Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:11

Yanan binanın sakinləri mənzillərinə geri dönür, amma....


Həsən Ələsgərov
Həsən Ələsgərov

-

«Nəvələrimdən dünən də soruşuram ki, «gedək babagilə?». Deyir, «yox, ora yanır».

Nəvənin «yanır» dediyi ev indi yanmasa da, belə bir olay burada – Xətai rayonunda bu ilin aprelində baş verdi. Yaşayış binasındakı 111 mənzildən 60-ı yandı, tamamilə yararsız hala düşdü. Həsən Ələsgərovun mənzili kimi. Dövlət hesabına təmir olunan binada artıq işlər, demək olar ki, yekunlaşıb. İki aylıq kirayədən sonra artıq sakinlər təmir olunmuş mənzillərinə köçürlər. Təmir sakinlərin əksəriyyətini qane edir, bəzi tikinti materiallarının seçimi birbaşa sakinlərin iştirakı ilə olub, mənzillərin qapısından-pəncərəsinə, tavanından-döşəməsinə hər yeri yenilənib.

«Xırda işlər qalıb, onları görüb tamamilə köçəcəyik. Təmizlənib, təmir çox yaxşıdır».

Sakinlər təmirdən narazı olmasalar da, onlara verilən kompensasiyadan şikayətçidirlər. Hər yanan mənzil sahibinə 15 min manat təzminat ödənib. Bu təzminat mənzildəki bütün yanan əşyaların əvəzi kimi verilib. Amma sakinlər bu məbləğin yetərli olmadığını düşünürlər.

«20 MİN VERSƏYDİLƏR...»

Elman Qəribov deyir ki, təzminat verilən zaman mənzillərə dəyən zərərə görə fərqin qoyulmaması yanlış addımdır. Çünki mənzil var 30-40 faizi yanıb, mənzil də var büsbütün.

«Hamıya eyni pulu vermək düzgün deyil idi. Elə ev var idi ki, 30-40 faizi yanmışdı, eləsi də var idi ki, bütünlüklə yanıb. Heç olmasa mənə 20 min versəydilər, yenə nəyəsə çatardı. Hələ biz mənəvi zərəri istəmirik ki. Heç olmasa, 5 min artıq verərdilər. Gərək indi biz lap ucuzlu şeylər alaq, onun da ömrü az olacaq».

Yanan bina təmirdən sonra.
Yanan bina təmirdən sonra.

Söhbətə həyat yoldaşı Mirvari xanım qoşulur. Deyir, mənzilləri təmin olunsa da, əvvəlkinin yerini vermir:

«Məsələn evimin döşəməsi taxta idi, indi laminatdır. Yəni təmirim bundan da yaxşı idi. İndi də təmirdən narazılığım yoxdur, amma kompensasiyadan narazıyam, heç olmasa, 5 min də artıq verərdilər də».

Narazılar təkcə yenitəmirli mənzillərə köçənlər deyillər. Qonşu mənzillərin sakinləri daha çox şikayətçidirlər. Yanğının vurduğu mənəvi zərər, üstəlik, 2 ay davam edən təmirin əziyyəti və yanğından, az da olsa, qalan xatirələr – məsələn, qapqara qaralmış qapı, pəncərə, yanıb kül olmuş kondisioner, sıradan çıxmış elektrik xətləri və s. Sakinlər deyirlər ki, bütün bu zərərlərin qarşılığı ödənməyib. Dəfələrlə icra hakimiyyətinə, digər rəsmi qurumlara müraciətə baxmayaraq, onları saya salan yoxdur.

Təmir sakinlərin əksəriyyətini qane edir.
Təmir sakinlərin əksəriyyətini qane edir.

«Bizim kompensasiyamızı vermirlər. Mənəvi əziyyət çəkmişik. İcra hakimiyyəti şikayətimizə baxmır. Biz burda çox əziyyət çəkmişik. Evlərimiz yanmasa da, o stressi biz çəkdik, təmir zamanı tozun-torpağın içində biz qaldıq, drelin səsindən oturmaq olmurdu. Amma indi bizə deyirlər, «sizin eviniz yanmayıb ki». Şikayətimizə baxan yoxdur. Harada görünüb ki, binada 60 mənzil təmir oluna-oluna qalan sakinlər yaşasın».

«BƏS MƏNƏ DƏYƏN ZƏRƏRİ KİM ÖDƏYƏCƏK?»

Kifayət Musayeva yanan pəncərələrini, evinin çatlamış divarlarını, sudan qopan divar kağızlarını göstərir.

Zülfiyyə Hüseynova deyir ki, elektrik xətləri sıradan çıxdığına görə evində bir neçə dəfə partlayış olub:

Zülfiyyə Hüseynova
Zülfiyyə Hüseynova

«Cərəyan xəttinin üstü yanıb deyə, evimdə neçə dəfə partlayış olub. Kondisionerim yanıb, fasadı təmir edəndə kəsib atıblar. Qaz balonum, pəncərələrim, qapım yanıb, heç kim heç nə eləmir. Deyirdilər, «kimin nəyi yanıbsa, ziyanı ödənəcək». Bəs mənim zərərimi kim ödəyəcək? Belə haqsızlıq olar?».

Ərazidə olan Fövqəladə Hallar Nazirliyinin iş icraçısı Cavanşir Vəliyev deyir ki, binada iş artıq yekunlaşıb. Yəni, kiməsə bundan sonra əlavə kompensasiya verilməsi nəzərdə tutulmayıb.

«4-5 gün olar ki, bütün mənzilləri təhvil vermişik. Sakinlərin 40-50 faizi artıq evlərinə köçüb. Ev əşyaları da yandığına görə, cənab prezidentin göstərişi ilə hər evə 15 min manat pul ayrılıb. O pulları da bank vasitəsilə əhaliyə vermişik. Təmir çox yüksək səviyyədə aparılıb. Biz hələ də bir həftə burdayıq ki, xırda-para işlər olsa, onu da aradan qaldıraq».

Cavanşir Vəliyev
Cavanşir Vəliyev

Cavanşir Vəliyev binanın təmirinə nə qədər vəsaitin ayrıldığını açıqlamadı. Dediyinə görə, planda yanğının müəyyən qədər iz qoyduğu binanın ümumi dəhlizlərinin təmiri də yoxdur. Baxmayaraq ki, dəhlizlərin əksəriyyəti yanğından qapqara qaralıb, elektrik xətləri üzdə qalıb və demək olar ki, bütün mərtəbələrin pəncərələri sındırılıb. Şüşəsi olmayan pəncərələr oradan hər gün dəfələrlə keçib gedən sakinlər üçün əsl həyati təhlükədir. Sakinlər bütün bu problemlərin də öz həlini tapması üçün rəsmi qurumlara müraciətləri davam edirlər, hələ ki bir nəticəsi olmasa da.

Bakının Xətai rayonundakı yaşayış binasında yanğın bu ilin aprelində olub. Binanın fasadına vurulmuş poliuretan üzlüklər alovu daha da şiddətləndirib. Bundan sonra oxşar bir yanğın Binəqədi rayonunda baş verib. Eyni üzlüklə örtülü 19-mərtəbəli binada faciə 15 nəfərin həyatına son qoyub. Hazırda həmin binada da təmir işləri gedir.

XS
SM
MD
LG