Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:38

Xətaidə yanan bina işi: ‘Yanğın kabeldən başlayıb’


Xətaidə yanan bina təzədən üzlənir, 11apr2015

Xətaidə yanan bina təzədən üzlənir, 11apr2015

Ötən il aprelin 10-da Xətai rayonu ərazisində 9 mərtəbəli binanın yanması nəticəsində ziyan çəkmiş sakinlər sonradan mənzillərində aparılan təmirdən narazı qalıb. Bu barədə onlar məhkəmədə zərərçəkmiş qismində ifadə verərkən bildiriblər.

Sözügedən bina yanğını işi xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Avqustun 30-da keçirilən məhkəmə iclasında zərərçəkmişlərdən daha 10 nəfəri ifadə verib.

“YENİDƏN TƏMİR ELƏTDİRDİM”

"40 il yaşadığım evdən heç nə qalmadı, hər şey kül oldu. Sonradan elədikləri təmir də başdansovdu idi, yenə uçulub-tökülürdü. Bu cür təmir məni qane etmədiyinə görə bizə verdikləri kompensasiyaya özüm yenidən təmir elətdirdim. O pul da çatmadı. Bu hadisələrdən sonra xəstəlik tapdım", – zərərçəkmiş Zahidə Ağamalıyeva bildirib.

Buna da bax: 'Ölən bacı-qardaşımın hər birinə görə 100 min istəyirəm'

Başqa bir zərərçəkmiş Əminə Əsədova da təmirdən narazılıq edib: "Yanğından əvvəl evimizi super şəkildə təmir etmişdik. Evin parketləri Almaniya istehsalı idi. Ancaq bütün evlərin hamısını eyni qaydada təmir etdilər. Gördüm ki, başdansovdu eləyirlər, öz hesabımıza təmir elətdirdik. Amma müəyyən məsələlərdə bizə kömək elədilər. Onlardan xahiş elədik, parketi gətirdilər. Şükür ki, ölüm olmadı, ən böyük təsəllimiz budur. Bu, 63 ailənin başına gələn bir bəla idi".

Digər zərərçəkmiş Şahhüseyn Kazımov sakinlərə dəymiş mənəvi ziyanın düzgün dəyərləndirilmədiyini deyir. Qeyd edir ki, məlum hadisədən sonra nevroz xəstəsinə çevrilib.

Buna da bax: Xətaidə yanan bina sakinlərinə pul verilir

İxtisasca mühəndis olduğunu deyən Şahhüseyn Kazımov həmçinin yanğının səbəbilə bağlı maraqlı ifadə verib: "Bu işi görənlərə yazıqlar olsun. Çox məsuliyyətsiz iş görürdülər. Materiallardan düzgün istifadə olunmurdu. Binanın üzlənməsi üçün gətirilən materialların qalıqlarından ibarət bir neçə maşınlıq zibil yığılmışdı. Həmin qalıqların altından kabel keçirdi. Yanğın da oradan başlayıb. Bilmirəm ki, kabel özü yanmağa başlayıb, yoxsa siqaret atıblar, ondan alışıb".

“15 MİN MANATA BUNLARI NECƏ ALMAQ OLAR?”

Verilən kompensasiyadan razı qalmayan zərərçəkmişlərdən biri də Balaşxan Hümbətovdur. Onun sözlərinə görə, evdə nə varsa, hamısı yanıb kül olub: "Qab-qacaqdan tutmuş, pal-paltara qədər hər şey yanıb. 15 min manata bunların hamısını necə almaq olar?"

Buna da bax: Yanan bina işi: 'Yanğına o zibil səbəb oldu'

Zərərçəkmişlər təqsirləndirilən şəxsləri tanımadıqlarını və onlardan heç bir şikayətləri olmadığını bildiriblər.

“Binanın üzlənməsi üçün gətirilən materialların qalıqlarından ibarət bir neçə maşınlıq zibil yığılmışdı. Həmin qalıqların altından kabel keçirdi. Yanğın da oradan başlayıb”

Sözügedən yanğına görə 3 nəfər təqsirləndirilən şəxs qismində tanınıb - binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlar CM-in 225.2-ci (ehtiyatsızlıqdanzərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham olunurlar.

Buna da bax: 'Oğlumu səhvən meyitlərin arasına qoyublar'

Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, "Astoriya" MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, TNH şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib. Məhkəmə hüquqi varis kimi onun oğlunu tanıyıb və o, atasına bəraət hökmünün çıxarılmasını istəyir.

Buna da bax: 7 milyonluq sövdələşmə - Yanan bina işi

Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG