Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

Ötən il mayın 19-da Binəqədidə 15 nəfərin ölümü ilə bitən bina yanğını ilə bağlı məhkəmə istintaqı yekunlaşmaqdadır. Bu işdə 20-dən artıq zərərçəkmiş və şahid dindirilib. İndi sənədlərin araşdırılma mərhələsidir.

İstintaq belə nəticəyə gəlib ki, faciəli yanğının əsas səbəbi binaya vurulmuş poliuretan üzlüklərin oda davamsızlığıdır. Bu üzdən, binanı üzləmiş "Global Construction" və üzlükləri buraxmış "Global Stone" şirkətlərinin həmtəsisçisi Miryusif Mahmudov və daha yeddi nəfər cinayət məsuliyyətinə cəlb olunublar. Saxlanılanlar arasında həmin ərazinin aid olduğu 72 saylı Mənzil-İstismar Sahəsinin (MİS-in) rəisi olmuş Nizami Quliyev də var.

Buna da bax:​ Binəqədi yanğın işi: 'MTN əməkdaşlarına 50 min verildi'

Nə Miryusif Mahmudov, nə vaxtilə onun şirkətlərində işləyən və hazırda təqsirləndirilənlər arasında olan Uğur Bəşirov, Əsgər Ələkbərov, üzlüklərə müsbət rəy verməkdə suçlanan BDU-nun müəllimi, "Dərnəgül-Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov, nə də başqaları üzlüklərin keyfiyyətsizliyi barədə deyilənlərlə razılaşırlar. Miryusif Mahmudov Avropa Oyunları ərəfəsində binanın qəsdən yandırıldığını iddia edir və buna görə, dolayısıyla, keçmiş MTN-i suçlayır.

"Bu adam günahı olmadan 1 il 6 aydır ki, həbsdə yatır"

Noyabrın 23-də keçirilən məhkəmədə Miryusif Mahmudov bir daha bu məsələyə toxunaraq deyib ki, sanki onu həbs etməyi qarşıya məqsəd qoymuşdular: "Bilmirəm niyə? Məgər mən xalq düşməniyəm? Doğrusu, məni həbs edəcəklərinə heç vaxt inanmazdım".

Buna da bax:​ MTN əməkdaşı 15 nəfərin öldüyü yanğının necə baş verdiyini danışdı

Həbs olunarkən hüquqlarının pozulduğunu, vəkillə təmin olunmadığını, ona ifadə alınması barədə heç bir xəbərdarlıq edilmədiyini deyən Miryusif Mahmudovun vəkilləri binanın üzlənməsinə sifariş verənlərdən danışıblar. Həm Mahmudovun, həm də digər təqsirləndirilən şəxslərin müdafiəçiləri deyib ki, üzlənmə barədə şirkətlə bağlanmış müqaviləyə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri imza atsalar da, onları dindirən, məsuliyyətə cəlb eləyən yoxdur.

"Müdafiə etdiyim şəxs günahsızdır. Binanın üzlənməsinə razılığı Binəqədi Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri - Telman Tanrıverdiyev və Qüdrət Verdixanov razılıq veriblər. Təhvil-təslim sənədlərində də onların imzası var. Ədalət Rəcəbovun bu sənədlərdə imzası yoxdur. Bu adam günahı olmadan 1 il 6 aydır ki, həbsdə yatır", - Ədalət Rəcəbovun vəkili Xanlar Bayramzadənin sözləridir.

Buna da bax:​ Yanan bina işi: 'Deyirlər, Miryusif müəllimi vurmaq üçün ediblər'

Miryusif Mahmudovun vəkilləri isə İcra Hakimiyyətinin bina üzləndikdən sonra onu təhvil alıb, müvafiq sənədlərə imza atmış mühəndisləri Rüfət Hüseynov və Telman Tanrıverdiyevin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıblar.

Prokurorluğun idarə rəisi məhkəməyə çağrıldı

Onların daha bir vəsatəti Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun məhkəmədə dindirilməsi barədə olub. Müdafiəçilər iş üçün ayrıca önəm daşıyan videogörüntülərin yoxa çıxdığını deyirlər.

"Yanğın zamanı hadisə yerinə Eldar Əhmədov da gəlib, baxış keçirilib. Baxış protokolunu isə müstəntiq Mehdi Mirzəyev tərtib edib. Qanunun tələbinə görə, baxış protokolunu baxışı keçirən müstəntiq tərtib etməli idi. Bunun özü kobud qanun pozuntusudur. Belə tərtib edilən sənəd sübut növü kimi qəbul edilə bilməz. Eldar Əhmədov 12:05-dən 21:15-dək baxış yerində olub. O, eyni zamanda Miryusif Mahmudovun tutulması qərarını da qəbul edib. Bir adam eyni vaxtda həm Binəqədidə, həm də prokurorluqda necə ola bilərdi? Üstəlik, baxış protokollarında qeyd olunan kamera çəkilişləri cinayət işinin içində yoxdur. Halbuki bu, baxış protokolunun ayrılmaz hissəsidir. Bəlkə həmin görüntülərə hadisəni törədən şübhəli şəxs düşüb. Biz həmin çəkilişin məhkəmədə tədqiq olunmasını istəyirik", - vəkil İlhamə Həsənova belə deyib.

Buna da bax: Yanan bina işi: ‘Hələ də üzlüyün necə yanması mənə aydın deyil’

Məhkəmədə təqsirləndirilən şəxslər istintaq zamanı onlardan Miryusif Mahmudovun əleyhinə ifadə almaq cəhdlərindən danışıblar.

Məhkəmə noyabrın 24-də davam edəcək.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG