Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:26

-

«Qışın şaxtasında, yayın cırhacırında bu vaqonda yaşayırıq. Bir az şaxta olanda kürkümüzə bürünüb yatırıq. 3 uşaq, bir də özüm…Hamının yadından çıxmışıq».

«GETMƏYƏ YERİMİZ OLMADI»

Mənzər Əbilova AzadlıqRadiosuna danışır ki, 19 ildir 3 ailə üzvü ilə birlikdə Xırdalanda sahəsi 4 kvadratmetr olan vaqon evdə yaşayır. Xüsusilə də son vaxtlar bu şəraitdə yaşamağın dözülməz olması onu «dilə gətirib»:

«Cəbrayıl köçkünüyük. Əvvəllər Gigiyena və Epidemiologiya Mərkəzinin Abşeron rayon Şöbəsinin bir otağında qalırdıq. Sonra dedilər, bina qəzalıdır, uça bilər, bizi oradan çıxartdılar, getməyə yerimiz olmadı».

Çıxılmaz durumda qalan və dövlət dəstəyi görməyən Mənzər Əbilova tanıdığı insanlara ağız açıb. Həmin tanışların gücü küçədə qalan ailəni bir vaqon evə yığmağa çatıb.

«Balaca vaqon otaqdır, dörd daşın üstündə dayanır, içərisində ehtiyatla oturub dururuq ki, aşmasın. Pəncərəsini sellofanla bağlayırıq ki, evə soyuq dolmasın. Tez-tez uşaqların ayaqları tutulur. Qazımız, suyumuz, işığımız yoxdur. Taxta gətirib içəridə ocaq qalayırıq. Suyu oradan-burdan daşıyırıq. «Nöyüt» lampası yandırırıq. Bir sözlə, dözülməz vəziyyətdəyik».

«UŞAĞIN BİRİNİ ÇİMDİRƏNDƏ...»

Elə vaqonda çimirlər, mətbəx kimi istifadə edirlər, orada da yatıb dururlar:

«4 kvadratmetrlik yerdə uşağın birini çimdirəndə o biri gözləyir ki, vanna ortadan yığışsın, dərslərini hazırlasın. Uşaqlar böyüyür, bir azdan eyni yerdə necə çiməcəklər, yatıb-duracaqlar, bilmirəm».

Xırdalan şəhər icra nümayəndəliyindən «Qaynar xətt»ə bildiriblər ki, Mənzər Əbilovanın mənzillə təmin olunması ilə Qaçqın və köçkünlərlə İş üzrə Dövlət Komitəsi məşğul olmalıdır.

Komitədən isə bildirilib ki, onların sifarişi ilə inşa olunan binalara inzibati binalarda məskunlaşan köçkünlər köçürülür.

«VAQON EV ƏMLAK HESAB OLUNMUR»

Hüquqşünas Namizəd Səfərov deyir, əgər köçkün vaqon şəraitində və ağır durumda yaşayırsa, bu, istisna hal hesab olunur. Vaqon-ev əmlak hesab olunmur və əsasən inzibati binaların mühafizəçiləri üçün nəzərdə tutulan vasitədir:

«Ona görə də Mənzər Əbilovanın ailəsi küçədə yaşayan ailə hesab olunur. Belə köçkün ailələrin heç inzibati binada da məskunlaşmaq imkanı yoxdursa, onlar da dərhal köçürülməlidirlər».

Namizəd Səfərovun sözlərinə görə, Mənzər Əbilova məhkəməyə müraciət edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG