Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

“Meymuna oxşayanlara 7 manata, gözəllərə havayı…” (Fotolar)


Bakıda metronun 28 May stansiyası yaxınlığında Yeni il bəzəkləri satanla

Bakıda metronun 28 May stansiyası yaxınlığında Yeni il bəzəkləri satanla

.

Azərbaycanda Yeni İl ovqatı gec duyuldu. Görünür, MTN və Nardaran olayları,“Günəşli” faciəsi, elə 2-ci devalvasiya da buna öz damğasını vurdu...

Bakıda metronun 28 May stansiyası yaxınlığında Yeni il bəzəkləri satanlar

Bakıda metronun 28 May stansiyası yaxınlığında Yeni il bəzəkləri satanlar

​Əvvəllər belə deyildi, öncədən tədbirlər görülür, dükanlar, mağazalar aşıb-daşır, şəhərin istirahət məkanlarında sıxlıq göz deşirdi.

Hər şey var, ancaq alan yox
Yeni İlin gəlişinə xeyli qalmış, metroların girişində, yaxud yaxınlığında yarmarkalara bənzər alış-veriş məkanları düzəldilərdi. Yolötənlər bu məkanlardan Yeni İl atributlarını alardılar. Bu dəfə həmin yarmarkalar da gec işə başladılar.

Metronun “28 May” stansiyasının yaxınlığında yan-yanaşı 7-8 piştaxta alıcıların yolunu gözləyir. Adamlar çox da olmasa, az da deyil. Yoldan ötənlər ya maraq, ya da yolkalarını bir az da “dadlandırmaq” üçün bura baş vururlar. Satıcılar narazılığını gizlətmir və deyirlər ki, ötən illə müqayisədə bu il alıcılıq səviyyəsi çox aşağıdır:

“Oyuncaqların qiyməti keçən illə eynidir. Şarlar 10 qəpik, hədiyyələr 2 manat, ilin rəmzi olan “meymun”un ən ucuzu 1-2, bahalısı 7-8 manatdır. Başqa oyuncaqların qiyməti 50 qəpiklə 1 manat arasında dəyişir. Qınamırıq, camaatda pul yoxdur”.

Gülə-gülə gününü yola verənlər
Bir neçə gündən sonra bu piştaxtalar qış qarı kimi əriyib yoxa çıxacaq. Satıcıların əllərinə fürsət düşüb ki, bundan yararlanıb, beş-on manat qazansınlar. Amma...

Amma deyəsən, bu, mümkün deyil. Alıcı az olsa da, alver getməsə də, pul qazana bilməsələr də, bu satıcıların əhvalına o qədər də təsir göstərmir. Bunu onların alıcılarla dialoqlarında da hiss etmək olur.
Al-ver rəflərinin ən sonuncu cərgəsində dayanan, çiyinləri üstündə kişi gödəkcəsi gəzdirən yaşlı bir qadın qiymətlərlə maraqlanan müştəriylə şirin-şirin zarafatlaşır:

- Neçəyədi?
- 5-ə.
- Nə? 5 nədi?
- 5 manata. Qorxma 5 dollara deyil. Nolsun dollar bahalaşıb, biz öz pulumuzla satırıq. İndi beş manata nə verirlər ki (gülür)?!

Yaxud bir başqa satıcının alıcıyla dialoqu:
- Meymun neçəyədi?
- Meymuna oxşayanlara 7 manata, gözəl xanımlara pulsuz.
- Niyə meymuna oxşayanlara satırsız, gözəllərə havayı verirsiz?
- Bir evdə iki meymuna ehtiyac yoxdur (gülür).

Soyuq havada saatlarla dayanıb müştərilərin yolunu gözləyən satıcılar, beləcə, günlərini ötürməklə yaşayırlar. Deyəsən, onlar ümidin heç vaxt ölməyəcəyinə inananırlar…

XS
SM
MD
LG