı yetmiş yaş vermək olardı, amma yaxın tanışımın bayaq dediyinə görə təxminən mənim yaşıdım olardı, əynindəki uzun paltonun düymələri yoxudu, üstündən iplə bağlanmışdı, altından qara köynəyin yeyilmiş yaxalığı görünürdü, şalvarının balağı arını yarımboğaz çəkməsinin içinə salmışdı, qoltuğunda köhnə qaval, əlində dərviş təskülahına oxşayan papaq vardı, salamımıza cavab vermədən taxtın yanına keçib yarımboğazını soyundu, paltoluca taxtın üstünə çıxdı, bardaş qoyub oturdu, gözlərini buxarının alovuna dikib öz düşüncələrinə daldı, onun çuxura batmış gözlərində oynaşan qılğıljımlar canıma üşütmə saldı, araya çökən ağır sükutu nəyləsə pozmaq üçün yaxın tanışımın üzünə baxdım, işarə elədi ki, hələ dinmə, göylərdədi, yerə enəndə hər şeyi biləcəksən, hardansa yadıma şair düşdü, buna oxşar baxışları ilk dəfə yanıma gələndə görmüşdüm, adamın canına vicvicə salan soyuq işıltıda dünyadan bezginlik də, dünyaya meydan oxumaq da vardı, ağrıyla hiddət bir-birinə qarışmışdı, dərviş buxarındakı ocağa baxdı, baxdı, baxdı, sonra hıçqırıb ağladı, amma gözlərindən bircə damcı da yaş çıxmadı, bu ağlartıdan çox yaralı adam iniltisinə, ondan da artıq güjsüz şir nəriltisinə oxşayırdı, sonra sakitləşdi, yaş çıxmayan gözlərini paltosunun qoluyla sildi, görkəmi hardansa qayıdan adamın halını aldı, üzünü çevirib əvvəlcə yaxın tanışıma, ardınca mənə baxdı, gülümsünəntəhər oldu, «Üzünüz mübarək!» dedi.

Mən nə cavab verəcəyimi bilmədim, yaxın tanışım, «Üzün mübarək, dərviş!» dedi, söhbətə girişdilər: «Haralardan gəlirsən, dərviş?» «Biz olmayan yerdən» «Orda kimləri gördün?» «Gələnlər-gedənləri» «Gələnləri-gedənləri necə gördün?» «Gələnlər də ağlayırdılar, gedənlər də» «Gələnlər niyə ağlayırdılar, gedənlər niyə ağlayırdılar, dərviş?» «Gələnlər gəldiklərinə, gedənlər getdiklərinə» «Bunu necə başa düşək?» «Gələnlər gələcəklərini bilib ağlayırdılar, gedənlər özlərindən sonra gələnlərin gələcəklərini görüb ağlayırdılar» «Allahı gördünmü, dərviş?» «Özünü gördün, üzünü görə bilmədim» «Özü necəydi?» «Payız buludu boyda nur topasıydı, get-gedə böyüyür, bütün aləmi tuturdu, axırda işıqdan başqa heç nə görmədim», «Allahdan təmənnan nəydi, dərviş?» «Mənim mələklərimi incitməsin, onlara rəhmini əsirgəməsin, başqa təmənnam yoxdu» «Orda daha nə gördün, dərviş?» «Göy üzündə sərgərdan ruhlar gördüm, öz cisimlərini axtarırdılar» «Hardadı o cisimlər?» «Bir parası torpağın altında, bir parası da torpağın üstündə» «Öz cismini gördünmü, dərviş?» «Gördüm, bir yolayrıcında oturmuşdum, yollara baxırdım», «Gələn-gedən gördünmü?» «Gələn-gedən çox idi, amma biri yolunu azmışdı, çox uzaqlardan bizə tərəf gəlirdi» «Onu tanıdınmı, dərviş?» «Yox, tanımadım, amma bu adama oxşayırdı» «Yaxın tanışım rahat nəfəs alıb masanı taxta yaxınlaşdırdı» «»Ye, dərviş, dedi ye, görək başımıza nə gəlir, bizi dünyanın faniliyilə qorxutma, bunları onsuz da bilirik», dərviş də bizi unudub yeməyinə girişdi, səsi xeyli müddət çıxmadı.

Yaxın tanışım məclis adamıydı, lap görüşümüzdən başlayıb sağlıqları gülləndirə-gülləndirə getdi, səmimi mü münasibətlərə, ailə səadətinə, dostluğa dair ağırçəkili sözlər söylədi, sonra şəxsən mənim sağlığımı qeyd elədi, dedi köhnə münasibətlərimizə təzə ruh gətirdiyinə görə minnətdarlıq düşür, sonra dərvişin sağlığına qaldırdı, dedi vaxt vardı, səhnəyə çıxanda ağzından od püskürürdü, oynadığı rolların səsi-sorağı dillərdə gəzirdi, mükafatlar-filan da almışdı, indi təkcə öz rolunu oynayır, dünyanın faniliyini dərk eləmiş insan rolunu, burda üzünü dərvişə tutdu, dedi elə bilirsən, biz dünyanın faniliyini anlamırıq, dərviş, yaxşı anlayırıq, elə bu ev-eşik, var-dövlət, vəzifə, aradakı çəkişmələr anlamağın ağrılarını ört-basdır eləməkdən ötrüdü, sən də bunları yadımıza salan bir Allah bəndəsisən, qanmaz adamlara fikir vermə, dərviş, dedi onlar elə anadan ruhsuz doğulurlar, ruh adamları səni sevirlər, bilirlər ki, sən Allaha bizdən daha yaxınsan, Allah da həmişə sevdiyi bəndələrini sınağa çəkir, bəzən də onu ruhundan ayrı salır, bir vaxt söylədiyin söz yadımdan çıxmır, dərviş dedi dedin, insan cisminindərdini çəkdikcə ruhunu itirir, bilmirəm o «sağlam bədəndə sağlam ruh olar» sözlərini kim deyib, amma bordaq cöngə kimi sağlam, amma ruhsuz adamları azmı görmüşük, dedi bu gələn mənim yaxınımdı, özü də ruh məsələlərilə məşğul olur, özü də yazıb-pozur, istədim səni tanısın, ruhla cismin bir-birindən ayrı yaşaya bildiyinə inansın, bəlkə yazı-pozusunda lazım oldu, təki ucalıqda, həm də o ucalıqda gördüklərini yaza, ya da çəkə biləydin, dərviş, təki adamlara gərk eləməyi bajaraydın, səni saymayan, yanından ötüb-keçən adamlar əl-ayağını öpərdilər, üstəlik, qulun olub baş əyərdilər.

Dərviş başını aşağı salığ ağır-ağır, həm də fikirli-fikirli yeməyini yeyirdi, orada bir dəfə gözaltı mənə baxdığını sezdim, bayaq yolunu azmış adamın gəldiyi barədə dediklərindən sümüyüm eymənmişdi, mənə elə gəlirdi, həyatımı bilir, indicə hər şeyi açıb-tökəcək, qorxurdum deyə, yazı-filan bəhanədi, sənin bura gəlməkdə başqa məqsədin var, ruh məsələlərilə məşğul olmağım da baş qatmaqdı, beləsi durub yol basa-basa durub buralara gəlməz, oturar öz hücrəsində, ruhunu göylərə qaldırar, axtardıqlarını ordan görər, qorxurdum deyə, ruhdan danışanların heç biri ruh halının nə olduğunu bilmir, bundan ötrü gərək özündən aralanıb əlçatmazlıqda dolaşmağı, çəkisizliyi, rəngsizliyi, nuru duymağı, öz cismindən qıraqda yaşamağı bacarasan, qorxurdum deyə, sən də öz həyatını cismani şeylərlə doldurmağa can atan, bu dünyanın nemətlərindən qopa bilməyən, cisimlə ruh arasında əlaqə yaratmağa çalışan, amma hər cəhdində uğursuzluğa düçar olan Allah bəndələrindən birisən, qorxurdum deyə, səkkiz il qadının olmuş kimsənin ruhuna bələd olmağı, qəlbinə girməyi, ehtiyac duyduğunu başqalarında axtarmasına yol verməməyi bacarmamısansa, bundan sonra nəyə iddia eləyə bilərsən, yollar basa-basa arayıb-axtarmağının bir anlamı varmı, qorxurdum deyə, ordan-burdan oxuyub öyrəndiklərinə güvənib məni dərk eləməyə çalışma, mən elə məqamdayam ki, o məqamı yalnız ruhu cismindən aralanan, Allahı aşağıdan, aləmi yuxarıdan görən adamlar dərk eləyə bilərlər, amma dərviş dillənmirdi, yeməyini əlilə, həm də dünyanın ən əzablı işini görən adam görkəmilə yeyirdi, elə bil, cisminə qulluq göstərməyə məcbur olduğuna görə özündən də, bizdən də zəhləsi gedirdi, qəfildən durub qapıdan yel kimi çıxajaqdı.

Elə bil, duyğularım qıc olmuşdu, dərviş qapıdan girəndən bir-iki ötəri kəlmədən başqa dilimdən söz çıxmamışdı, beynimdən keçirdim ki, yaxın tanışım, dərvişi çağırmasından narazı qaldığımı fikirləşər, ortada xoşagəlməz vəziyyət yaranar, ona görə də əl-ayağa düşüb, daha çox ümumi havaya köklənmək məqsədilə, dərviş dedim, heç səhnədə oynadığın rolları xatırlayırsanmı, o da üzümə baxmadan, özgələrin sözlərini əzbərləyib çığır-bağır saldığım günləri çoxdan unutmuşam, dedi sonra, insan gərək yalnız öz sözlərini söyləsin, dedi çünki hər kəlmə insanın ruhundan doğulur, başqasının sözünü demək, özgə uşağını götürüb əzizləməyə oxşayır, nə qədər can yandırsan da doğmalıq hiss eləməyəjəksən, ruh – Allahın hər bir bəndəsindən ötrü ancaq ona məxsus cəhətlərlə yaratdığı kod sistemidi, dedi bunu yalnız özündən aralanıb çəkisizliyə, rəngsizliyə qovuşanda, nur topasından gözlərin qamaşanda duyursan, gerçəklikdəsə, hamı bir-birinin sözünü söyləyəndə cismini hiss eləyirsənmi, dərviş soruşurdum bu vaxt ilk dəfə gözlərimin içinə baxdı, mən cismimi yalnız yemək yeyəndə, bir də yediyimdən canımı qurtaranda duyuram, dedi onda da özümün dünyanın ən miskin varlığı sayıram, sonra gözlərini endirdi, əlini yeməkdən çəkib dizlərinin üstünə qoydu, beli daha da donqarlaşdı, bir müddət eləcə qaldı, yaxın tanışım işarə elədi ki, daha sual vermə, ruhu göylərə qalxdı, bundan sonra çətin ki, yerə qayıda beynimdən keçirdim ki, dərvişin müalicəsinə kömək göstərərdim, ancaq bundan sonrakı ömrünü gerçəklikdə yaşasaydı, həyatı daha məşəqqətli olardı, dəli kimi tanımaqdansa, dərviş misalında gözə dəyməsi daha məsləhətliydi.
Sonra yaxın tanışım köhnə qavalı götürüb dərvişin dizi üstünə qoydu, dərviş də dumanlı nəzərlərilə qavala baxıb susdu, ardınja yavaş-yavaş çiyinləri, bədəni əsməyə başladı, elə əsə-əsə də qavalı götürüb gözlərini yumdu, dərindən gələn yanıqlı səslə oxumağa başladı, yalnız ritmi meyxananı xatırladan mahnıda dünyanın faniliyindən, ömrün ötüb-keçərliyindən, hər insandan bir ovuc torpaq, bir də sərgərdan ruh qalmasından daha nələrdənsə danışılırdı, dərviş oxuya-oxuya dikəlir, çəkdiyi dərdin ağırlığından donqarlaşmış beli düzəlirdi, gözlərində bayaq sezdiyim qorxunc qığılcımın əvəzində adamın qəlbini göynədən tərki-dünyaldıq, üz-gözündə sirli işıq görürdüm, ardınca dikələ-dikələ taxtdan düşdu, elə corabdaca hücrənin boş küncündə oynayıb-oxumağa, əslində, dərdini danışmağa, ruhunun yaşantılarını sözə çevirib təkcə bizə yox, bütün aləmə söyləməyə, bununla öz mövcudluğunun ağırlığından qurtulmağa başladı, oxuduqca qızışdı, qızışdıqja tərlədi, ağzından köpük daşdananda qorxudan ödüm ağzıma gəldi, amma yaxın tanışım qoluma toxundu ki, tərpənmə, bu vaxt da dərvişin yavaş-yavaş heydən düşdüyünü, bədəninin boşaldığını, sifətinin ağardığını gördüm, sonra kölgə kimi taxtın yanına qayıtdı, yarımboğazlarını geyindi, dinib-danışmadan, üzümüzə baxmadan çıxıb getdi, özündən sonra karvansarayın hücrəsində elə ağır hava qoydu ki, soyuq olmasaydı, pəncərələri taybatay açardım, nədənsə barmaqlarımın ucunun üşüdüyünü hiss elədim, daha çox içimdəki üşəntini toxtamaq üçün qalxıb buxarıya yaxınlaşdım, dedim çay versəydilər, yaxşı olardı, yaxın tanışım da cəld durub qapının üstündəki zınqırovun halqasını dartdı...

mkm.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG