Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:20

«1930-cu illərdə NKVD-də işləyən azərbaycanlıların adlarının açıqlanmasına ehtiyac görmürəm». Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Yaqub Mahmudov AzadlıqRadiosuna müsahibəsində belə deyib.

– Yaqub müəllim, bugünlərdə Rusiyanın «Memorial» hüquq cəmiyyəti 1935-1939-cu illərdə NKVD-də (Xalq Daxili İşlər Komissarlığı) çalışmış 40 min əməkdaşın adını açıqlayıb. Onların arasında azərbaycanlı NKVD-çilərin də adları var. Buna fərqli münasibətlər açıqlanır. Siz nə düşünürsünüz bu haqda?

– Mən belə hesab edirəm ki, üstündən uzun illər keçəndən sonra buna ehtiyac yoxdur. Əvvəla, bu, səhv siyasətdir. İkincisi, açıqlansa belə, bu, vaxtında edilməliydi. Amma uzun illər sonra adların açıqlanması ayrı-ayrı ziyalıların, ailələrin, nəsillərin tarixinin araşdırılmasına, qarşıdurmaya səbəb olacaq. Xüsusən Azərbaycan timsalında buna ehtiyac görmürəm. Bu adları ictimailəşdirmək Rusiyanın öz daxili işidir, özü bilər. Mən belə şeyə müsbət baxmıram.

– Amma belə fikir var ki, tarixdən ibrət götürmək, kimin kim olduğunu bilməkdən ötrü bu adlar açıqlanmalıdır.

– Tarixdən ibrət almaqdan ötrü bütöv hadisələr, proses özü araşdırılır. NKVD sisteminin bütün vəhşilikləri Rusiyada da araşdırılıb. Biz də 1920-30-cu illərdə törədilən soyqırımları araşdırıb ortaya kitablar qoyduq. Bu məsələ elmi cəhətdən araşdırılmalıdır. Amma siyahıların açıqlanması məsələni çox da aydınlatmır. Prinsip etibarilə, aydındır ki, repressiyalar baş verib, günahsız insanlar öldürülüb, onların içindən ən məşhur ziyalıların, haqsız ölümə göndərilən insanların adlarını verməklə o mənzərəni yaratmaq mümkündür. Ancaq NKVD-də çalışanların hamısının adının ictimaiyyətə açıqlamaq istənilən cəmiyyətdə qarşıdurmalar yarada bilər. Tarixçi kimi, buna ehtiyac görmürəm. Sadəcə, prinsipial məsələlər araşdırılmalı, onlara münasibət bildirilməlidir. Rusiya bu gün etiraf etməlidir ki, bu cür haqsız siyasət yeridilib, tutatutlar olub. Amma yenə deyirəm ki, siyahını açıqlamağa ehtiyac yoxdur.

– Adları artıq açıqlayıblar. 40 min NKVD əməkdaşından yalnız 300-ə qədəri Azərbaycanda xidmət göstərib. Onlardan 57 nəfəri azərbaycanlıdır, yerdə qalanı yəhudi, erməni, gürcü və başqalarıdır. Üstündən 70-80 il keçəndən sonra adların açıqlanması nəyi dəyişəcək ki? Yəni Sizcə, tutalım, Əhməd Cavadın nəvə-nəticəsi babası haqqında ölüm hökmü çıxaran insanı arayıb cəzalandırmaqmı istəyəcək?

– Bizim yolumuz belədir, repressiya dövründə ayrı-ayrı adamların, ailələrin üzərində iş qurmuruq. O illərdə tək bir gündə Bakıda 50 min insan məhv edilib. Qarabağ, Zəngəzur şumlanıb, bu faktdır. Yəni faktları verib, işi sübut edək. İllər keçəndən sonra ailələri üz-üzə qoymaq nəyə lazımdır? Heç bir məna görmürəm.

– Yaqub müəllim, soyqırımlardan danışırsınız. Bunu NKVD törətmişdi?

– NKVD-nin və ya başqa qurumun əliylə törədilməsinin əhəmiyyəti yoxdur. 1920-ci ildə burda bolşevik rejimi qurulanda, 1918-ci ildə Azərbaycanın müxtəlif yerlərində soyqırımı törədən daşnaklar doluşdular şura hökumətinin orqanlarına. Başladılar bu siyasəti gerçəkləşdirməyə. Biz sovet hökumətinin qüsurlarını deməklə yanaşı, bizdən qisas alan erməni millətçilərinin əməlini də önə çəkməliyik. NKVD-nin yarıdan çoxuna onlar rəhbərlik edirdilər. Yalandan proseslər aparırdılar, ot tayalarının içində silah gizlədib adamları dolaşdırırdılar. Siyasət Moskvadan həyata keçirilirdi, aydındır, amma reallaşdıran kimlər idi? Erməni millətçiləri. Biz o şeyləri daha tutarlı faktlarla açırıq. Bunu elmi şəkildə araşdırmaq əvəzinə ailələrlə bağlamaq düz olmaz. Bizim üçün bunu bilmək yetərlidir ki, Əhməd Cavad, Salman Mümtaz, Hüseyn Cavid, yəni xalqın qaymaqları məhv edilib. Bunları göstərməklə repressiya haqda təsəvvür yarada bilirik. Ancaq adları 70 il sonra dərc etmək timsahın göz yaşına bənzəyir. Buna ehtiyac görmürəm.

– NKVD deyəndə, insanın gözü qarşısına sovetlərin maşası rolunu oynayan, insanlara zülm edən, işgəncə verən, güllələyən bir qurum gəlir. Maraqlıdır, bu qurumda repressiyalara etiraz edən, müqavimət göstərənlər olubmu? Tarixçi kimi belə faktlara rast gəlmisinizmi?

– Sovetlərin prinsipial siyasət ondan ibarətiydi ki, Azərbaycan ərazisi boşaldılsın. Burda baxmayıblar bu Salman Mümtazdır, Əhməd Cavaddır... Söhbət Azərbaycan xalqını məhv etməkdən gedirdi. Bu siyasəti yeridənləri və icra edənləri ortalığa çıxarmaq lazımdır.

– Həmkarınız, tədqiqatçı alim Cəmil Həsənli AzadlıqRadiosuna deyib ki, adlar açıqlanmalıdır, ən azından, bu gün hüquq-mühafizə orqanlarında sıravi vətəndaşlara işgəncə verənlərin ibrət alması, heç nəyin yaddan çıxmadığını göstərmək üçün.

– Mən çox təəssüf edirəm ki, siz məsələni bir şəxsə yönəltdiniz, problemi elmlikdən çıxardınız. Bir halda ki soruşursunuz, cavab verim. Bu gün bizim hüququ-mühafizə orqanlarında heç kimə işgəncə verilmir.

– Amma Siz ehtimala belə yer qoymursunuz?

– Bu doğru deyil! İşgəncə verilmir. Müstəqil dövlətin hüquq-mühafizə orqanlarının vəzifələri başqadır. Bu gün bizim güc qurumları o qədər sərrast işləyir ki, Azərbaycan türk-müsəlman dünyasında sabitliyi qoruyan adadır. Qaldı adlara, bəli, Cəmil Həsənli də, biz də deyirik ki, bizim dahiləri öldürüblər. Ancaq Bakıda bir gündə 50 min adamın cənazəsi yerdən qaldırılıbsa, bu adamların da, onları qətlə yetirənlərin də adlarının hamısını açıqlamaq mümkün deyil, bunların hamısı qeydiyyata alınmayıb. Ona görə «Hamının adı açıqlanmalıdır» demək imkan xaricindədir. Bunların bir qismini vermək olar. Bugünkü Azərbaycanın hüquq-mühafizə sistemini daşnakların hökmranlıq etdiyi, azərbaycanlılara divan tutan, soyqırımı həyata keçirən NKVD ilə müqayisə etmək olmaz.

– Amma məhkəmələrdə təqsirləndirilən şəxslər başqa şey deyirlər. Onlara verilən işgəncə növlərini ətraflı izah edirlər. Beynəlxalq hesabatlarda bu əksini tapır.

– Buyurub desinlər. Çox söz deyirlər. Hər deyiləni qanun kimi qəbul etməli deyilik. Doğru deyil bu deyilənlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG