Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:49

‘Niyə şəhidin ailəsinə 11 min manat verilir, amma...’


Aqil Abbas
Aqil Abbas

Aqil Abbas: “İdmançı da şəhiddir”

Bu günlərdə deputatların bir məsələdə fikri haçalandı. Deputatlar Aydın Mirzəzadə Əflatun Amaşov Azərbaycanın ərazi bütövlüyü yolunda həlak olanların ailələrinə birdəfəlik yardımların bir neçə dəfə artırılmasını təklif etdilər. Hətta konkret rəqəm də səsləndi: bu məbləğ 100 min manat olmalıdır.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə cavab verdi: “Şəhid ailələrinə verilən birdəfəlik müavinətin 10 dəfə artırılması barədə təkliflər populizmdir. Bu, əlbəttə ki, mümkün deyil”.

Əflatun Amaşov: “Elə məsələ var, büdcəyə baxmır”

Təklifin müəlliflərindən Əflatun Amaşov AzadlıqRadiosu-na deyir: “Elə məsələlər var ki, onlar büdcəyə baxmır. Bu, sırf vətənə, vətən yolunda həlak olanlara münasibətin göstəricisidir. Mən sözləri ehtiyatla seçirəm, yenə deyərlər, populistcəsinə danışır. Amma vətən yolunda həlak olan da, ailəsi də bilməlidir ki, hər hansı problemlə qarşılaşmayacaq, əziyyət çəkməyəcək”.

Əflatun Amaşov: 'Elə məsələlər var ki, onlar büdcəyə baxmır'
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00
Direct-ə keçid

Buna da bax:​ Hadı Rəcəbli: ‘Müavinətlərin artırılması təklifi populizmdir’

Deputat bu məsələni təsadüfən qaldırmayıb: “Keçən ilin sonlarında deputat seçildiyim Saatlı rayonunda bir şəhidin yasında iştirak etdim, ailəsi ilə görüşdüm, evlərinə baxdım. Fikirləşdim ki, niyə vətən yolunda həlak olan əsgərin valideynlərinə 11 min manat pul verilir, amma bizdə elə şirkətlər var öz əməkdaşlarını 50, 70, 100 min manat sığorta edirlər. Ona görə də bu məsələni parlamentdə qaldırdım. Mən rəqəm səsləndirmədim. Amma düşünürəm ki, şəhid ailəsinə11 min manat verilməsi indiki vəziyyətdə çox azdır. Həmin məbləğ artırılsa, yaxşı olar”.

Əflatun Amaşov rəqəmi mütəxəssislərin müəyyənləşdirməli olduqlarını söyləyir. O bu zaman dünya təcrübəsindən bəhrələnməyi məsləhət görür.

Aqil Abbas: “100 min manat vermək reallıqdan uzaqdır”

Deputat, yazıçı Aqil Abbas hər iki tərəfin fikrini yanlış sayır. O övladını itirmiş ailəyə 100 milyon manat müavinət verilsə də, bala itkisinin əvəzini doldurmayacağını düşünür. Hərçənd Aqil Abbas da razılaşır ki, müavinət azdır və bu rəqəm artırılmalıdır. Amma bir əmması var: “İndiki halda həmin ailələrə 100 min manat vermək reallıqdan uzaqdır. Təkcə son illər həlak olanlara verilsəydi, bu mümkün idi. Amma Azərbaycanda 20 min şəhid var. Tətbiq olunmalıdırsa, hamısına tətbiq olunmalıdır. Mənim fikrimcə, pul azdır, Aydın Mirzəzadə ilə razıyam ki, bu rəqəm artırılmalıdır. Bunu dövlət fikirləşməlidir ki, nə qədər təzminat verə bilər, 20 min, 30 min manat, nə qədər...”

Aqil Abbas: 'Azərbaycanda 20 min şəhid var. Tətbiq olunmalıdırsa, hamısına tətbiq olunmalıdır'
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00
Direct-ə keçid

Buna da bax:​ II Dünya Müharibəsi iştirakçılarına yardım

Bu günlərdə bu məsələ sosial şəbəkələrdə də qızğın müzakirə edilir və hətta bəzi istifadəçilər idmançılara mükafat olaraq, 100-150 min manat verildiyi halda, döyüşdə həlak olanlara 11 min manat yardım ayrılmasını qınayırlar.

“İdmançı da şəhiddir”

Aqil Abbas bu yanaşmaya etiraz edir: “İdmançı olur 5 nəfər, 6 nəfər. Bunlar Azərbaycan bayrağını qaldırırlar, dövlət 5-6 nəfərə 400-500 min pul verirsə, bunu şəhid ailələri ilə bağlamayın, xahiş edirəm. İdmançı da şəhiddir də. Gedir orda Azərbaycanın bayrağını qaldırır. Özü də pulu olimpiadada qalib olanlara verirlər, bir neçə nəfərə. 5 nəfər idmançını 20-25 min şəhidlə bağlamayın. Onlar Azərbaycan bayrağı yolunda ölüb, şəhid olubsa, bunlar da o bayrağı qaldırıblar. Bəzi dövlətlər az pul verir idmançılara, bizim kimi ölkələrsə çox pul verir ki, bir az daha çox medal qazanılsın. Nə lazımdır Amerikaya olimpiadada 300 medal qazansın? O Amerikadır. Amma bizim ehtiyacımız var ki, bayrağımızı orda qaldıraq”.

Buna da bax:​ Komitə sədrindən Qarabağ əlillərinə irad

“Birdəfəlik müavinətdənsə, aylıq artırılsın”

Aqil Abbasın bir təklifi də var, həlak olanların ailələrinə verilməli olan birdəfəlik yardımların artırılmasındansa, aylıq müavinətlərin qaldırılmasının tərəfdarıdır.

“Qazilərə də, şəhid ailələrinə də verilən aylıq qaldırılmalıdır. O səviyyəyə qaldırılmalıdır ki, ailələrini dolandıra bilsinlər, həmin ailə heç kimin qapısına getməsin, heç kimə zəng etməsin, aylıq ehtiyaclarını ödəyə bilsin. Bir misal çəkim. Ağa Məhəmməd şah Qacar sevdiyim şəxsiyyətdir. Onun fərmanıyla şəhid ailəsi vergidən azad olunardı, ailəsinə 20 qoyun, 2 inək, 1 at və torpaq verilərdi. Yəni ailə başçısı artıq arxayın olurdu ki, o ölərsə, ailəsi dolanacaq”,deputat bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG