Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:00

Yanan binada zərəçəkənlər məhkəməyə gəldilər


Arxiv fotosu: Bakıda yanan bina, 19 may 2015
Arxiv fotosu: Bakıda yanan bina, 19 may 2015

2015-ci il aprelin 10-da Bakıda Xətai rayonunda doqquzmərtəbəli binada yanğından ziyan çəkənlər dəfələrlə çağırışdan sonra məhkəməyə gəliblər. Bu yanğının səbəbləri Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Avqustun 16-da keçirilən məhkəmə iclasında ümumilikdə 18 zərərçəkmiş dindirilib. Onların bir qisminin heç bir şikayəti olmayıb. Deyiblər ki, hadisə nəticəsində onlara dəymiş ziyan aradan qaldırılıb, evləri təmir olunub, kompensasiya alıblar.

Amma şikayətçi olanlar da vardı. Məsələn, Rauf İsmayılov deyir ki, hadisədən bir il dörd ay keçməsinə baxmayaraq, onlara kompensasiya ödənilməyib. Zərərçəkmişin dediyinə görə, o, məsələ ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətinə də müraciət edib. Amma şikayətinə baxan olmayıb.

BUNA DA BAXIN: Dəhşətli yanğında pişiyin xilas etdiyi Binəqədi sakini

Başqa bir zərərçəkmiş Həsən Əsgərovun evinin içindəki əşyalarla yanaşı, mənzilin orderi də yanıb. Deyir ki, sənədin surətini almaqdan ötrü müxtəlif dövlət orqanlarına müraciət edib, amma heç bir qurum bu məsələdə ona kömək etməyib.

Zərərçəkmişlər eyni zamanda, təqsirləndirilən şəxsləri tanımadıqlarını, onlardan şikayətçi olmadıqlarını bildiriblər.

Məhkəmə prosesi avqustun 23-də davam edəcək.

Sözügedən yanğınla əlaqədar 3 nəfər təqsirləndirilən şəxs qismində tanınıb - binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlara CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham olunurlar.

BUNA DA BAXIN: Yanğınsöndürənləri brilyant oğurlamaqda suçladılar

Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, "Astoriya" MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, TNH şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib. Məhkəmə hüquqi varis kimi onun oğlunu tanıyıb və o, atasına bəraət hökmünün çıxarılmasını istəyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG