Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:46

Yanan bina işi: “Baş verənlərə görə FHN məsuliyyət daşıyır”


►2012-ci ildə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin laboratoriyası binanın üzlənməsində istifadə olunmuş materialın "çətin yanan olması" barədə rəy verib.

Həmin sənəd də istintaqa təqdim olunub

"Baş verənlərə görə Fövqəladə Hallar Nazirliyi məsuliyyət daşıyır. Faciə baş verib, insanların heysiyyəti ilə oynamaq olmaz. İstintaqın gücü çatmayıb ki, məsuliyyət daşıyan adamları, günahkarları cəlb eləsinlər. Gerçək günahkarların cəzalandırılması üçün iş istintaq orqanına qaytarılmalıdı".

Bunu ötən ilin mayında Binəqədi rayonunda yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı məhkəmə prosesində vəkil Cavid Rzazadə deyib.

“27 SANİYƏ ƏRZİNDƏ ALIŞIB”

İyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Vəkillərin hamısı istintaqın kobud qanun pozuntuları ilə aparıldığını, qərəzli olduğunu bildiriblər.

Bu vəziyyətdə işin məhkəmə baxışına verilməsini mümkünsüz sayan müdafiəçilər cinayət işinin yenidən istintaqa qaytarılması, təqsirləndirilən şəxslər barədə cinayət işinə xitam verilməsi, qanun pozuntuları ilə əldə olunmuş sübutların işdən xaric edilməsi və s. vəsatətlər qaldırıblar.

"Müəyyənləşdirilib ki, yanğın zibil yığınından başlayıb və 27 saniyə ərzində alışıb. Kənar köməkçi vasitə olmadan, bu cür sürətlə alışma mümkün deyildi", – təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib.

Müdafiəçi onu da qeyd edib ki, 2012-ci ildə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin laboratoriyası binanın üzlənməsində istifadə olunmuş materialın "çətin yanan olması" barədə rəy verib. Həmin sənəd də istintaqa təqdim olunub.

Məhkəmənin qarşısında

Məhkəmənin qarşısında

“ÖZ EVİMİ DƏ O MATERİALLA ÜZLƏMİŞƏM”

Təqsirləndirilən şəxslərdən binanı üzləmiş "Global Construction" şirkətinin təsisçisi Miryusif Mahmudov vəsatətlərə münasibət bildirərkən özünün və onunla birlikdə mühakimə olunan digər şəxslərin günahsız olduğunu bildirib:

"İnsan günahını biləndə daha rahat olur. Bir də var ki, 50 yaşa çatasan, ali təhsilli adam, heç vaxt heç adi polisə işin düşməsin, indi kimlərinsə böhtanına görə əzab çəkəsən. Günahkar mənəmsə, cavab verməyə hazıram. Yanğın vaxtı MTN 30 nəfərin iştirakı ilə ofisimdə əməliyyat keçirdi. Hadisədən 20 dəqiqə sonra MTN-də idim. Oradan prokurorluğa aparanda sevindim. Amma nə baş verdi? Mən prokurorluqda həqiqət görmədim. Təəssüf edirəm ki, bizim elə istintaqçılarımız var. Bizim Azərbaycanın bütün böyük dövlət qurumlarından sertifikatımız var. Özüm, balalarım yaşayan evi, 60 nəfərin işlədiyi ofisimizi də o materialla üzləmişəm. Biz bu qədərmi əskik adamıq ki, keyfiyyətsiz materialla iş görək? Bizə əvvəlcədən əlbir olan cinayətkar qrup ittihamı verilib. Keçən məhkəmə iclasında bu yoldaşın (Akif Əlibəyovu göstərir) əlində sənəd görüb soruşdum ki, "siz kimin vəkilisiz?" Məlum oldu ki, o da təqsirləndiriləndi və biz bir-birimizi tanımadığımız halda, əvvəlcədən əlbir olmaqda ittiham edilirik".

____________________________________________________________

Bunlara da bax:
Xədicə İsmayıl: «Bu, sizin də başınıza gələ bilər»
Təcili Tibbi Yardımda - [karikatura]

____________________________________________________________

Məhkəmənin hazırlıq iclası iyunun 29-da davam edəcək.

Bu cinayət işi üzrə məhkəmə qarşısına 8 nəfər çıxarılıb –Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyov. Uğur Bəşirov "Global Stone" MMC-nin baş direktoru, Ələkbər Əsgərov "Global Construction" MMC-nin sədr müavini kimi təqdim olunub. Digər təqsirləndirilən Ədalət Rəcəbov 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləyib. Nizami Orucov 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olub. Qəzənfər Novruzov isə 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Ağacavad Məmmədov "Dərnəgül Boru" zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri, Akif Əlibəyov isə Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru olub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 28 iyun

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 28 iyun

Azərbaycanlıları İŞİD-ə aparan səbəblər

Günün bütün mövzuları

XS
SM
MD
LG