Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:45

Yanan bina işi: 'Tüstüdən boğulmurdusa, özünü niyə atırdı?'


Yanan bina
Yanan bina

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ötən ilin mayında Binəqədidə yerləşən binada - 15 nəfərin ölümünə yol açan yanğınla bağlı məktubu üzə çıxıb. Məktub Baş prokurorun birinci müavini Rüstəm Usubova göndərilib.

Hacıbala Abutalıbov Usubova məktubunda yazıb ki...

Noyabrın 24-də keçirilən məhkəmə iclasında həmin yanğına dair sənədlər araşdırılarkən, Abutalıbovun məktubda nə yazdığı da açıqlanıb. Məktubda Bakı Şəhər İcra Hakimiyyəti və onun qurumlarının yanan binanın üzlənməsi ilə əlaqədar hər hansı şirkətlə müqavilə bağlamadığı bildirilir.

Buna da bax:​ Yanan bina işi: 'Deyirlər, Miryusif müəllimi vurmaq üçün ediblər'

Binaya vurulan poliuretan üzlükləri buraxmış "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirovun vəkili Cavid Rzazadə məktubda yazılanların həqiqətə uyğun olmadığını iddia edib. O deyib ki, binanın üzlənməsi barədə sifarişçi Binəqədi Rayon İcra Hakimiyyəti ilə şirkət arasında bağlanmış müqavilə prokurorluğa təqdim olunub.

Yanğında dünyasını dəyişmiş şəxslərin meyitlərinin müayinəsi barədə ekspert rəyləri də proses iştirakçılarını hiddətləndirib.

Buna da bax: 'O üzlüklərə saxta rəy verilməsəydi, bu qədər adam da ölməzdi'

“Axı Miryusif sizə neyləyib?”

Təqsirləndirilən şəxslərdən binanı üzləmiş "Global Construction" və üzlükləri buraxan "Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudovun vəkilləri deyir ki, meyitlərin müayinəsinə dair rəydə sənədin hadisə günü - mayın 19-da saat 15.00-dan 17.00-dək hazırlandığı qeyd olunub. Amma elə həmin sənəddəcə 27 may tarixli başqa bir ekspertiza qərarına istinad olunub. Vəkillərin sözlərinə görə, həmin ekspertizanın keçirilmə qərarı ötən il mayın 27-də verilsə də, rəy bu ilin martında hazır olub.

"Meyitin müayinəsi barədə rəylərdə 8 gün sonra veriləcək qərara istinad olunması hər şeyin əvvəlcədən düzülüb-qoşulduğunu göstərir. Əks halda, mayın 19-da verilmiş arayışda mayın 27-nin qərarı otura bilməzdi", - vəkil İlhamə Həsənova belə deyib.

Buna da bax:​ Yanan binada üzlənmə işini imzalayan var, sifariş verən yox?

Dövlət ittihamçısı Fərid Nağıyev cavabında bildirib ki, mübahisə predmeti olan həmin rəy yalnız meyitin yarılması ilə bağlıdır və müdafiəçilər texniki məsələləri qarışdırırlar.

Miryusif Mahmudov da bunu qurama işin sübutu sayıb: "Mən ömür boyu yaxşı işlərlə məşğul olmuşam. İndi isə adım dönüb olub "Timur və onun komandası". Axı Miryusif sizə neyləyib? Heç nə. Ancaq biznes məsələsi...".

"O adamı yanan binadan atıblar"

Hadisədə dünyasını dəyişənlərin çoxu tüstüdən boğulsa da, bir nəfər - Yaşar Nəcəfzadə 15-ci mərtəbədən düşərək ölüb. Onun ölüsünün müayinəsi haqda rəy elan olunarkən vəkil Cavid Rzazadə Yaşar Nəcəfzadənin özünü atdığına şübhə ilə yanaşıb: "Rəydən görünür ki, Yaşar Nəcəfzadənin bədənində zəhərlənmə aşkarlanmayıb. Bu o deməkdir ki, o, tüstüdən boğulmayıb. Tüstüdən boğulmurdusa, özünü niyə atırdı? Bu da onu deməyə əsas verir ki, onu atıblar".

Buna da bax:​ Binəqədi yanğın işi: 'MTN əməkdaşlarına 50 min verildi'

Prokuror vəkilin dediklərinə etiraz edib: "Bəlkə elə tüstüdən boğulmamaq üçün özünü atıb...".

Məhkəmə noyabrın 29-da davam edəcək.

Xatırlatma...

Binəqədidəki bina yanğını ilə əlaqədar məhkəmə qarşısına çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib. Təqsirləndirilən şəxslər arasında Miryusif Mahmudovla yanaşı, "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov da var. Onlardan Akif Əlibəyov və Ağacavad Məmmədovun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Buna da bax:

Azadliq prospektində yanan binanın söndürülmə anı
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG