Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:42

Böhran da başladı, yenə yol təmiri bitmədi...


►“Yarışlara bu qədər pul xərcləyirlər, camaatın yolunu təmir etmirlər"

Ramin Deko

İqtisadi böhranla üzləşən Azərbaycanın paytaxtı indi də Formula 1-ə hazırlaşır. Əgər belə olmasaydı, Bakının mərkəzi küçələrinin asfaltları yenilənməz, binaları üzlənməzdi. Gözlə görünən, turistlərin daha çox üz tutacağı hər ünvanda bu dəqiqə şıdırğı iş gedir.

Təmirdən çıxmış yollara yenidən asfalt vurulur

Əslində, Azərbaycana elə də çox turist gəlmir. Bakı bir neçə beynəlxalq tədbirə ev sahibliyi edib, ancaq qonaq sarıdan korluq çəkib.

Rəsmi məlumatlarda da bu öz əksini tapıb. İstər “Eurovision” musiqi yarışması, istər Birinci Avropa Oyunları, istərsə də başqa tədbirlərdə xaricilər gözləniləndən də az gəlib.

Məsələn, rəsmilər 2014-cü ildə Azərbaycana 2 milyon turistin gəldiyini bildirir. Müqayisə üçün, qonşu Gürcüstana həmin il 5 milyondan artıq əcnəbi girib-çıxıb.

Ancaq bütün bunlara baxmayaraq, rəsmi Bakı, nədənsə, bu yarışlara ciddi hazırlaşır.

Prezident Administrasiyasından “Azneft” meydanına gedən yol, Bakı Şəhər İcra Hakimiyyətinin binasının önü, Nizami heykəlinin ətrafı, metronun “28 may” stansiyasının yaxınlığındakı əsas küçələrin əksəriyyəti qapanaraq asfaltlanır. Qoşa Qala qapısına yaxın binalar üzlükləri yenilənir.

Sözügedən ünvanlarda bundan öncəki yarışlarda da təmir işləri getmişdi, indi yenidən “baxış” keçirilir. Halbuki Bakının onlarla küçə və binaları var ki, həmin ərazilər yenilənməlidi. Di gəl, diqqətdən kənardadı. Paytaxtın təkcə Yasamal və Binəqədi ərazisində hər dəfə 10-15 dəqiqəlik yağış yağandan sonra küçələr sakinləri iri nohurlarla salamlayır.

“Yüzlərlə ailənin problemləri həll olunar”

Yaşadıqları bina baxımsızlıq üzündən yararsız hala düşən Səkinə İsmayılova deyir, illərdi aidiyyəti qurumlara müraciət ediblər, ancaq heç bir faydası yoxdur:

“Ətrafda bütün evləri sökdülər, yerində “göyədələn” tikdilər. 10-15 ailə qalmışıq. Nə bazar qiymətlərinə uyğun kompensasiya verirlər, nə də yeni tikilən binalarda mənzil təmin edirlər. Yollarımız pis gündədi, evlərimiz də hər an uça bilər. Ancaq heç kim kömək etmir. Yarışlara bu qədər pul xərcləyirlər, camaatın yolunu təmir etmirlər. Hansı ünvanlar mərkəzə yaxındı, həmin yerlərə əl gəzdirirlər. Bu vəziyyətdə idman bizim haramıza yaraşır? Ora ayrılan pullarla yüzlərlə ailənin problemləri həll olunar”.

12 milyon?

Gənclər və idman naziri Azad Rəhimov isə mediaya Formula 1 yarışlarına hazırlıq işlərinin qaydasında getdiyini deyib:

“Çalışırıq ki, Bakı sakinlərinə heç bir problem yaranmasın. Baxmayaraq ki, 6 kilometrlik məsafədə yollar dəyişir, işlər çox səliqəli şəkildə aparılır, tıxaclar yaranmır".

Nazirin sözlərinə görə, 6 kilometrlik yolun təmiri 12 milyona başa gələcək.

Bakı Şəhər İcra Hakimiyyəti isə hazırkı yol təmirinə nə qədər vəsaitin ayrılmasıyla bağlı AzadlıqRadiosunun suallarını cavabsız qoydu.

Buna da bax: Bakının mərkəzi "Formula-1"ə görə qazılır (Fotolar)

XS
SM
MD
LG