Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:29

60 il sonra...


Washington
Washington

Bu bir Hollivud filmi deyil, gerçək həyat hekayətidir

1950-ci illər. Yokohamada bir ictimai hamam. Qızılı saçlı qızcığaz süngərdaşı ilə bədənini ovuşdurur. Yanındakı uşaqlar onu qıcıqlandırmaq üçün “amerikalı, amerikalı” deyə qışqırırlar. O isə cavabında “mən amerikalı deyiləm, yaponam” deyir. İllərboyu amerikalı valideynləri tərəfindən tərk edildiyini bilən bu qızcığaz yalnız 67 ildən sonra, ahıl çağındaykən öyrənir ki, əslində, ABŞ-ın asiyalılara ayrıseçkilik tətbiq edən immiqrasiya siyasətinin qurbanı olub.

Atası, 20 yaşlı Texaslı James Vaughn 1946-cı ildə Amerikanın Yokohamadakı hərbi bazasına xidmətə gəlir. Burada 16 yaşlı Vivienne Wilson-la tanış olur. 1949-cu ildə bu cütün Mary Ann Vaughn adlı bir qızı dünyaya gəlir. Ancaq ana yarıyapon olduğundan, ABŞ-ın ozamankı immiqrasiya qanunvericiliyinə əsasən, Müdafiə Nazirliyi James Vaughn-a həmin qadınla ailə qurmağa icazə vermir. Yalnız atanın Konqresə məktubundan sonra - 1950-ci il avqustun 5-də ana ilə qızına da Amerikaya giriş icazəsi verilir. Bədbəxtlikdən, vərəmdən əziyyət çəkən ana Vivienne Wilson elə həmin gün ölür. Bundan sonra ailəsi atasına çətin olacağından, o qayıdanadək 16 aylıq körpəni dayəyə etibar edir. Beləcə, ata Amerikaya tək yola düşür və bir daha geri qayıtmır. Balaca qızcığazsa amerikalı ata-ananın övladı olduğundan xəbərsiz qalır.

Foto: arxiv
Foto: arxiv

Beş il sonra

5 il sonra - Amerikalı hərbçilərin Yaponiyada qoyub getdiyi yetim uşaqlara yardım missiyası ilə fəaliyyət göstərən bir təşkilat qızı tapır. Dayə Fumi Yamaguchi onu övladlığa götürmək istəsə də, məhkəmə qadının maddi vəziyyətini acınacaqlı bilir vəbunu mümkün saymır. Məsələyə İsveç səfirliyi də qarışır, uşağın daha yaxşı şəraitdə yaşamalı olduğunu bildirir. Sonda məhkəmə belə kompromisə gəlir ki, uşaq beynəlxalq məktəbdə oxusun və dərs günləri əcnəbi ailədə, həftəsonu isə Fumi Yamaguchi-nin yanında qalsın.

Bu, 9 yaşlı Mary Ann Yamaguchi-nin həyatında baş verən tək dəyişiklik olmur. Məhkəmənin qərarı ilə onu adı dəyişdirilir. Qıza Marianne Wilson adı verilir. Marianne – Mary Ann adının İsveç versiyası, Wilson isə bioloji anasının soyadıdır. 9 yaşlı uşağın düşüncə tərzində yeni adla çağırılmaq ondan ötrü əsl işgəncəyə çevrilir.

Yalnız 1975-ci ildə - Yamaguchi ölüm ayağında olarkən, Marienne-ə hər şeyi danışır. Atasının onu atmadığını, əksinə, onu tapmağa çalışdığını söyləyir. “Sənin əsl valideynlərin bunlardır”, --­ deyib ata-anasının şəkillərini qıza uzadır.

Foto: arxiv
Foto: arxiv

29 ildən sonra...

Marienne-in axtarışları bir nəticə vermir. 29 ildən sonra - 2004-cü ildə Yaponiya Qızıl Xaç Komitəsi ona atasının tapıldığı xəbərini gətirir. Nə yazıq ki, ata James Vaughn bu xəbərdən 11 ay əvvəl dünyasını dəyişmiş olur.

O, 3 ay sonra Amerikaya, atasının qəbrini ziyarətə gedir. “Ona ehtiram etməliyəm, amma bilirsiniz, içimdən bir səs deyir ki, ata, 11 ay da dözə bilməzdin?!” – Marienne deyir.

O, valideynlərinin şərəfinə Amerika vətəndaşlığına keçmək qərarına gəlir. “Amerikada yaşamaq niyyətində olmayan biri niyə vətəndaşlıq istəsin” kimi suallar bu proseduru düz 12 il ləngidir. Nəhayət, bu ilin iyununda qadının “facebook” səhifəsində ABŞ-ın Tokiodakı səfirliyi qarşısında əlində Amerikaya sadiqlik andı tutmuş şəkli peyda olur. İndi yeganə istəyi babasının və nənəsinin Texasdakı qəbirlərini ziyarət edib, onlara “baxın, mən artıq evimdəyəm" deməkdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG