Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:23

İsrailin səhiyyə naziri azana məhdudiyyət qoyulmasına qarşı çıxdı


İsrail. Gənc fələstinli ilə israil polisi arasında mübahisə
İsrail. Gənc fələstinli ilə israil polisi arasında mübahisə

Yəhudilərlə müsəlmanların oxşar özəllikləri çoxdur. Hətta bir məsələdə fikirləri də üst-üstə düşür: Hər iki icma qürurlu və səs-küylüdür. Ən azı, İsraildə belədir.

Çərşənbə günü (noyabrın 16-da) ifrat ortodoks yəhudi qanunvericiləri, din azadlığını əsas gətirərək, hökumətin hazırladığı qanun layihəsini rədd ediblər. Bu qanun layihəsi dini institutların ayinlər zamanı səs gücləndiricilərindən istifadəsinə qadağa qoymağı nəzərdə tuturdu.

Azan yuxudan erkən oyadır?

Bəzi ifrat sağçı Knesset (İsrail parlamenti) üzvlərinin təqdim etdiyi bu qanun layihəsi, ümumən bütün dini qurumlara şamil edilirmiş kimi görünsə də, ilk növbədə məscidlərə tətbiq ediləcəkdi. Axı məhz məscidlərdə minarələrin başına səs gücləndiriciləri birləşdirilir və müəzzinlər gündə beş dəfə azan verirlər. Müsəlman məhəllələrinin qonşuluğunda yaşayan yəhudilər illər boyunca yaxınlıqdakı məscidlərdən gələn azan səsindən şikayətləniblər. Özəlliklə sübh namazında verilən azan onların yuxudan erkən oyadır.

Buna da bax:​ UNESCO-nin ‘antiyəhudi qərarı’ İsraili qəzəbləndirib

“Müsəlmanlar da bundan əziyyət çəkirlər”

Bazar günü (noyabrın 13-də) İsrail hökuməti qanun layihəsini təsdiqləyib. "Yəhudilər və xristianlar kimi müsəlmanlar da bundan əziyyət çəkirlər", - baş nazir Benjamin Netanyahu belə deyib və sözünə davam edib:

“İsrail cəmiyyətinin bütün kəsim və dinlərini təmsil edən vətəndaşların mənə müraciət edərək məbədlərdən… gələn güclü səs barədə şikayətlərinin sayını itirmişəm”.

Netanyahu bu qanunun din azadlığına hücum məqsədi daşımadığını, "güclü səsdən əziyyət çəkənləri qorumaq məqsədi” güddüyünü bildirib.

Qanunun tərəfdarları Avropada və hətta İslam dünyasının özündə də bir çox şəhərlərdə buna bənzər qadağaları əsas gətirirlər.

Ancaq qanun layihəsi İsrail və Fələstin müsəlmanlarını qəzəbləndirib.

Buna da bax: Ümumdünya Yәhudi Konqresi üzvləri Bakıda

“Fəlakətə sürükləyəcək”

Fələstin Muxtariyyətinin prezidenti Mahmoud Abbas bildirib ki, özəlliklə 100-dən çox məscidin olduğu Qüdsdə, müəzzinlərin səsini məhdudlaşdırmaq cəhdi "ərazini fəlakətə sürükləyəcək". O deyib ki, Fələstin Muxtariyyəti bu qanunu dayandırmaq üçün BMT Təhlükəsizlik Şurasına və başqa beynəlxalq qurumlara müraciət edəcək. Digər fələstinlilərsə bunun müsəlmanlara qarşı dini savaş olduğunu bildiriblər.

“Qanun müəzzinləri susdurmaq üçün ərəb icmasına qarşı populist və irqçi qızışdırıcılıq cəhdidir", - Knessetin ərəb fraksiyasının sədri Ayman Odeh-in “Twitter”dəki sözləridir.

Odeh deyib ki, İsraildə artıq səs kirliliyi barədə qanun var, ancaq bu qanunun məqsədi məscidləri problemli kimi qələmə verməkdir. "Jerusalem Post" qəzeti belə yazır.

Buna da bax:​ İsrail Kafkanın əlyazmalarını milli irs elan edib

Müsəlmanların azanı müqəddəs torpaqlardakı yeganə səs mənbəyi deyil. Hər cümə günü axşamçağı səs siqnalları yəhudiləri Şabata başlamağa çağırır.

Bəs qoç buynuzu?

Knessetin ultraortodoks yəhudi partiyaları bunu çərşənbə gecəsi anlayıblar (noyabrın 16-da). Onlar qəfildən yada salıblar ki, dini qurumların səs-küy salmasını önləyən qanun Şabata çağırışın da önünü kəsə bilər.

Bunun ardınca Birləşmiş Tövrat İudaizm Partiyasından olan səhiyyə naziri Yaakov Litzman qanun layihəsini rədd edib. Bu o deməkdir ki, layihə artıq Knessetdə səsə qoyulmayacaq.

“Min illər ərzində yəhudi ənənəsində bu məqsədlə müxtəli alətlərdən istifadə olunub - sofar (qoç buynuzu) və şeypurdan, bu günsə səsgücləndiricilərdən", - Litzman öz apellyasiya müraciətində belə deyib.

Buna da bax:​ Məscid, kilsə, sinaqoq bir binada- [Video]

Başqa bir ultraortodoks nazir - Aryeh Deri də qanun layihəsinin arxivə göndərilməsini dəstəkləyib.

Ərəb fraksiyasının rəhbəri Odeh Litzmana məktub göndərərək, qanun layihəsini blokladığına görə ona təşəkkürünü bildirib:

"Düşünürəm ki, bu gün cəmiyyətin daha zəif hissələri arasında əməkdaşlıq baxımından mühüm bir addım atıldı".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG