Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:52

►Təbiət qoynunda düşərgə isə 700 manatdır

“Yay tətili boyunca övladınızın vaxtını səmərəli keçirməsini istərdinizmi? Bu arzunuzun reallaşması məqsədilə TELLS dil məktəbi yay tətili ərzində ingilis dili bacarığını daha da təkmilləşdirmək və yaxud bu dili öyrənmək arzusunda olan 6 - 8, 9 - 12 yaşlı uşaqlar üçün xüsusi Yay Məktəbi təşkil edir”.

Bakıda yerləşən TELLS dil məktəbi elanında suala ehtiyac qoymayıb. Məktəblilərə təklif elədiyi xidmət isə yalnız ingilis dili bacarıqlarının təkmilləşməsi ilə bağlıdır. Həftədə 5 gün keçirilən və 7 saat davam edən dərslər bir uşaq üçün aylıq 390 manatdır. Bura tədris materialları, nahar və gündə 2 dəfə qəlyanaltı daxildir.

DAO Tədris Mərkəzindən AzadlıqRadiosuna deyirlər ki, onlarda əsas dil kursudu, uşaq hər gün gəlib 2 saat məşğul olur və bu, valideynə aya 100 manata başa gəlir.

“Bütün günü uşaq bizdə olacaq”

Sumqayıtda yerləşən Reduco Tədris Mərkəzinin Yay Məktəbi isə 6-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Məktəbin əməkdaşı AzadlıqRadiosuna deyir ki, onların xidmət paketinə xarici dillərin tədrisi, söhbətlər, Bakı və Sumqayıt gəzintiləri, piknik günləri, idman yarışları, interaktiv oyunlar, “Movie Night”, rəqs, rəsm, əmək və şahmat dərsləri, disko və karaoke, səhər və axşam qəlyanaltıları, nahar və sairə aiddir:

“Səhər saat 9-da valideyn uşağı gətirir, axşam saat 6-da məktəb avtobusu deyilən ünvana aparır. Hər həftənin 5-ci günü gəzintilər nəzərdə tutulub ki, bunun üçün ayrıca ödəniş tələb olunmur”.

Bizimlə söhbət edən mərkəz əməkdaşı deyir, artıq ikinci ildir ki, onlar yayda bu məktəbi təşkil ediblər. Ötən il 60-a yaxın uşaq gəlib, bu il isə artıq 30-a yaxın qeydiyyatdan keçib. – müsahibimiz deyir.

____________________________________________________________

Bunlara da bax:
Rusiyada üçtərəfli Qarabağ sammiti?
“Nefti bahalaşdıran səbəblər qalıcı deyil”

____________________________________________________________

Düşərgənin aylıq qiyməti 150 manatdır.

Gəncədə fəaliyyət göstərən Montessori Gəncə 3-4 saatlıq kurs təklif edir. Qurumdan bildirdilər ki, həftəiçi hər gün xarici dil bacarıqlarının təkmilləşməsi və oyunlar daxil xidmət 50-70 manat arasıdır. Təşkilat gəzinti təşkil etmir.

“Kompleksdə bir gecə elə 50 manatdır”

CELT Colleges Düşərgə və Tədris Mərkəzi təbiət qoynunda “İngilis dili yay düşərgəsi” təklif edir. 10 ildir fəaliyyət göstərən mərkəz bu dəfə düşərgəsini Zaqatalada qurur. Düşərgə iyunun 20-dən başlayır. Mərkəzin özünü Məhərrəmov kimi təqdim edən AzadlıqRadiosuna deyir ki, uşaqlar Zaqatala Olimpiya Kompleksində qalacaqlar və 5-6 uşağa bir nəzarətçi təhkim olunacaq:

“Uşaqlar Bakıdan götürülüb aparılacaq və iki həftə sonra geri qaytarılacaq. Üç dəfə qidalanma olacaq, ingilis dili keçiriləcək, çadır düşərgəsində yaşayış, vəhşi təbiətdə özünüidarətmə, ilk tibbi yardım, elmi-mühəndis təlimləri, qızlar üçün kulinariya, tikiş tikmə kimi təlimlər olacaq. Üzgüçülük dərslərimiz var, boş vaxtlarında müxtəlif idman oyunları oynayacaqlar. Axşam isə tonqal ətrafında ingilislərlə söhbət, yəni “conversation” aparılacaq”.

Bütün bunların qiyməti isə 700 manatdır. Mərkəzin əməkdaşı bu məbləği yüksək hesab etmir, deyir ki, Zaqatala Olimpiya Kompleksində bir gecənin qiyməti 50 manatdır və bura yalnız səhər yeməyi daxildir.

“Bununla daha çox həmkarlar məşğul olmaldır”

“Azərbaycanda heç də hamı maddi təminatlı ailələrdən ibarət deyil, qiymətlər əlçatan olmalıdır”. Bunu Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri, hüquq müdafiəçisi Nazir Quliyev bildirir. Onun sözlərinə görə, məktəblilərin yay tətilinin təşkili qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin, yerli icra hakimiyyətlərinin, o cümlədən, həmkarlar ittifaqlarının öhdəsinə düşməlidir. Nazir Quliyevin fikrincə, ola bilsin, sovet hökuməti dağılandan sonra bu sahədə yaranan boşluq spesifik davranış tələb etdiyindən və gəlirlilik aşağı olduğundan biznes qurumları buna o qədər də diqqət yetirmir: “Ölkədə 2 milyondan çox uşaq var, əksəriyyətinin valideynin işlədiyi sahədə həmkarlar var. Həmkarlar İttifaqı bu boşluğu doldura bilər”, Nazir Quliyev əlavə edir.

“Onsuz da 9 ay xərcləyirik”

“Əvvəllər kəndə gedirdik, ya da uşaqları göndərirdim. Bu apreldəki atışmadan sonra qorxuruq. Kəndimiz cəbhə xəttində yerləşir, aprel döyüşlərində raket zərbəsindən kənddə məktəb binası belə dağıldı”. Bunu Bakıda bankların birində çalışan, iki uşaq anası Səriyyə İmranova deyir. Onun sözlərinə görə, iki məktəbli oğlu yay boyu evdə qalmalı olacaq:

“Maraqlandım, Bakıda elə bir yay məktəbi yoxdur, olanlar daha çox kursdur, qapalı yerdə dərs keçəcəklər. Bu uşaqlar onsuz da 9 ay elə qapalı məkanda qalıblar. 700 manatlıq yay düşərgəsindən xəbərim var, ancaq iki uşaqdı, 1400 manat iki həftəyə necə ödəyim?”

Səriyyə İmranova deyir, uşaqlarını kurslara göndərmək istərdi, ancaq ər-arvad ikisi də işlədiyindən uşaqları kimsə bu kurslara aparıb gətirməlidir:

“Yəni dayə tutmalısan. Onsuz da 9 ay elə xərcləyirik, barı 3 ay bir az büdcəmizə qənaət edək”, deyə müsahibimiz gülür, ancaq sonra da əlavə edir ki, əlverişli qiymətə və uzun müddəti əhatə edən yay məktəbi olsaydı, imtina etməzdi: “Iki uşağa 300 manat xərcləyə bilərəm, ondan çox yox”, o deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG