Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:04

Bina yanğınına görə MTN əməkdaşlarının dindirilməsi tələb olunur


«Xahiş edirəm, heç bir sanksiyasız, ordersiz gəlib ofisimi darmadağın edən adamlar burada dindirilsin. Gəlib cavab versinlər görək, yanğının səbəbi bəlli olmadan məni həbs etmək göstərişini onlara kim vermişdi».

Binəqədidə ötən ilin mayında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə həbs olunan Miryusif Mahmudov məhkəmədə MTN əməkdaşlarının dindirilməsini tələb edir.

M.Mahmudov yanğın baş verən binanı üzləmiş «Global Construction» və həmin üzlükləri istehsal edən «Global Stone» şirkətlərinin təsisçisidir. O bildirir ki, binada yanğın başlayandan yarım saat sonra 20-yə qədər MTN əməkdaşı onun ofisinə basqın edib, bütün sənədləri yığıb aparıblar, özünü də həbs ediblər. Hadisə günü axşam saat 17:30-a qədər MTN-də saxlanıldıqdan sonra prokurorluğa aparılıb.

ZƏRƏRÇƏKMİŞ MTN ƏMƏKDAŞI

Binəqədi yanğını üzrə noyabrın 1-də keçirilən məhkəmə iclasında bəlli olub ki, zərərçəkmişlər arasında da MTN əməkdaşı var. Zərərçəkmişlərdən Xəyyam Babayev teleqram göndərib ki, istintaqdakı ifadəsini təsdiqləyir və məhkəməyə gəlmək istəmir.

M.Mahmudov və vəkili İlhamə Həsənova məhz bu zərərçəkmişin məhkəmədə dindirilməsini istəyib. «O, MTN əməkdaşıdır, mütləq dindirilməlidir», - İlhamə Həsənova bildirib.

Məhkəmədə həmçinin, zərərçəkmiş Lalə Hüseynova da dindirilib. O, dəymiş ziyanın ödənildiyini və kimsəyə qarşı şikayətinin, tələbinin olmadığını bildirib.

Bir sıra zərərçəkmişlərin isə ölkədə olmadığı müəyyənləşdirilib.

Məhkəmə noyabrın 3-də davam edəcək.

Binəqədidəki bina yanğını ilə əlaqədar məhkəmə qarşısına çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib. Təqsirləndirilən şəxslər arasında Miryusif Mahmudovla yanaşı, «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov da var. Onlardan Akif Əlibəyov və Ağacavad Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG