Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 20:59

Binadakı yanğından dövlətə 8 milyon ziyan dəyib


►Zərərçəkmiş: "Mənzilimlə eyni olan başqa bir qonşuya dəymiş ziyan 100 min hesablanıb, mənə 47 min. İş materialları ilə tanış olanda gördüm ki, məbləğ düzgün deyil, anamın adı belə, səhv yazılmışdı”

Ötən ilin mayında Binəqədidəki yaşayış binasında çoxsaylı insan ölümü ilə nəticələnmiş yanğına görə həbs olunanlardan birinin vəziyyəti iyulun 11-də məhkəmədə pisləşib.

“BU ADAM HƏYATINI İTİRSƏ...”

2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini işləmiş Qəzənfər Novruzova görə Bakı Ağır Cinayətlər Məhkəməsinə təcili yardım çağrılıb. Novruzovun vəkili Nüşabə Ağayeva deyir ki, tibbi yardım göstərən həkimlər onun xəstəxanaya yerləşdirilməsini məqsədəuyğun sayıblar. Amma o, məhkəmə prosesini pozmamaqdan ötrü bundan imtina edib.

Vəkil bu iş üzrə məhkəmə iclasında bunu Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyətinin də nəzərinə çatdırıb. Nüşabə Ağayeva eyni zamanda, Penitensiar Xidmətə bu yaxınlarda rəis təyin olunmuş Ceyhun Həsənovdan da şikayətlənib:

"Qəzənfər Novruzov ağır xəstədir, bunu təsdiqləyən tibbi ekspertiza rəyi var. Rəydə göstərilib ki, tibbi müdaxilədən asılı olmayaraq, hər an həyatına təhlükə var. Təəssüf ki, Penitensiar Xidmətin yeni rəhbərliyi qanunları kobud şəkildə pozaraq, onun müalicəsinə imkan vermir. Əgər bu adam həyatını itirsə, buna görə məsuliyyət Penitensiar Xidmət rəhbərliyinin, Ceyhun müəllimin üzərindədir. Rəhbərliyin göstərişilə belə ağır xəstəni Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən çıxarıb, təcridxanaya köçürüblər".

Vəkil Qəzənfər Novruzovun tibbi müəssisəyə yerləşdirilməsi məsələsinin həlli barədə vəsatət qaldırıb.

“FOTO-TEXNİKİ EKSPERTİZA TƏYİN OLUNSUN ”

Yanın binanın üzlənməsində iştirak etmiş "Global Construction" və "Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib ki, müdafiə tərəfi iş üçün zəruri olan bir sıra sübutlar – maketlər, sxemlər, video və şəkillər əldə edib. Vəkilin sözlərinə görə, yanğın günü video çəkilsə də, nədənsə, iş materiallarına əlavə olunmayıb: "Xahiş edirik, əldə etdiyimiz sübutların nümayişi üçün məhkəmədə texniki şərait yaradılsın".

Miryusif Mahmudovun digər vəkili məhkəmə prosesinin videolentə alınması barədə vəsatət qaldırıb.

Təqsirləndirilən şəxslərdən "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirovun vəkili Cavid Rzazadə məhkəməyə yanan bina ilə bağlı bir xeyli şəkillər təqdim edərək, onların sübutlar siyahısına əlavə olunmasını, onların mötəbərliyinin yoxlanılması məqsədilə foto-texniki ekspertiza təyin olunmasını istəyib.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

BURADA OTURANLARIN HEÇ BİRİNİN GÜNAHI YOXDUR

"Burada oturanların heç birinin bu işdə günahı yoxdur. Həqiqi günahkarlar isə məsuliyyətdən yayınmağı bacarıb. Konkret olaraq, Uğur Bəşirovun günahsızlığını sübut edən bir çox faktlar nəzərə alınmayıb", – vəkil vurğulayıb.

Məhkəmə Qəzənfər Novruzovun Müalicə Müəssisəsinə yerləşdirilməsilə bağlı vəsatəti təmin edib. Bu məqsədlə Bakı istintaq təcridxanasına məktub göndəriləcək.

Digər vəsatətlərə gəlincə, onlar baxılmamış saxlanılıb.

Məhkəmədə zərərçəkmiş Səbinə Manafovanın da vəsatəti olub. O, dəymiş ziyanın düzgün hesablanmadığını bildirərək, təkrar ekspertiza təyin olunmasını istəyib:

"Mənim mənzilimlə eyni olan başqa bir qonşuya dəymiş ziyan 100 min hesablanıb, mənə 47 min. Biz iş materialları ilə tanış olanda gördüm ki, məbləğ düzgün deyil, anamın adı belə, səhv yazılmışdı. Əgər bunları düzgün yazmayıblarsa, deməli, bu işdə çox şey düz deyil".

8 MİLYON 700 MİN MANAT ZİYAN

Daha sonra prokuror ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxslərin yanğın təhlükəsizliyi qaydalarını pozması və vəzifədən sui-istifadəsi nəticəsində bu hadisə baş verib. Binanın təmiri, zərərçəkmişlərə ödənilən vəsait və s. xərclər də nəzərə alınmaqla, dövlətə 8 milyon 700 min manat ziyan dəyib.

Məhkəmə qarşısına çıxarılanların heç biri elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Hətta bir neçəsi ittihamın mahiyyətinin onlara aydın olmadığını deyib.

Məhkəmə prosesi iyulun 12-də zərərçəkmiş şəxslərin dindirilməsilə davam edəcək.

Xatırladaq ki, ötən il mayın 19-da 15 nəfərin ölümüylə nəticələnmiş yanğınla əlaqədar məhkəmə qarşısına 8 nəfər çıxarılıb - Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyov. Ələkbər Əsgərov "Global Construction" MMC-nin sədr müavinidir. Ədalət Rəcəbov 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra Binəqədi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləyib. Nizami Orucov 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olub.

Ağacavad Məmmədov "Dərnəgül Boru" zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri, Akif Əlibəyov isə Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG