Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:56

7 milyonluq sövdələşmə - Yanan bina işi


►Binaların üzlənməsi 1 kvadratmetri 130 manatdan razılaşdırılıb. Bir sıra rayonlarda işə başlasalar da, razılaşdırılmış məbləğ ödənilmədiyindən yarımçıq dayandırılıb

Ötən il Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnən yanğından təxminən bir ay əvvəl - aprelin 10-da Xətai rayonu, Zığ yolu 16 ünvanında yaşayış binasında güclü yanğın baş vermişdi. Həmin yanğınla əlaqədar iyunun 14-də məhkəmə istintaqı başlanıb.

Bu iş üzrə məhkəmə qarşısına üç nəfər çıxarılıb - Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov.

Onlara qarşı CM-nin 225.2-ci (ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında Fərid Sadıqov binanı üzləyən "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən şəxs, Zaur Əşrəfov şirkətin direktoru, Nüsrət Muxtarov isə direktorun tikinti işləri üzrə müavini kimi təqdim olunub.

“180 MİN DOLLARA AVADANLIQ ALIB BAKIYA GƏTİRDİM”

Prokuror ittiham aktını elan edib. Üç nəfərin heç biri özünü təqsirli bilməyib. Hələlik yalnız Fərid Sadıqov ifadə verib.

O bildirib ki, "TNH" şirkətinə rəhbərlik etdiyi barədə ittiham aktında yazılanlar yalandır, bu şirkətə heç bir aidiyyəti yoxdur. Dediyinə görə, binanın üzlənməsində və digər işlərdə də heç bir rolu olmayıb. Özünün "Astoriya" MMC adlı tikinti şirkəti olub və Bakıda bina tikintisi ilə məşğul olublar.

"2013-cü ildə Çində olarkən sənaye sərgisində iştirak etdim.

Sərgidə "poliuretan" materiallar istehsal edən avadanlıqlarla maraqlandım. Bakıya qayıdandan sonra dost-tanışla həmin avadanlıqların gətirilməsi və bina üzlüklərinin istehsalı haqda müzakirələr apardım.

Bu işi görmək istəyən şirkət axtarırdım və bundan sonra "Hikmət İnşaat" tikinti şirkətilə danışıqlar apardım. Onlar "poliuretan" materiallar istehsal etmək üçün zavod tikə biləcəklərini dedilər. Mən Çindən həmin avadanlıqları 180 min dollara alıb Bakıya gətirdim", – Fərid Sadıqov bildirib.

Onun sözlərinə görə, zavoda Məmməd Vəliyev direktor təyin olunub.

O da yanğın baş verən günün ertəsi Azərbaycanı tərk edib: "Mənim onlarla bir əlaqəm yox idi. Bildiyim qədər, xammalı Türkiyədən alırdılar. "TNH" şirkətinin necə təsis olunmasından, kimin rəhbərlik etməsindən xəbərim yoxdur. Heç "Hikmət İnşaat"ın da sahibinin, rəhbərinin kim olduğunu bilmirəm".

____________________________________________________________

Bunlara da bax:
Rusiya şərti olaraq çempionatdan xaric edildi
Müraciətə baxmayanlara cərimə

____________________________________________________________

7 MİLYON YARIMDAN ÇOX VƏSAİTƏ RAZILAŞIBLAR

Fərid Sadıqovun istintaqa ifadələrində isə "TNH" şirkətinin təsis edilməsi, istehsal prosesləri, hansı rayonlarda binaları üzlədikləri, əməkdaşların müqaviləsiz işləməsi, onlara verilən qeyri-rəsmi maaşlardan bəhs olunur.

Qeyd olunub ki, "TNH" şirkəti təsis edildikdən sonra Gəncə, Sumqayıt, Nərimanov, Yevlax, Mingəçevir, Qaradağ, Neftçala rayonlarının icra hakimiyyətlərindən binaların üzlənməsi ilə bağlı sifarişlər alıblar. Binaların üzlənməsi 1 kvadratmetri 130 manatdan razılaşdırılıb.

Bu işlər müqaviləsiz, icra hakimiyyətlərilə qeyri-rəsmi razılaşmalar əsasında həyata keçirilib. Məsələn, Neftçalada görülən işə görə şirkətə 780 min manat nağd pul verilib. Bir sıra rayonlarda işə başlasalar da, razılaşdırılmış məbləğ ödənilmədiyindən yarımçıq dayandırılıb.

Fərid Sadıqovun ifadəsinə görə, şirkətin əsas və ən gəlirli işi Xətai Rayon İcra Hakimiyyətilə razılaşdırılıb. Görülən işə görə icra hakimiyyətindən 7 milyon 599 min 740 manat alınacağı haqda razılaşıblar.

“DEDİ Kİ, BURA İMZA AT”

Fərid Sadıqov bu ifadələri təsdiqləməyib: "Müstəntiq məni çağırdı, söhbət elədik, bilmirdim ki, məndən ifadə alır. Şirkət barədə bildiklərimi danışdım. Amma bilmirdim ki, bu, ifadədir. Söhbətimizin sonunda müstəntiq dedi ki, "bura imza at". Mən də imzaladım".

Təqsirləndirilən şəxs onu da əlavə edib ki, yanğından sonra binanın təmiri və sakinlərə dəymiş ziyanın ödənilməsi "Hikmət İnşaat" şirkətinin hesabına həyata keçirilib: "Dövlət bu işə pul ayırmayıb".

Qeyd edək ki, sakinlərlə yanaşı, Nizami rayon Telefon Qovşağı da zərərçəkmiş qismində tanınıb. İş materiallarına görə, yanğın nəticəsində bu quruma 20 min manat ziyan dəyib.

Məhkəmə prosesi iyunun 28-də digər təqsirləndirilən şəxslərin ifadələrilə davam edəcək.

Buna da bax: Ağacların kəsilməsinə etiraz edənlər yolu bağladı

Günün bütün mövzuları

XS
SM
MD
LG