Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:51

Kədərli ölkədə yorulub-usananlar


Moskvada polis əməkdaşları müxalifətin keçirdiyi "Milyonların Marşı" aksiyasını izləyirlər, 15 sentyabr 2012

Moskvada polis əməkdaşları müxalifətin keçirdiyi "Milyonların Marşı" aksiyasını izləyirlər, 15 sentyabr 2012

​►​Hara yoxa çıxdı passionarlar? O passionarlar ki ən radikal etiraz aksiyaları düzəldir, icazəsiz mitinqlərə çıxır, prezidentin qəbul otağını zəbt edir, müxalifət partiyaları yaradırdılar!..

Rusiyada siyasi həyat ölüb, keçmiş fəallarsa ya mühacirət edib, ya da öz şəxsi həyatlarına qapılıblar. AzadlıqRadiosunun rus redaksiyasında dərc edilən məqalənin müəllifi Dmitriy Volchek bir vaxtlar radikal əməlləriylə ad çıxarmış insanların monoloqlarını yazıb.

  • Yevgeniya Debryanskaya SSRİ-də ilk kütləvi antikommunist partiyanın yaradıcısı olub.
  • Mikhail Gangan​ Putin hakimiyyətinin ilk illərində nasional-bolşeviklərin keçirdiyi ən düşüncəsiz aksiyalara qatılıb.
  • Mayor Aleksey Dymovsky isə DİN-də korrupsiyaya qarşı mübarizə apardığına görə bütün ölkədə tanınıb. Onların hər biri repressiyalara məruz qalıb, həbs və hədələrlə üzləşib. Bəs, bu gün onlar necə yaşayırlar və siyasətdən niyə uzaqlaşıblar?

Yevgeniya Debryanskaya klassik musiqi ilə maraqlanır, Mikhail Gangan​ bir Nyu-York restoranında aşpaz kimi çalışır, Aleksey Dımovski isə Novorossiyskdə Çili bibəri yetişdirir.

Evgenya Debrianskaya, keçmiş siyasi fəal

Evgenya Debrianskaya, keçmiş siyasi fəal

Buna da bax: Nazir "Formula-1"in xərclərini açıqlamır

Yevgeniya Debryanskaya: "Hədəfə atılan ox olmadım"

Yevgeniya Debryanskaya SSRİ-nin qürub çağında Moskva etirazlarının qəhrəmanı idi. O, çox sayda icazəsiz etiraz aksiyaları təşkil edirdi. 1988-ci ildə isə Valeriya Novodvorskaya ilə birlikdə hətta antikommunist partiyası yaratmışdı. “Demokratik Birlik” adlanan bu partiyanın üzvlərini KQB (DTK- Dövlət Təhlükəsizlik Komitəsinin rusca qısaldılmış adı - red.) ciddi təqib edirdi.

O, Libertarian partiyasının da yaradıcılarından sayılırdı. Bu partiyanın irəli sürdüyü radikal şüarlar arasında heyvan hüquqları, eynicinsli nikahlar, sovet ordusunun buraxılması və marixuananın qanuniləşdirilməsi də vardı.

​Yevgeniya Debryanskaya o illəri belə xatırlayır:

– İlk dəfə etiraz aksiyasına 1986-cı ildə çıxmışam. Artıq onun nəyə qarşı olduğunu da xatırlamıram. 1987-ci ildə öz mənzilimi “Demokratiya və humanizm” seminarının keçirilməsi üçün verdim...

Sonuncu dəfə aksiyaya 2006-cı ildə çıxmışam... Düz 20 illik siyasi təcrübəm var. 1986-dan 2006-yadək. Mən məyusluq-filan yaşamamışam, sadəcə, təbii yetkinləşmə prosesi gedib, əvvəllər çox da fikir vermədiyim tam fərqli maraqlarım ortaya çıxıb... İndi əvvəlki vaxtıma qayıtmışam - musiqi və konsertlərlə yaşayıram...

Mən Rusiyanın bənzərsiz və üzücü qəmli ruhunu, bu ölkəni bürüyən kədəri sevirəm. Ədəbiyyata, musiqiyə də, ifaya da yoluxan kədəri.

Aksiyalara qatılan insanları dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm... Vaxtilə elə düşünürdük ki, ordunu buraxmaq, xüsusi xidmət orqanlarını qadağan etmək, sərhədləri açmaq, eyicinsli nikahları leqallaşdırmaq olar.

Sən demə, bizim ölkəmizdə bütün bunları həyata keçirmək mümkün deyilmiş. O üzdən bunu özümə dərd edirəm və həyatım da dərd-qəmə bürünüb.

Mən Rusiyanın bənzərsiz və üzücü qəmli ruhunu, bu ölkəni bürüyən kədəri sevirəm. Ədəbiyyata, musiqiyə də, ifaya da yoluxan kədəri.

Siyasət mənim həyatımdan tam çıxıb. Mən gəzməyi sevirəm, itlərim, pişiklərim var. Siyasi xəbərləri daha oxumuram, onlar məni kədərləndirir. Xəbərləri oxumaq vacib də deyil, axı – sadəcə, küçədə gəzir, kafedə oturur və Rusiyanın bu ağır mühitini, kədər və xiffətini hiss edirəm.

Mikhail Gangan, keçmiş müxalifət fəalı, siyasi qaçqın.

Mikhail Gangan, keçmiş müxalifət fəalı, siyasi qaçqın.

Buna da bax: Fəhlələr yenidən etiraz edir [Video və fotolar]

Mikhail Gangan​: "Qayıtsam, həbs olunacağam”

Mikhail Gangan (1986) Eduard Limonovun partiyasının ən cəsarətli aksiyalarına qatılıb. O, 2003-cü ildə Rusiya Kommunist Partiyasının “saxta” Duma seçkilərində iştirakına qarşı çıxaraq, Gennadi Züqanovu (həmin partiyanın rəhbərini –red.) pomidor atəşinə tutub.

2004-cü il mayın 7-də - Putinin ikinci andiçmə mərasimi günündə Mikhail Gangan və yoldaşları “Mazepa” operası gedərkən, Böyük Teatrın səhnəsinə qalxıblar. Sonra da üzərində prezidentə qarşı şüarlar yazılmış transparantları açıb, məşəllər yandıraraq, özlərini də kürsülərə qandallayıblar. Hökumət lojasında olacağı gözlənilsə də, Putin teatra gəlməyibmiş.

2004-cü ilin dekabrında Mikhail Gangan bir dəstə nasional-bolşeviklə birgə Rusiya Prezident Administrasiyasının qəbul otağını zəbt edib. Ardından kütləvi iğtişaşların təşkilində suçlandırılaraq həbs edilib və bir il Butır həbsxanasında yatıb.

2007-ci ilin mayında Samarada “Narazılar marşının” təşkilatçılarından olub. Həmin ilin iyununda həbs olunacağı bilinərkən, Rusiyanı tərk etməyə məcbur qalıb və Ukraynaya qaçıb. 2008-ci ildə siyasi sığınacaq alıb. Viktor Yanukovych-in hakimiyyətə gəlişindən sonra ABŞ-a köçməli olub. İndi Nyu-Yorkda yaşayır.

– İlk dəfə 2001-ci ildə aksiyaya çıxmışam... Onda 16 yaşım vardı. Hələ yetkinlik yaşına çatmamışdım. Bizi milisin uşaq otaqlarına aparır, psixoloji təzyiq göstərirdilər...

2007-ci ildə Samarada keçirilmiş “Narazılar marşı” daha çox yadımda qalıb... İndi hər şey dəyişib: Rusiyada polis dövləti bərqərar olub.

Aydın idi ki, hakimiyyət 2011-ci ildəki döyüşü udandan sonra öz mövqelərini daha da möhkəmləndirəcək... Putinin kim olduğu aydındır. Onun özünü belə aparacağı da əvvəlcədən bilinirdi.

Amma müxalifətin də rolunu unutmağa dəyməz - 2011-ci ildən bəri hamıya deyilirdi ki, bu yolu getsəniz, pis olacaq. Düşünürəm ki, daha çox şey eləmək, hakimiyyətlə münaqişənin yumşaldılmasına getməmək, onunla razılaşmağa çalışmamaq olardı.

İndi artıq hakimiyyəti qanuni yollarla dəyişməyə həmin resurslar yoxdur. Çətin ki, kimsə buna gedər, bəlkə daha heç mənası da yoxdur. Və siz, konkret olaraq, mənim belə radikal aksiyalara hazır olub-olmadığımı soruşursunuzsa, yox, yəqin ki, hazır deyiləm...

Aydın idi ki, hakimiyyət 2011-ci ildəki döyüşü udandan sonra öz mövqelərini daha da möhkəmləndirəcək... Putinin kim olduğu aydındır. Onun özünü belə aparacağı da əvvəlcədən bilinirdi.

Uzun müddətdir Rusiyada yaşamıram və çoxdandır siyasətlə məşğul olmuram. Beş ildir ki, Amerikadayam. Çox yerdə işləmişəm. İndi... aşpazam.

Nyu-York əla şəhərdir... Qayıtmağı planlaşdırmıram. Fikrimcə, indi Rusiyada müxalifət yoxdur. Hadisələrin necə inkişaf edəcəyi barədə bir şey deyə bilmərəm. Əgər qayıtsam, həbsxanaya düşəcəyəm. Rusiyaya qayıtmağım üçün hədsiz əngəllər var.

Doğma şəhərim Samarada da dostum qalmayıb: hamı dağılışıb. Kimi Moskvaya, kimi Piterə (Peterburqa – red.), kimi də xaricə köçüb. O üzdən qayıtmağıma səbəb yoxdur.

Aleksei Dymovsky, Ağ Lent müxalifət hərəkatının rəhbəri. 12 noyabr 2010

Aleksei Dymovsky, Ağ Lent müxalifət hərəkatının rəhbəri. 12 noyabr 2010

Buna da bax: Öncə hansı qanun qəbul edilsin? (Foruma yaz, fikirlərin yayılsın)

Aleksei Dymovsky​: "Bizdə yalnız yalana inanırlar"

Milis mayoru Aleksei Dymovsky (1977) 6 il əvvəl - 2009-cu ilin noyabrında Vladimir Putinə və Rusiya zabitlərinə videomüraciətlər ünvanlayandan sonra tanınmağa başlayıb. Bu müraciətlərdə DİN-in işindəki çatışmazlıqları emosional şəkildə tənqid edib və hüquq-mühafizə orqanlarını korrupsionerlərdən təmizləməyə çağırıb. Bundan sonra onu böhtana görə milisdən qovmuşdular.

2010-cu ildə dələduzluq ittihamı ilə həbs etsələr də, tezliklə onun üzərindən bu ittihamı götürüb azadlığa buraxmışdılar. Dymovsky-ni etiraz hərəkatının liderlərindən biri sayır və onun gələcəkdə parlaq siyasi karyerasından söz açırdılar. Dymovskynin saytında vaxtaşırı hakimiyyətin siyasətini ifşa edən materiallar əksini tapsa da, son illər onun özü ictimai diqqətdən yayınıb.

– O vaxt Putinə müraciət etdiyimə görə peşman deyiləm. Peşmançılıq zəiflərin taleyidir. Mənə gəlincə, güclü insan olduğuma inanıram.

İndi hər şeyi geri qaytarmaq istəməz, elə 2009-cu ildəki kimi davranardım. Düzdür, ölkəmizdəki gizli oyunları, KİV-lərimizin bu dərəcədə satqın olduğunu bilsəydim, bəzi məqamları bir az yumşaldardım...

...Əvəzində indi qızımı böyütməyə vaxt tapıram. Beş yaşında soyuq suyla yuyunur, yetərincə yaxşı üzür, göbələk və giləmeyvələri tanıyır, meşədə dolaşır, mənimlə tonqalın yanında gecələyir.

Çoxlu dedi-qodular vardı ki, guya Moskvadayam, cip maşınım, Rublyovkada kotteclərim, DİN-i dağıtmaq qarşılığında SİA-dən (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən – red.) aldığım milyonlarla dollarım var.

Mənsə eləcə Novorossiyskdə yaşayıram. Öz evim var, hin tikmişəm... Karib hövzəsinə xas olan bibər yetişdirmişəm. Çilidən toxum sifariş eləmişəm, bütün yayı da bibər yetişdirməklə məşğul olmuşam. Bibər və böyüməkdə olan nəsli yetişdirmək sahəsində yaxşı nəticələr almışam...

Nənəm sibirli idi. Bir yanlışa yol verincə, mənə belə deyərdi: nəcisə girməsən də, partiyaya girəcəksən. Bəlkə də bu tələ öz işini görüb. Siyasətdə çirkab və yalan var! Amma həqiqət və işıq qalib gəlməlidir.

...Deyirdilər ki, mən hüquq müdafiəçisiyəm. Yox, mən doğrunu müdafiə edirəm. Dünyamızda insanlar bir-birinə inanmağı tərgidiblər, indi təkcə yalana inanırlar.

Onda mən siyasətə baş vurdum. Kasparovla şəxsən görüşmüşəm. Nemtsov və Jirinovskinin köməkçiləri, “Yedinaya Rossiya” ilə görüşmüşəm. Gleb Pavlovsky (jurnalist və politoloq –red.) öz adamları vasitəsilə xəbər çatdırırdı ki, mənə mərkəzi telekanalda iki dəqiqə vaxt və ayda 50 min dollar verəcəklər, bir şərtlə ki Dmitriy Anatolyevichə (Medvedevə - red.) çirkab atım, Vladimir Vladimirovichi (Putini – red.) isə tərifləyib göylərə qaldırım (Gleb Pavlovsky bu məlumatı qətiyyətlə inkar edir – Radio Svoboda)... İmtina etdim.

Çox güman, nənəmin uşaqlıqda həmişə mənə dediyi məsəl özünü göstərib.

Nənəm sibirli idi. Bir yanlışa yol verincə, mənə belə deyərdi: nəcisə girməsən də, partiyaya girəcəksən. Bəlkə də bu tələ öz işini görüb.

Siyasətdə çirkab və yalan var! Amma həqiqət və işıq qalib gəlməlidir. Mən bu yaxınlarda, demək olar, bütün əsas dinləri öyrənmişəm – "Quran", "Bibliya", "Bhaqavat Gita". Onların heç birində deyilmir ki, yalan danışmaq lazımdır. Çoxlu din adamı ilə danışmışam: molla və ravvinlərlə. Hamısı da deyir ki, düzünü danışmaq lazımdır. Amma nədənsə ətrafda hamı yalan danışır...

Azərbaycan üçün də tanış mənzərəyə bənzəyir. Siz də fikirlərinizi aşağıda forum hissəsində qeyd edə bilərsiz.

Günün bütün mövzuları

XS
SM
MD
LG