Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 02:20

Xətai yanğını: Zərərçəkmişlər məhkəməyə niyə gəlmir?


►Zərərçəkmiş: "Evimə ekspertlər də baxış keçirib, ziyanı 6-8 min manat arası hesablasalar da, kompensasiya ödənilmədi”

"Xətai rayon İcra Hakimiyyətində, Baş nazirin müavini Abid Şərifovun qəbulunda olmuşuq. Amma şikayətimizə bu günə qədər baxılmayıb, problemimiz həll olunmur".

Bunu ötən ilin aprelində Xətai rayonu, Zığ yolu 16 ünvanındakı 9 mərtəbəli yaşayış binasında baş vermiş yanğından ziyan çəkmiş Rübabə Əhmədova iyulun 12-də məhkəmədə ifadəsində deyib.

Sözügedən yanğınla əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam edir və hazırda zərərçəkmişlərin dindirilməsi mərhələsidir. Zərərçəkmişlərin bir çoxu isə məhkəməyə gəlmirlər. Məhkəmə prosesinə sədrlik edən hakim deyir ki, dindirilməyə 15 zərərçəkmiş çağırılıb, onlardan yalnız ikisi gəlib.

"Biz, hətta onlar üçün avtobus da təşkil edib, prosesə gəlmələrinə şərait yaradacağımıza söz vermişik. Ancaq gəlmirlər", - deyə hakim bildirib.

Məhkəmədə dindirilən iki zərərçəkmiş isə hadisədən 1 il 3 ay keçməsinə baxmayaraq, onlara hələ də kompensasiya ödənilməməsindən narazılıq edib.

ZİYAN 6-8 MİN MANAT HESABLANIB

Zərərçəkmiş Sevda Mikiyeva bildirib ki, yanğın nəticəsində onun mənzilinə yox, həyətdə olan maşınına ziyan dəyib. Bu iş üzrə təqsirləndirilən qismində məhkəmə qarşısına çıxarılan üç nəfərin - Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun heç birini tanımadığını deyən Sevda Mikiyeva yalnız kompensasiyanın ödənilməməsindən narazılığını bildirib.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Bakıdakı orta məktəblərdən birində direktor müavini olan digər zərərçəkmiş Rübabə Əhmədova da kompensasiyadan narazılıq edib. Evinin yanmadığını, lakin tüstüdən və yanğın söndürülərkən vurulan sudan bərbad hala düşdüyünü deyən R.Əhmədovanın sözlərinə görə, ona dəymiş zərər 6-8 min manat hesablanıb, amma bu günə qədər bir qəpik də almayıb:

"Mətbəx mebelim, soyuducum, evin döşəməsi, divar kağızları – hamısı yararsız vəziyyətə düşüb. Evimə ekspertlər də baxış keçirib, ziyanı 6-8 min manat arası hesablasalar da, kompensasiya ödənilmədi. Ümumiyyətlə, binanın arxa tərəfində olan mənzillərə yanğınsöndürənlərin vurduğu sudan və tüstüdən ziyan dəyib. Bildiyim qədər, bu cür zərərçəkmişlərdən cəmi iki ev sahibinə kompensasiya verilib. Xətai rayon İcra Hakimiyyətində, Baş nazirin müavini Abid Şərifovun qəbulunda olmuşuq. Amma bu günə qədər şikayətimizə baxılmayıb, problemimiz həll olunmayıb". (ardı aşağıda)

Yanğın binanı bu hala saldı

CİNAYƏT İŞİ MATERİALLARINDA 1300 MANAT

R.Əhmədova mənzilinə dəymiş ziyanın 6-8 min hesablandığını desə də, hakim onun nəzərinə çatdırıb ki, cinayət işinin materiallarında bu məbləğ 1300 manat göstərilib. Zərərçəkmiş isə bu rəqəmdən xəbərsiz olduğunu bildirib.

Hakim bildirib ki, növbəti məhkəmə iclasına da zərərçəkmişlər gəlməsə, onların məcburi gətirilməsi barədə qərar qəbul olunacaq. Növbəti məhkəmə iclası isə iyulun 19-na təyin olunub.

Qeyd edək ki, məhkəmə qarşısına çıxarılan şəxslərdən Fərid Sadıqov binanı üzləyən "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən şəxs, Zaur Əşrəfov şirkətin direktoru və Nüsrət Muxtarov isə direktorun tikinti işləri üzrə müavini kimi təqdim olunub. Onlara qarşı CM-nin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.

Lakin Fərid Sadıqov ifadəsində bildirib ki, iş materiallarında "TNH" şirkətinin faktiki rəhbəri kimi təqdim olunsa da, belə deyil, özünün "Astoriya" MMC adlı tikinti şirkəti var və Bakıda bina tikintisilə məşğul olur. Onun dediyinə görə, "TNH" şirkətinin rəhbəri olan Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG