Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:20

Yanan binaya görə DTX-ya məktub: 'Təxribat idi...'


2015-ci il mayın 19-da Binəqədidə 15 nəfərin öldüyü bina yanğını ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyevə müraciət olunub. Müraciət həmin yanğınla bağlı noyabrın 29-da keçirilən məhkəmə iclasında oxunub.

«BİNA QƏSDƏN YANDIRILIB»

Bəlli olub ki, müraciəti binanı poliuretan örtüklərlə üzləmiş «Global Construction» və həmin üzlükləri buraxmış «Global Stone» şirkətlərinin təsisçisi, bina yanğınına görə həbs olunmuş Miryusif Mahmudov edib. O, müraciətində yazıb ki, bina qəsdən yandırılıb. Məqsəd isə Avropa Oyunları öncəsi Bakıda təxribat törətmək olub.

Məhkəmədə Miryusif Mahmudovun vəkilləri deyib ki, istintaqa şahid Pərvin Kazımovun səs yazısını təqdim ediblər. O danışıqda da binanın yandırılmasının öncədən planlaşdırıldığı aydınlaşır.

Vəkillər həmin səs yazısının elan edilməsini istəyib. Prokuror deyib ki, əvvəlcə istənilən səs yazısının qanuni olub-olmadığı aydınlaşdırılmalı, bundan sonra səs yazısı elan edilməlidir.

Hakim isə məhkəmə iştirakçılarının nəzərinə çatdırıb ki, iş materiallarında adıçəkilən şahidin səs yazısı yoxdur. Bu da vəkilləri əsəbiləşdirib. Müdafiəçilər vacib sənədlərin cinayət işindən çıxarılmasından narazılıq ediblər.

Məhkəmə dekabrın 1-də davam edəcək.

XATIRLATMA

Binəqədidəki bina yanğını ilə əlaqədar məhkəmə qarşısına çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib. Təqsirləndirilən şəxslər arasında Miryusif Mahmudovla yanaşı, «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov da var. Onlardan Akif Əlibəyov və Ağacavad Məmmədovun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG