Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 00:38

Takanobu Nishimoto və onun ortayaşlı kişilərdən ibarət komandası qulaqlarını kirayəyə verirlər. Tənha təqaüdçülərdən tutmuş, xəyalları puç olan məktəbli qızlaradək, düşüncələrini psixoterapevtə və ya daha betəri, öz ailələrinə danışmaq istəməyənlər bu komandanın xidmətindən yararlana bilər.

XİDMƏTHAQQI 15-16 MANATDIR

Qulaq yoldaşına ehtiyac duyan hər kəs Nishimoto-nun onlayn xidmətindən istifadə edərək özünə «ossan» tapacaq. Ossanlar 45 - 55 yaş arası kişilərdir. Xidmətin bir saatı 1000 yendir (təxminən 10 dollar və ya 15 manat 70 qəpik).
Nishimoto bu konsepsiyanı dörd il əvvəl düşünüb. Onun şəbəkəsində bütün Yaponiya üzrə 60-dək kişi var: «Məndən ötrü bu xidmət daha çox hobbidir... İlk məqsədim yaşıdlarımın, artıq gənc olmayan və ciddi qəbul edilməyən kişilərin imicini yaxşılaşdırmaqdır».

Əsl peşəsi moda koordinatoru olan 48 yaşlı Nishimoto təkidlə deyir ki, müştərilərinə, sadəcə, söhbətləşməyi təklif edirəm. Dediyinə görə, ayda 30-40 müştərisi olur. Onların 70 faizi qadınlardır: «Məni «kirayələyən» insanlar, sadəcə, bir-iki saatlığına onlara yoldaşlıq etməyimi, çox vaxt da onları dinləməyimi istəyirlər». Nishimoto-nun 80 yaşlı bir müştərisi hər həftə onu yerli parkda birgə gəzintiyə çağırır: «Mən demək olar ki, onun oğluna çevrilmişəm».

«HİKİKOMORİ» SOSİAL TƏKLƏNMƏ DEMƏKDİR?

Müştərilər arasında tora balıq düşməsini gözləməkdən bezən balıqçı da var, şoubiznesə qoşulmaq istəyən, ancaq ailəsindən dəstək görməyən məktəbli qız və ya öz müdirinin yanında necə davranacağını bilməyən zavallı gənc işçi də.

Yaponiya çoxdan bəri sosial təklənmə problemindən əziyyət çəkir. Burada sözügedən fenomenə «hikikomori» deyirlər. İnsanlar, çox zaman da yeniyetmələr evlərini tərk edib sosiallaşmaqdan imtina edirlər. Videooyunlar, ya da tək-tənha bir küncə qısılmaq onları daha çox özünə çəkir.
Ancaq Nishimoto-ya üz tutanlar cəmiyyətdən qopanlar və ya bənzər problemlərdən əziyyət çəkənlər deyil.

Onun xidmətindən yararlananlar deyirlər ki, bu, onlara ailə və dostlarının gözləntilərini unutmağa və sərbəst danışmağa imkan verir. Ekspertlərin fikrincə, çox sərt çərçivəli sosial rol və gözləntilərin olduğu Yaponiyada bu imkanın böyük faydası var.

İntihar etmək istəyən adamı fikrindən necə daşındırardınız?

«ONUN SAYƏSİNDƏ ELƏ TƏSƏVVÜR OYANIR Kİ…»

Nishimoto ilə seansdan sonra 24 yaşlı Nodoka Nyodo deyir: «İstər dostlarım, istər ailəm, istərsə sevgilimlə olum, - «mən»lər dəyişir, axı... Öz «mən»imi başqalarına münasibətdə yaradıram. Burada isə bu, yoxa çıxır, çünki tanımadığım adamla danışıram. Onun sayəsində elə təsəvvür oyanır ki, sanki özümü daha yaxşı anlayıram».

Psixoloq Hiroaki Enomoto vurğulayır ki, Yaponiyada hətta ən yaxın çevrənə nəyi deyib-deyə bilməyəcəyini müəyyənləşdirən sosial normalar var: «Yeni bir şeylə qarşılaşanda, mövcud çevrənizdə uyğun adam olmadığına görə, kiminləsə bu barədə danışmaq çətin ola bilər. Başqasını narahat etmədən özünü necə ifadə edəcəyini bilmək çətindir».

Ancaq özünə «ossan» tutanda, münasibətlər kommersiya əsaslı olur və başqa qaydalar nəzərdə tutur.

«DOST KİRAYƏSİ» TƏKLİFLƏRİ ÇOXALIR

Son illər ərzində bir çox şirkət saathesabı «dost kirayəsi» təklif edir.
Müştərilər toya, dəfn mərasiminə, yaxud qonaqlığa getməkdən ötrü yalançı dost kimi agentlik işçisini kirayələyə bilərlər. Bəzi yaşlı insanlar tənhalıq və təcrid şəraitində onlardan vaxt öldürmək üçün də yararlanırlar.

Ailəli olan Nishimoto deyir ki, dəfələrlə xidməti dayandırmaq ağlından keçsə də, hiss edib ki, müştərilər ona ehtiyac duyduğu qədər onun da onlara ehtiyacı var: «Onlar məni «kirayələdikləri» zaman heç vaxt nə soruşacaqlarını bilmirəm. Sözsüz ki, xeyli qorxuram, amma elə həmin səbəbdən də bu qədər maraqlıdır. Düzünü desəm, qəribə müştərilərlə heç vaxt problem yaşamamışam. Xeyli emosional təcrübə toplamışam».

Günün bütün mövzuları

XS
SM
MD
LG