Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:43

'İkinci mərtəbədə pəncərəni sındırıb uşağı aşağı atdıq'


►“Yanğını söndürərkən vurulan su da evimi pis vəziyyətə qoyub. Bütün mebellərim xarab oldu, evin döşəməsi yararsız vəziyyətdədir.

Gəlib baxdılar, şəkilləri çəkib getdilər. Bizə dəyən ziyanı 6 min hesablayıblar, amma bir qəpik də kompensasiya verməyiblər"

Ötən ilin aprelində Xətai rayonu, Zığ yolu 16 ünvanında 9 mərtəbəli binada baş vermiş yanğından ziyan çəkmiş sakinlər onlara kompensasiya verilməməsindən narazıdılar. Onlar bunu iyulun 5-də məhkəmədə ifadə verərkən deyiblər.

Bu iş üzrə məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində üç nəfər çıxarılıb – binanı üzləyən "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlar CM-nin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunur.

____________________________________________________________

Bunlara da bax:
Ali Məhkəmə 'Eurovision məhbusu'nun qərarını vermir
Manat bir az da ucuzlaşdı

____________________________________________________________

“BİR QƏPİK DƏ KOMPENSASİYA VERMƏYİBLƏR”

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə zərərçəkmişlərin dindirilməsi mərhələsidir. Binanın sakinlərindən Nüşabə Hüseynova ifadəsində deyib ki, təqsirləndirilən şəxslərdən şikayətçi deyil. Yeganə tələbi dəymiş ziyanın ödənilməsidir:

"Doğrusu, mənim mənzilim yanmayıb, amma tüstüdən qaralıb. Yanğını söndürərkən vurulan su da evimi pis vəziyyətə qoyub. Bütün mebellərim xarab oldu, evin döşəməsi yararsız vəziyyətdədir. Gəlib baxdılar, şəkilləri çəkib getdilər. Bizə dəyən ziyanı 6 min hesablayıblar, amma bir qəpik də kompensasiya verməyiblər".

Zərərçəkmiş hadisənin necə baş verdiyini də danışıb. Dördüncü mərtəbədə yaşayan Nüşabə Hüseynovanın dediyinə görə, ikinci mərtəbəyə çatanda artıq tüstüdən hərəkət eləmək olmurdu:

"İkinci mərtəbədə pəncərəni sındırdıq, uşağı aşağı atıb qışqırdıq ki, “tutun”. Sağ olsunlar, aşağıdakı polislər çox kömək elədilər bizə".

Məhkəmədə dindirilən digər zərərçəkmiş Aydın Məmmədovun da mənzili tüstüdən qaralıb, kondisioneri yanıb. O da kompensasiya almadığını deyir. Zərərçəkmişin sözlərinə görə, hadisədən az əvvəl evini təmir elətdirmişdi:

"Ancaq yararsız vəziyyətə düşdü. Sonra bankdan kredit götürüb yenidən təmir elətdirdim. Bir sıra başqa qonşuları iki aylıq kirayə köçürtdülər, amma bizimlə heç kim maraqlanmadı. Mən dəymiş ziyanın ödənilməsini istəyirəm. Tutulanların da heç birini tanımıram. Allah qapılarını açsın!"

ŞİRKƏTİN RƏHBƏRİ AZƏRBAYCANDAN ÇIXIB

Təqsirləndirilən şəxslərdən Fərid Sadıqovun vəkili hüquqlarını müdafiə etdiyi şəxsin istintaqdakı ifadədən imtina etməsi barədə vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, Fərid Sadıqov ifadəni oxumadan onu imzalayıb, sonradan məlum olub ki, müstəntiq onunla şirkət barədə söhbətini ifadə kimi protokola yazıb.

Fərid Sadıqov özü də ifadə verərkən demişdi ki, iş materiallarında "TNH" şirkətinin faktiki rəhbəri kimi təqdim olunsa da, belə deyil, özünün "Astoriya" MMC adlı tikinti şirkəti var və Bakıda bina tikintisilə məşğul olur. Onun dediyinə görə, "TNH" şirkətinin rəhbəri olan Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti baxılmamış saxlayıb.

Məhkəmə prosesi iyulun 12-də digər zərərçəkmişlərin dindirilməsilə davam edəcək.

Buna da bax: Obama prezidentlikdən sonra kirayədə qalacaq

Buna da bax: 7-ci aeroport tikiləcək. "Mənimsəmə yeridir"

Günün bütün mövzuları

XS
SM
MD
LG